Məhkəmə qərarları › İş №2-1(116)-1293/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1293/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1293/2025 06.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3- 42/2-KOL-002/2024 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Qəbələ rayonu Həzrə kəndində yerləşən 0.52 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-KOL-002/2024 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki rayonu Aydınbulaq kəndində yerləşən 0.52 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə göndərərək iddia tələbində yol verilən texniki səhvin aradan qaldırılmasını və Şəki rayonu Aydınbulaq kəndində ifadəsinin Qəbələ rayonu Həzrə kəndi ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı qeyd etmişdir ki, Azərbaycan Respublikasında torpaq islahatı gedərkən iddiaçı Qəbələ rayonu, Həzrə kəndində yaşamağına baxmayaraq texniki səhv olaraq onun adı torpaq payı almaq hüququ olan subyektlər siyahısına salınmamışdır. Buna görə də o, Qəbələ rayonu Həzrə bələdiyyəsinə müraciət edərək torpaq islahatı zamanı texniki səhv olaraq torpaq payı almaq hüququ olan subyektlər siyahısına salınmadığından ona verilməyən torpaq payının verilməsini xahiş etmişdir. Qəbələ rayonu Həzrə Bələdiyyəsinin 21 may 2006-cı il tarixli 05 saylı iclas protokolu ilə ona ayrılmamış torpaq payının verilməsinə Qəbələ rayonu Həzrə bələdiyyəsinin etirazının olmaması qərara alınmışdır. Bundan sonra ləğv edilmiş DTXK-nin Qəbələ rayon şöbəsi tərəfindən həmin 0,52 ha torpaq sahəsinin yerquruluşu planı tərtib edilərək torpaq sahəsi ona təhvil verilmişdir. Həmin vaxtdan bu vaxta kimi həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı həmin 0 52 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibatı orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdehin iddia tələbinə etirazını iddiaçının hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməməsi ilə əsaslandırılmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmədə iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;

2. cavabdehin xx.xx.2024-cü il tarixli etirazı məktubu və iddiaçının ərizəsi;

3. Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli Arxiv arayışı və ona əlavə edilmiş sənədlər

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Kadasrt və Yerquruluşu Lahiyə- Təhqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli məktubu

5. Qəbələ rayon Bunud bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubu;

6. Cavabdeh orqanın xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi və ona əlavə edilmiş yerquruluşu planı.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı faktiki istifadəsində olduğunu bildirdiyi Qəbələ rayonu Həzrə kəndində yerləşən 0.52 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.İddiaçı aqrar islahat zamanı adının subyektlər siyahısına əlavə edilmədiyindən ona pay torpaq sahəsi verilmədiyini,göstərilən yanlışlığın bələdiyyə tərəfindən aradan qaldırıldığına istinad edir. Məhkəmə iddianı əsassız hesab edərək qeyd edir ki,aqrar islahat zamanı mülkiyyətə pay və həyətyanı torpaq sahələrinin verilməsi Aqrar islahat komissiyalarının qərarı əsasında hüquqmüəyyənedici sənədlər əsasında verilməlidir. “Sovxoz və kolxozların islahatı haqqında” Qanunun 3-cü maddəsinə əsasən İslahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Qanunun 4-cü maddəsində göstərilir ki, islahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki,iddiaçının adı pay və həyətyanı torpaq sahələri verilən subyektlər siyahısında qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, Qəbələ rayonu Həzrə Bələdiyyəsinin 21 may 2006-cı il tarixli 05 saylı iclas protokolu ilə iddiaçıya torpaq sahəsi ayrılmamışdır.X5 islahat komissiyası tərəfindən torpaq sahəsinin bələdiyyə mülkiyyətindən veriləcəyi tədqirdə bələdiyyənin etirazının olmaması barədə müddəanı təsbit etmişdir. Bundan əlavə trətib edilmiş torpaq sahəsinin yerquruluşu planı isə torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi məqsədi daşımaqla hər hansı hüquqmüəyyənedici əsasa malik deyildir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsi istiqamətində aparılmışdır. Məhkəmə imtinanın əsaslarından olmasa da İPM-in 12-ci maddəsinin tələbləri baxımından işi hərtərəfli araşdırlmalıdır.İddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin araşdırılması ilə bağlı sorğuya əsasən cavabdeh orqan tərtib etdiyi mütəxəssis rəyindən də görünür ki, İddiaçı Qəbələ rayonu Həzrə bələdiyyəsinin 21 may 2006-cı il tarixli 05 saylı qərarı ilə ayrılmış 0,52 hektar torpaq sahəsinə dair məkan göstəriciləri qeye edilmiş sənəd (plan-ölçü) olmadığına görə xüsusiyyətlərini təyin etmək mümkün deyil. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,65 hektar torpaq sahəsi, Qəbələ rayonu Həzrə kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qəbələ rayonu Həzrə kəndi inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələri torpaqlarına aid, uqodiyası tikintialtı olan Həzrə bələdiyyəsinin (236BB) mülkiyyətindədir. X2 X3 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası həyətyanı, bələdiyyə mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. Faktiki istifadə olunan 0,65 hektar torpaq sahəsi ilə Qəbələ rayonu Həzrə bələdiyyəsinin 21 may 2006-ci il tarixli, 05 saylı iclasının qərarı ilə ayrılmış 0,52 hektar torpaq sahəsinin plan-ölçü sənədi olmadığına görə faktiki isrifadə olunan 0,65 hektar torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyil. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,65 hektar torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Qəbələ rayonu Həzrə bələdiyyəsinin 21 may 2006-ci il tarixli, 05 saylı iclasının qərarı ilə ayrılmış 0,52 hektar torpaq sahəsinin plan-ölçü sənədi olmadığına görə faktiki istifadə olunan 0,65 hektar torpaq sahəsinə nəzərən yerləşmə vəziyyətini təyin etmək mümkün deyil.Faktiki istifadə olunan 0,65 hektar torpaq sahəsi 3 tərəfdən kol çəpər və metal tor hasarla bərkidilmiş bir tərəfi açıq ərazidən ibarətdir. Məhkəmə cavabdeh orqanın dəlilini əsaslı hesab edir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Kadasrt və Yerquruluşu Lahiyə-Təhqiqat Mərkəzi MMCnin məktubunda qeyd edilir ki, Qəbələ rayonu, Həzrə kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlara əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı sözügeden torpaq sahəsinin ona pay torpağı kimi verilməsini iddia etsə də, həmin torpaq sahəsi kənd təsərrüfatı katoqoriyalı torpaq sahəsi deyil, yaşayış məntəqələri torpaqlardır.Faktiki olaraq iddia olunan torpaq sahəsi aqrar islahat zamanı bələdiyyə mülkiyyətində saxlanılmış zəbt torpaq sahəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3- 42/2-KOL-002/2024 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Qəbələ rayonu Həzrə kəndində yerləşən 0.52 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar