Məhkəmə qərarları › İş №2-1(116)-1294/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1294/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1294/2024 03.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “xx.xx.2022-ci il tarixdən müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdeh PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “odlu silah yaralanması səbəbiylə (şəkər xəstəliyi insulin tələbli İİ tip ağır forma) İİ qrup əlilliyinin xx.xx.2017-ci il tarixdən etibarən müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-990/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(116)-670/2023 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-990/2023 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdən müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddianın əsaslarına görə, iddiaçı, 31 yanvar 1993-cü il tarixində (birinci Qarabağ müharibəsi zamanı) döyüş əməliyyatları rayonunda (Qubadlı rayonu) gedən döyüşlərdə sol bud sümüyünün orta 1/3-nin hissəsinin deşib keçən güllə yarası ilə yaralanmışdır. 1 fevral 1993-cü il tarixdə Bakı şəhəri Travmatologiya institutuna gətirilmiş, 16 mart 1993-ci il tarixinə kimi həmin institutda əməliyyat olunaraq müalicə almışdır. Nəticədə ona sol bud sümüyünün çoxsaylı qəlpəli qırığı diaqnozu qoyulmuşdur. xx.xx.1995-ci il tarixində ona həkim komissiyası tərəfindən İİİ qrup daimi əlillik təyin olunaraq pensiya təyin edilmişdir. xx.xx.2007-ci ildə Zaqatala həkim komissiyasının tərəfindən ayağından çirk gəlmə səbəbiylə onun 3-cü qrup əlilliyi 2-ci qrup olaraq dəyişdirilmişdir. Həmin tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək fasiləsiz olaraq ildə bir dəfə müayinədən keçməklə ikinci dərəcə əlil hesab edilmişdir. Sonuncu dəfə xx.xx.2016-cı il tarixdən əlillik müddəti 5 il müddətinə artırılmış, nəticədə fasiləsiz olaraq ikinci dərəcə əlilliyi 10 ildən artıq davam etmişdir. xx.xx.2021-ci il tarixində isə "‘növbəti müayinə səbəbiylə” onun əlilliyi dayandırılmışdır. Əlilliyinin müddətsiz müəyyən edilməsi üçün tibb müəssisəsi tərəfindən göndərişin təqdim edilməsinin zəruri olduğu bildirilmişdir. Bu səbəblə Zaqatala rayon Mərkəzi Xəstəxanası PHŞ-i tərəfindən 0256003AANB2 nömrəli göndəriş (Forma 88) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş, həmin göndəriş xx.xx.2021-ci il tarixində qiymətləndirilərək “şəxsdə əlillik əlamətlərinə səbəb olan ağırlaşmalar əmələ gələrsə, həmin ağırlaşmalar altı (və ya uyğun olaraq iki) aylıq müayinə və müalicədən sonra aradan qalxmadığı hallarda yeni göndəriş verilməlidir.” şəklində qərar qəbul edilərək imtina edilmişdir. xx.xx.2022-ci il tarixində yenidən TSERA-ya yenidən göndərişlə müraciət olunsa da, xx.xx.2022-ci il tarixində ona eyni məzmunlu imtina verilmişdir. İddiaçı hesab edir ki, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır ki, bu şərt də, ona münasibətdə mövcuddur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 29 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Zaqatala rayon sakini İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün xidmətə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 34 nömrəli Şəhadətnamə verilmişdir. Həmin qərarda “Sol budun orta 1/3-ində güllə yarasından sonrakı vəziyyət" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sol budun orta 1/3-ində qüllə yarasından sonrakı vəziyyət'' diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə'’yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Zaqatala rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 34 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Sol budun orta 1/3-rtin odlu silah yaralanması nəticəsində çoxqəlpəli sınığı. Diz oynağının artrozu və ətraf funksiyasının mülayim dərəcədə pozulması” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi Travmadır; Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin müayinəsi zamanı şikayətləri sol aşağı ətrafında ağrıdan olmuşdur. Baxış zamanı sol budun orta 1/3-nin ön səthində yumşaq toxuma defektli çapığı izlənmiş, irin axması müşahidə olunmamışdır. Aşağı ətraflarda vətər və sümüküstü reflekslər canlı çağrılmış, əzələ atrofiyası və ya hipotrofiyası aşkar edilməmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun 01,02.2022-ci il tarixli Arayışında qeyd olunmuş diaqnoz əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - TSEK-in xx.xx.2022-ci il tarixli imtina cavabı, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubu, Azərbaycan Respublikası Sahiyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş №T510/2024-li Ekspert Rəyi. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası Bənd 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Bənd 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Bənd 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Bənd 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə : Bənd 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, ikinci dərəcəli əlillik aşağıdakı üç haldan biri olduqda müddətsiz təyin edilir: - Tibbi göstəriş olan xüsusi hallarda; - İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda; - Əlillik dərəcəsindən asılı olmayaraq “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatdıqda. Göstərilən maddi hüquq normasında əlilliyin müddətsiz verilməsi halları qeyd edir və iddiaçı məhz qanunda göstərdiyi ikinci hala, yəni ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğunu istinad edərək əlilliyin müddətsiz təyin edilməsini tələb edir. Yuxarıda sadalanan maddi hüquq normasının tələbləri baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi Əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunması üçün əlilliyin mövcudluğu labüddür. Belə ki norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir. Məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünü müəyyən etmək və onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı xəstəliklərin əhatə dairəsinə düşməsini aydınlaşdırmaq üçün xx.xx.2024-cü il tarixdə 2-1(116)-1294/2024 saylı qərardadla canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyi”-nin ekspertlərinə həvalə edilmişdir. Sonuncunun xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş T510/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının adına Zaqatala rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 0256003AAPWQ nömrəli forma 88 göndərişində qeyd edilmiş diaqnozlar şəxsin stasionarda müalicəsi zamanı anamnestik, obyektiv instrumental müayinələri əsasında qoyulsa da, əyani müayinə zamanı aşağı ətraflarda vətər və sümüküstü reflekslərin canlı çağırıldığından, əzələ atrofiyası və ya hipotrofiyası aşkar edilmədiyindən əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’nın hər hansı bəndini aid etmək mümkün olmadı. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi (Zaqatala rayon Mərkəzi Xəstəxanası PHŞ) məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamliq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair " Əsasnamədə "Sol diz oynağının kontrakturası bükmə 110, açma 85" M24.5-3.1.43, “Ataktik yeriş" R26-3.1.39, “Xroniki osteomielit" M861-3.1.43, “Əzələ atrofiyası" M62-3.1.43, "Dartıcı çapıq toxuması" L910-3.1.17 meyarlarına uyğundur. Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, odlu silah yaralanması W 33 meyarlarda öz əksini tapmamışdır. Göründüyü kimi iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozlarla bağlı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 3.1.43 və 3.1.39-cu bəndlərinə istinad edir. İstinad olunan “Əsasnamə”-də sözügedən bəndlər “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”-nın müəyyən edilməsini nəzərdə tutmuşdur. Odur ki iddiaçıya qoyulmuş diaqnozların əlillik təyininə əsas verməməsi ekspert rəyi ilə sübuta yetirildiyindən və müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi də, qoyulmuş diaqnozların istinad olunan “Əsasnamə”-də ikinci dərəcəli əlilliyin təyin edilməsini nəzərdə tutan xəstəliklərin deyil, “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”-nın müəyyən edilməsi nəzərdə tutan xəstəliklərin əhatə dairəsinə düşməsini bildirdiyindən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə uyğun olaraq inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh iddiaçıya müddətsiz əlillik təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı Cavabdeh PHŞ-yə qarşı “xx.xx.2022-ci il tarixdən müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar