Məhkəmə qərarları › İş №2-1(116)-1297/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1297/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1297/2025 09.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı, Qəbələ rayonu Soltannuxa Bələdiyyəsi üçüncü şəxs qismində cəlb olunmaqla, “JN-279B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,37 ha həyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “JN-279B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,37 ha həyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1297/2025 nömrəli qərardadı ilə Qəbələ rayonu Soltannuxa Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 02 aprel 2005-ci il tarixli JN-279B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədində təsdiq olunmuşdur ki, Qəbələ rayon Aqrar İslahatı Komissiyasının 10 iyun 1998-ci il tarixli 15 saylı qərarı ilə 0.37 ha torpaq sahəsi iddiaçının və onun 4 ailə üzvünün (X1, X4, X5 və X6) mülkiyyətinə verilmişdir. Şəhadətnamənin digər səhifələri isə torpaq sahəsinin planı və ölçüsünü, torpaq sahəsinin yerinin sxemini və torpaqla bağlı digər məlumatları əks etdirir. Hal-hazırda həmin torpaq sahəsi faktiki olaraq iddiaçının mülkiyyətində və istifadəsindədir və bununla bağlı hər hansı mübahisə yoxdur. İddiaçı 12 iyun 2024-cü il tarixində Cavabdehə müraciət edərək, müvafiq torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq, ona yeni çıxarış verilməsini xahiş etmişdir. Müraciətin əsasını təşkil edən və əmlaka dair hüquqmüəyyənedici sənəd qismində isə JN-279B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" təqdim edilmişdir. Lakin Cavabdeh 10 iyul 2024-cü il tarixli məktubunda müraciətdən imtina edərək cavabında aşağıdakıları qeyd etmişdir: “Sənədlərin kadastr ekspertizası zamanı məlum olmuşdur ki, JN-279B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" Ərazi idarəsində mövcud olan elektron baza xəritəsində öz əksini tapmamışdır. Bu səbəbdən, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilir. Əlavə olaraq bildirilir ki, cavabdeh Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən və iddiaçı ilə qonşu olan torpaqlar barədə oxşar sənədlər əsasında daşınmaz əmlakların dövlət qeydiyyatını aparmış və müvafiq çıxarışlar təqdim etmişdir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarından aydın olur ki, JN-279B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" iddiaçının müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsaslardan biridir və bu qeydiyyatı həyata keçirmək və müvafiq çıxarışı iddiaçıya təqdim etmək cavabdehin vəzifəsi kimi müəyyən edilmişdir. Lakin cavabdeh imtina məktubunda yalnız formal əsaslar göstərmiş, Qanunun 15-ci maddəsinə yalnız ümumi istinad etməklə kifayətlənmişdir, bu isə öz növbəsində yuxarıda sadalanan daşınmaz əmlak qanunvericiliyinə, inzibati icraat üzrə mötəbərlik prinsipinə, habelə imtinanın əsaslandırılmasını tələb edən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə zidd hesab olunmalıdır.”. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “İddiaçının iddia etiyi 0.37 ha torpaq sahəsinə dair təqdim etdiyi JN-080A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə Ərazi İdarəsində mövcud olan elektron kadstr məlumat bazasında öz əksini tapmamışdır. Respublika üzrə bu tipli problemlərin həlli məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan. Respublikasında X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X2 uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Oğuz rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və hal-hazırda kameral işlər həyata keçirilir və vətəndaşın nəzərinizə çatdırılmışdır ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qeyd olunan məsələ ilə bağlı müraciətlərinə təkrar baxılacaqdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. JN-279B KOD 40602018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinə 0,37 ha torpaq sahəsi verilmişdir.

3. 1924007709 qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,34 ha torpaq sahəsinin mülkiyyətçisi X9r.

4. 1924001999 qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,37 ha torpaq sahəsinin mülkiyyətçisi X9r.

5. JN-170F KOD 40602018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X7 və ailə üzvlərinə 0,34 ha torpaq sahəsi verilmişdir.

6. JN-299F KOD 40602018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X3 və ailə üzvlərinə 0,42 ha torpaq sahəsi verilmişdir.

7. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ Kadastr və Yerquruluşu Lyihə- Təhqiqat Mərkəzi MMC-nin xx.xx.2025-c il tarixli məktubu və ona əlavə edilmiş Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı iclasının protokol qərarının surəti.

8. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ Kadastr və Yerquruluşu Lyihə- Təhqiqat Mərkəzi MMC-nin xx.xx.2025-c il tarixli məktubuna əlavə edilmiş Qəbələ rayonu Böyük Pirəli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldən görünür ki, iddiaçı və ailə üzvlərinin adına torpaq sahəsi verilmişdir.

9. Qəbələ rayonu Soltannuxa bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubunun surəti. 10.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, 02 aprel 2005-ci il tarixli JN-279B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən Qəbələ rayon Aqrar İslahatı Komissiyasının 10 iyun 1998-ci il tarixli 15 saylı qərarı ilə 0.37 ha torpaq sahəsi iddiaçının və onun 4 ailə üzvünün (X1, X4, X5 və X6) mülkiyyətinə verilmişdir. Cavabdeh imtinasının əsası kimi ona istinad etmişdir ki, “Sənədlərin kadastr ekspertizası zamanı məlum olmuşdur ki, JN-279B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" Ərazi idarəsində mövcud olan elektron baza xəritəsində öz əksini tapmamışdır. Bu səbəbdən, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilir.”. İş üzrə əldə edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “İşin araşdırılması məqsədi ilə DƏDKR X16 9 saylı Qəbələ Ərazi idarəsinin mütəxəssisi 27 yanvar 2025-ci il tarixdə Qəbələ rayonu Qəbələ şəhərində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, JN-297B nömrəli şəhadətnamə barədə Böyük Pirəli kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) məlumat mövcud deyildir, iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,49 hektar torpaq sahəsi, Qəbələ rayonu Böyük Pirəli kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qəbələ rayonu Böyük Pirəli kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələri təyinatlı torpaqlarına aid, uqodiyası çoxillik əkmələr olan Böyük Pirəli bələdiyyəsinin (665BB) mülkiyyətindədir.X2 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası çoxillik əkmələr, xüsusi mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. İddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən JN-299F və JN-170F nömrəli Şəhadətnamələrdə göstərilmiş torpaq sahələri barədə Qəbələ rayonu Böyük Pirəli kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) məlumat mövcuddur, JN-279B nömrəli Şəhadətnamənin cizgisində göstərilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid (665BB) ərazi kimi qeyd edilmişdir. Torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi yerquruluşu planlarında göstərilmişdir. İddia olunan torpaq sahəsinin qonşu torpaq sahələrinin yerləşdiyi ərazinin əks olunduğu izahlı ortofoto xəritəsindən çıxarış təqdim edilir.”. İlk növbədə məhkəmə cavabdehin imtinasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəziz hallarına görə Qəbələ rayonu Böyük Pirəli kəndi ərazisində yerləşən 0.37 ha torpaq sahəsi JN-279B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən Qəbələ rayon Aqrar İslahatı Komissiyasının 10 iyun 1998-ci il tarixli 15 saylı qərarı ilə iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı(bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0- cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.8-cı maddəsinə əsasən qarşılıqlı etimad- inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır Göründüyü kimi Qəbələ rayon Aqrar İslahatı Komissiyasının 10 iyun 1998-ci il tarixli 15 saylı qərarı əsasında JN-279B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" 0.37 ha torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. “İnzibati icraat haqqında” qanunun tələbinə əsasən hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. İş materiallardan hüquqmüəyyənedici sənəd olan həmin qərarın hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Bundan başqa, hazırkı mübahisəyə münasibətdə həmçinin nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində qeydiyyata alınmış və sözügedən şəhadətnamə ilə rəsmiləşdirilmiş mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi də onun iddia tələbinin məzmununa və iş üzrə materiallara əsasən əslində torpaq sahəsi üzərində hüququn cavabdeh tərəfindən qeydiyyata alınmasına deyil, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Belə ki, iddiaçının həmin torpaq sahəsi üzərində hüququ səlahiyyətli dövlət orqanı tərəfindən artıq 2005-ci il tarixdə tanınmışdır. Məntiqi baxımdan müvafiq səlahiyyətli qeydiyyat orqanı tərəfindən aparılmış dövlət qeydiyyatı qanuna əsasən öz hüquqi qüvvəsini saxladığından hüququnun təkrar qeydiyyatının aparılmasında iddiaçı maraqlı ola bilməz. Bu mənada iddiaçının tələbinin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması kimi ifadə olunmasına baxmayaraq, əslində onun həqiqi niyyəti hüququna dair yeni nümunəli müvafiq sənədin əldə olunmasına yönəlmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 707/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarı). “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır.”. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsinin faktiki vəziyyətinin elektron xəritələrdə fərqli olması, iddiaçı və ailə üzvlərinin yaranmış mülkiyyyət hüquqlarının qeydə alınması və rəsmiləşdirilməsi üçün əngəl ola bilməz. Çünki, iddia olunan torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ JN-279B KOD 40602018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında artıq yaranmışdır. Həmin sənədin mövcud olan elektron kadstr məlumat bazasında öz əksini tapmaması və mübahisəli torpaq sahəsinin hazırda Böyük Pirəli bələdiyyəsinin mülkiyyətində olan ərazidə yerləşməsi buna müdaxilə imkanı olmayan iddiaçının iradə ifadəsinin nəticəsində baş verən hal olmadığından, bu əsasla onun mülkiyyət hüquqları da məhdudlaşdırıla bilməz. Qeyd olunmalıdır ki, iş üzrə Qəbələ Rayon Soltannuxa Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubunda Böyük Pirəli kəndində yerləşən 0.37 ha müvafiq torpaq sahəsinə dair JN-279B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" mövcud olduğundan, həmin torpaq sahəsi barədə hər hansı tələb və ya iddialarının olmadığı bildirilmişdir. O da nəzərə alınmalıdır ki, Qəbələ Rayonu Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 saylı iclasının protokolunda İddiaçı mülkiyyətinə verilmiş 0,37 ha. torpaq sahəsinin əkin üçün yararsız vəziyyətdə olduğu kəndin şimal tərəfinə bələdiyyənin ehtiyat fondunda saxlanılmış ərazidən həmin miqyasda torpaq sahəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bütün qeyd olunan xüsusatlar ona dəlalət edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd olunan halları və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər hansı başqa şəxsin hüquqlarına toxunmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN-279B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,37 ha həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı: İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə JN-279B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,37 ha həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar