Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-129/2023 12.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “2-ci dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icasında iddiaçı, yenidən tələbini dəqiqləşdirərək, “2-ci dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı 2010-cu il tarixdən şəkərli diabet xəstəsidir. Xəstəliyin ilk günündən insulin müalicəsindədir. Dəfələrlə ambulator və stasionar müalicələr qəbul etmişdir. AK.Mirqasımov adına RKX-da Şəkərli Diabet tip 1 diaqnozu ilə müalicələr almışdır. Axırıncı müalicəsi xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Respublika Endokrinoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli ambulator kitabçasının çıxarışından görünür ki, xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilmişdir. İddiaçıya əsas diaqnoz olaraq "insulindən asılı şəkərli diabet" diaqnozu qoyulmuşdur. 1-ci tip şəkər xəstəsi olduğu üçün 2010-cu il tarixdən 2021-ci ilin may ayına kimi pensiya almışdır. Təkrar komissiya müddəti vaxtı çatanda pensiyası kəsilmiş, hal-hazırki vaxta qədər bərpa olunmamışdır. xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial ekspert Komissiyasının müayinəyə dair məlumatlarına əsasən Əlavə müalicəyə ehtiyacının olması, müalicə müddəti yetərli deyil, İxtisaslaşdırılmış müalicə məsləhət görülür cavabı verilmişdir. Tibbi-Sosial ekspert Komissiyası tərəfindən verilmiş imtinanı əsassız hesab edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E13 - Şəkərli diabetin digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Şəkərli diabet ağır forma İ tip; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E13 - Şəkərli diabetin digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Şəkərli diabet ağır forma İ tip ağır forma diabet polineyropatiyası .diabet nefropatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet.Çoxsaylı ağırlaşmalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə.” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Elektron təyinatla xx.xx.2016-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 1 ağır forma insulin tələbli Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə); Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Respublika Endokrinologiya Mərkəzində müayinə və müalicə olunması məsləhətdir." səbəbi ilə imtina edilmişdir. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Əsas diaqnoz E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Çoxsaylı ağırlaşmalarla şəkərli diabet tip 1 ağır forma insulin tələbli Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, . Ağırlaşma G63.2* Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi ilə), . Ağırlaşma İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, . Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10- E14 ümumi dördüncü .3 işarəsi ilə); Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstə ixtisaslaşmış xəstəxanada müayinə və müalicə olunaraq, əsas dioqnoz, hədəf orqanlarının zədələnmələri instrumental müayinələr, ixtisas həkimlərinin rəyi ilə təsdiq edilsin." səbəbi ilə imtina edilmişdir. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 1 ağır forma çoxsaylı ağırlaşmalarla Ağırlaşma G94.8* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı baş beynin başqa dəqiqləşdirilmiş zədələnmələri, . Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, . Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10- E14 ümumi dördüncü .3 işarəsi ilə),. Ağırlaşma İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, . Ağırlaşma G63.2* Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi ilə); Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicə məsləhət görülür” səbəbi ilə imtina edilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli sonuncu göndərişi əsasında qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicə məsləhət görülür” səbəbi ilə əliliyin təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxanda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi QaydasTna əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “Zaqatala rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixli 804 nömrəli məktubundan görünür ki, Zaqatala rayon Əliabad qəsəbə sakini xx.xx.1990-cı il təvəllüdlü İddiaçı xx.xx.2010-cu il tarixindən Zaqatala RMX PHŞ-nin endokrinoloji kabinetində dispanser qeydiyyatındadır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zaqatala RMX PHŞ-də stasionar müalicədə olmuşdur. Həmin məktuba əlavə olunmuş Tibbi Sosial Ekspert Komissiyasının cavabından görünür ki, Tibbi Sosial Ekspert Komissiyasının 0256003AAP5J nömrəli göndəriş üzrə iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, Diaqnoz: Əlavə müalicəyə ehtiyacın olması. Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicə məsləhət görülür səbəbindən imtina olunmuşdur. - Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1247/2022 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2023-cü il tarixli 655 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin qiymətləndirilməsi üçün adına “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X3 tərtib edilmiş xx.xx.2022-ci il tarixli göndərişdə qeyd edilmiş “E10.7-insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip İ ağır forma çoxsaylı ağırlaşmalarla; Ağırlaşma: G94.8*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı baş beynin başqa dəqiqləşdirilmiş zədələnmələr; Ağırlaşma: N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, Ağırlaşma: H36.0*-diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə). Ağırlaşma: İ79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Ağırlaşma: G63.2-diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü 4 işarəsi ilə)” diaqnoz onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir. Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nm 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respubli- kaşında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 1 ağır forma çoxsaylı ağırlaşmalarla Ağırlaşma G94.8* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı baş beynin başqa dəqiqləşdirilmiş zədələnmələri, Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), Ağırlaşma İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-E14 ümumi dördüncü 4 işarəsi ilə) İmtina səbəbi: Əlavə müalicəyə ehtiyacın olması. Səbəb: Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicə məsləhət görülür. - “Zaqatala rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-ci il tarixli PHŞ-6-78/2- 497/2023 nömrəli məktubundan görünür ki, İddiaçı əlavə müayinə və müalicələrin aparılacağı təqdirdə, ağırlaşmaların aradan qalxması mümkün deyil, iddiaçıya qoyulmuş diaqnoz imtina cavabı verilərkən qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş "əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" əsasnamədə 2.2.7 xəstəliyinə müvafiq olaraq öz əksini tapmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən “müalicə müddətinin yetərli olmaması, ixtisaslaşdırılmış müalicənin məsləhət görülməsi” səbəbi ilə imtina etmiş, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”nə həvalə edilmişdir. Ekspert tərəfindən məhkəməyə təqdim edilmiş rəydə qeyd edilmişdir ki, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X3 tərtib edilmiş xx.xx.2022-ci il tarixli göndərişdə qeyd edilmiş “E10.7-insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip İ ağır forma çoxsaylı ağırlaşmalarla; Ağırlaşma: G94.8*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı baş beynin başqa dəqiqləşdirilmiş zədələnmələr; Ağırlaşma: N08.3*şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, Ağırlaşma: H36.0*-diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə). Ağırlaşma: İ79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Ağırlaşma: G63.2diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü 4 işarəsi ilə)” diaqnoz onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində Əlilliyin müəyyən olunması meyarları öz əksini tapmışdır. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ... 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); Göründüyü kimi iddiaçıya qoyulmuş “E10.7-insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip İ ağır forma çoxsaylı ağırlaşmalarla; Ağırlaşma: G94.8*digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı baş beynin başqa dəqiqləşdirilmiş zədələnmələr; Ağırlaşma: N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10- E14, Ağırlaşma: H36.0*-diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə). Ağırlaşma: İ79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Ağırlaşma: G63.2-diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü 4 işarəsi ilə)” diaqnozu istinad olunan Əsasnamədə 2-ci dərəcə əlilliyin müəyyən olunduğu xəstəliklərin siyahısındadır. “Müalicə müddətinin yetərli olmaması, ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsinin zəruri olması və tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət edilməli olması” ilə bağlı cavabdeh orqanın imtina dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqan müalicə müddətinin yetərli olmadığını qeyd etsə də, tələb olunan müalicə müddəti ilə bağlı hər hansı əsaslanma təqdim etməmişdir. Eyni zamanda cavabdehin əlavə müalicənin zəruri olması ilə bağlı imtina dəlili “Zaqatala rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-ci il tarixli PHŞ-6-78/2- 497/2023 nömrəli məktubu ilə təkzib olunur. Belə ki, iddiaçıya müvafiq diaqnozu qoyan səhiyyə müəssisəsi əlavə müayinə və müalicələrin aparılacağı təqdirdə, ağırlaşmaların aradan qalxmasının mümkün olmayacağını bildirir. Belə olan halda aradan qaldırılması mümkün olmayan diaqnozla bağlı ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirilməsi və tam reabilitasiya olmanın mümkünlüyünü qeyd edərək müraciətin təmin edilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmamışdır. Nəzərə alınmalıdır ki, cavabdeh orqan özü də iddiaçıya qoyulmuş diaqnozu mübahisələndirmir. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-129/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-129/2023
12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver