Məhkəmə qərarları › İş №2-1(116)-1287/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1287/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1287/2022 25.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, üçüncü şəxslər X1 və X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin üzərinə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən üçüncü şəxslər X5 və X4 qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən üçüncü şəxslər X12, X5 və X4 qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması bərədə qərar çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, X7 adını iddia ərizəsindən çıxarmaqla iddia tələbini dəqiqləşdirmiş, X5 və X4 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması bərədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1287/2022 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1287/2022 nömrəli qərardadı ilə X5 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus yaşayış sahəsindən, həmin fərdi yaşayış evindən istifadə hüququ olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Məhkəmə iclasında üçüncü şəxslər izahatlarında bildirdilər ki, iddiaçının həmin yaşayış sahəsində onların yaşamasına imkan vermədiyi, o cümlədən qapı-pəncərəni sökdüyü üçün hazırda faktiki olaraq həmin yaşayış sahəsində yaşaya bilmirlər. Buna baxmayaraq məhkəmə qətnaməsi əsasında həmin fərdi yaşayış evində yaşamaq hüquqları müəyyən edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina etmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. - Göyçay Rayon Məhkəmənin xx.xx.2016-cı il tarixli 2(046)-2163/2016 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X6 və X4 cavabdeh X7 xüsusi mülkiyyətində olan və ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddiaçılar X2 və X4 cavabdeh X7 xüsusi mülkiyyətində olan və ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə maneəsiz daxil olmaları və orada yaşamalarının təmin edilməsi qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(107)- 674/2017 nömrəli qətnaməsindən görünür ki, Göyçay Rayon Məhkəmənin xx.xx.2016-cı il tarixli 2(046)-2163/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(107)- 2112/2018 nömrəli qətnaməsindən görünür ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-1104/2018 nömrəli qətnaməsi ilə iddiaçı X8 cavabdeh X3 qarşı 3600 manat kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbi təmin edilməmiş, qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Göyçay rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Cavabdeh xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxslər şəxsiyyət vəsiqəsi aldığı vaxtdan 5 il keçdiyi üçün qeydiyyata alınmalarına əsas olan sənədlər məhv edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür... Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda istinad olunan qərarında yaşayış sahəsində faktiki yaşama və ya istifadə hüququ olmanı zəruri şərtlər olaraq müəyyən etmişdir ki, hazırkı tələbə münasibətdə üçüncü şəxslərin yaşayış sahəsində istifadə hüquqlarının mövcudluğu ilə bağlı şərt yerinə yetirilir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxslərin sözügedən fərdi yaşayış evinə köçürülmələri, maneəsiz daxil olmaları və orada yaşamalarının təmin edilməsi yuxarıda istinad olunan Göyçay Rayon Məhkəmənin xx.xx.2016-cı il tarixli 2(046)- 2163/2016 nömrəli və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(107)-674/2017 nömrəli qətnamələri ilə müəyyən edilmişdir. Həmçinin iddiaçı X8 cavabdeh X3 qarşı 3600 manat kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbi Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-1104/2018 nömrəli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(107)-2112/2018 nömrəli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi üçüncü şəxslərin ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində əmlak hüquqları mövcuddur. Həmin fərdi yaşayış evinin özgəninləşdirilərək hazırda iddiaçının xüsusi mülkiyyətinə keçməsi üçüncü şəxslərin əmlak hüquqlarının xitamına səbəb olmur. Belə ki, Mülki Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qanunvericiliyin tələbinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X5 və X4 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar