Məhkəmə qərarları › İş №2-1(116)-13/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-13/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-13/2021 07.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs: X8) qarşı “Ucar rayonu Qarabörk kəndində inşa ediləcək, X6 məxsus avtomobillərə texniki xidmət məntəqəsinin eskiz layihəsinin razılaşdırılmasına dair cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Ucar rayonunun Qarabörk kəndində yerləşən və iddiaçının xususi mülkiyyətində olan 0,18 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində avtomobillərə texniki xidmət sexləri vardır. Həmin sexlərə gedən yol isə 2,7 metr enindədir və avtobobillərin onun sexinə yeganə giriş-çıxışı həmin yoldur. Yolun kənarında isə X4 xüsusi mülkiyyətində olan torpaq sahəsi vardır və sonuncu da özünə məxsus həmin torpaq sahəsində avtomobillərə texniki xidmət sexi tikdirmişdir. O həmin sexin qapı yerini əvvəllki layihə üzrə tikdirdiyi sexin qərb tərəfindən qoymuşdur. X3 hal-hazırda həmin sexə sexin şimal tərəfindən də qapılar qoydurmaq istəyir və bununla bağlı onların aralarında mübahisə yaranmışdır. Çünki, X2 şimal tərəfindən qapı qoyacağı təqdirdə iddiaçının sexinə gedən yolda həmin yolun ensiz olması səbəbindən tıxaclar yaranacaqdır ki, bu da yekunda onun sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərəcəkdir. Onda olan məlumata görə isə ona həmin yola qapı açmaq üçün icazəni tikintiyə sərəncam verilməsi barədə qərar qəbul edilərkən əvvəlki layihə dəyişdirilərək, Cavabdeh tərəfindən verilmişdir. O, bu məlumatı aldıqdan dərhal sonra X6 məxsus Ucar rayonunun Qarabörk kəndində yerləşən tikintiyə icazə verilməsi barədə sərəncamda dəyişliklik edərək, həmin tikintinin şimal tərəfindən qapların açılmasına icazə verilməsinə dair yeni çəkilmiş layihənin təsdiq edilməsi barədə sərəncamı qismən, yəni qapılara aid hissədə ləğv etməsi üçün Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdeh ona verdiyi xx.xx.2019-cu il tarixli cavabda göstərmişdir ki, X6 məxsus sahibkarlıq obyektinin eskiz layihəsində obyektin 12 metr uzunluğu olan hissəsində hər birinin eni 3,2 metr olan 3 ədəd qapı nəzərdə tutulmuşdur, sonralar həmin layihə sənədlərində heç bir dəyişiklik edilməmiş, N.Tağıyevin razılığı olmadan onun tikintiyə icazə və layihə sənədlərində dəyişikliyin edilməsi mümkün deyildir. İddiaçı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “Ucar rayonu Qarabörk kəndində inşa ediləcək, X6 məxsus avtomobillərə texniki xidmət məntəqəsinin eskiz layihəsinin razılaşdırılması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə protokol qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, Cavabdeh Başçısının xx.xx.2011-ci il tarixli 105 saylı sərəncamı ilə rayonun Qarabörk kəndi sakini X6 Qarabörk kəndi ərazisində özünə məxsus 0.0072 hektar torpaq sahəsində qaynaq sexi binasının tikintisinə icazə verilmişdir. Həmin tikiliyə 2013-cü ildə “X7” MMC tərəfindən hazırlanmış və Cavabdeh Başçısının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz layihəsi verilmişdir. N.Tağıyevə xüsusi sahibkarlıq obyektinin eskiz layihəsində obyektin 12 m uzunluğu olan hissəsində hər birinin eni 3.2 m olan 3 ədəd qapı nəzərdə tutulmuş, sonralar həmin layihə sənədlərində heç bir dəyişiklik edilməmişdir. Lakin İddiaçı həmin tikilinin yaxınlıqda yerləşən ona məxsus sahibkarlıq obyektinə gedən yolda tıxac yaranacağını və maneələr olacağını ehtimal edərək Rayon İcra Hakimiyyətinə qarşı belə bir iddia qaldırmışdır. Həmin obyektin qeyd olunan yola tərəf hissəsində qapılar açılmamışdır. İddiaçı məxsus sahibkarlıq obyektinə gedən yolun üzərində hazırda heç bir maneə yoxdur. İddiaçı ərizəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 76.1, 76.2 və 76.3-cü maddələrini istinad etmişdir. N.Tağıyevə Sərəncam xx xxxxxx 2011-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi isə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2012-ci il tarixli 695 nömrəli Fərmanı ilə qəbul edilmiş və xx xxxxxx 2013-cü il tarixdən qüvvəyə minmişdir. Gələcəktə N.Tağıyev tərəfindən həmin tikilinin eskiz layihəsində nəzərdə tutulmuş qapılar açıldığı təqdirdə İddiaçı məxsus sahibkarlıq obyektinə gedən yol bağlanmayacaqdır. N.Tağıyevə məxsus obyektin tikintisinə Cavabdeh Başçısı tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 105 saylı Sərəncamın və eskiz layihəsinin İddiaçı tələb etdiyi hissəsinin ləğv edilməsi üçün N.Tağıyevin müvafiq razılığı olmalıdır. N.Tağıyevin belə bir razılığı yoxdur və Rayon İcra Hakimiyyətinə onun tərəfindən Sərəncamın və eskiz layihəsinin dəyişdirilməsi ilə bağlı yazılı və şifahi müraciət daxil olmamışdır. Ona görə də yuxarıda göstərilənlərə əsasən İddiaçı iddia tələbinə dair iddiasını əsassız hesab edərək rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi mübahisəli tikilini 2015-2016-cı illərdə özünün inşa etdirdiyini, həmin tikilini inşa edəndə mübahisəli layihədən xəbəri olmadığını, tikilinin işdə olan fotoşəkillərdə olduğu kim inşa edildiyini, layihənin 2018-ci ildə qardaşı Nizami tərəfindən çəkdirildiyini qeyd edib, qardaşı Nizaminin 2018-ci ilin axırlarında Azərbaycana gəldiyini, ona qədər Azərbaycanda olmadığını, 2018-ci ilin axırında gələndən sonra layihəni çəkdirdiyini və ondan sonra icra hakimiyyətində təsdiqlətdiyini, layihə çəkilənə qədər iddiaçı ilə aralarında mübahisə olmadığını, layihə çəkiləndən sonra ona uyğun qapılar açdırmaq istəyəndə hazırki mübahisənin yarandığını bildirib iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan Ucar Rayon İcra Hakimiyyət Başçısının 145 nömrəli xx xxxx 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçı sahibkarlıq obyektinə gedən avtomobil və piyada yolunun kənarında yerləşən digər sahibkarlıq obyektinin sahibi X8 tərəfindən qapı açılacağı təqdirdə ona maneə yaradılacağı və həmin obyektin layihə sənədlərində dəyişiklik edilməsi barədə icra hakimiyyətinə müraciət etmiş, ona N.Tağıyevə məxsus obyektin eskiz layihəsində obyektin 12 m uzunluğu olan hissəsində hər birinin eni 3.2 m olan 3 ədəd qapı nəzərdə tutulduğu, sonralar həmin layihə sənədlərində heç bir dəyişiklik edilmədiyi, N.Tağıyevin razılığı olmadan, onun tikintiyə icazə və layihə sənədlərində dəyişiklik edilməsinin mümkün olmadığı, hazırda onun sahibkarlıq obyektinə gedən yolun bağlanmadığı, həmin yolun N.Tağıyev tərəfindən bağlanaraq ona maneə yaradılacağı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət edə biləcəyi qeyd olunmuşdur. İş materiallarında olan MA seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surəti və AA seriyalı 003286 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Ucar rayonu Qarabörk kəndi ərazisində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh Başçısının xx.xx.2011-ci il tarixli 105 nömrəli sərəncamının təsdiqlənmiş surətindən görünür ki, Ucar rayonunun Qarabörk kənd sakini X6 Azərbaycan Respublikası X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx xxxxx 2011-ci il tarixli, MA ******* saylı çıxarışına əsasən Qarabörk kəndi ərazisində adına qeyd olunmuş 0.0072 hektar torpaq sahəsində qaynaq sexi binasının tikintisinə icazə verilmişdir. İş materiallarında olan MA seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surəti və AA seriyalı 003987 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Ucar rayonu Qarabörk kəndi ərazisində yerləşən 0.0072 ha torpaq sahəsinə dair X4 mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan inventar nömrəsi 26/13-EL olan 2013-cü il tarixli “Ucar rayonu, Qarabörk kəndində inşa ediləcək, X6 məxsus avtomobillərə texniki xidmət məntəqəsinin” eskiz layihəsinin təsdiqlənmiş surətindən görünür ki, layihə Cavabdeh Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar N.Abdiyev tərəfindən imza edilməklə və möhür vurulmaqla razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 11/0122 nömrəli Mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən tikilmiş Avtomobillərə Texniki Xidmət Mərkəzinin faktiki yerləşdiyi torpaq sahəsi onun adına olan AA seriyalı 003286 nömrəli xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya fərqi vardır. İddiaçı tərəfindən tikilmiş Avtomobillərə Texniki Xidmət Mərkəzi Cavabdeh memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış 2011-ci il tarixli eskiz layihəsinə uyğun inşa edilməsi mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Cavabdeh memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış 2013-cü il arixli “Ucar rayonu Qarabörk kəndində inşa ediləcək, X6 məxsus Avtomobillərə texniki xidmət məntəqəsinin eskiz layihəsi”ndə qapılar neçə ədəd və binanın hansı divarında (qərb, şimal və s.) nəzərdə tutulmasını müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Üçüncü şəxs X8 tərəfindən tikilən qaynaq sexi Cavabdeh memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış 2013cü il tarixli eskiz layihəsinə uyğun inşa edilməsi mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Üçüncü şəxs X8 tərəfindən tikilən qaynaq sexinin faktiki yerləşdiyi torpaq sahəsi onun adına olan xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin planı və olçüsündə göstərilən torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya fərqi vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 31456 nömrəli Ekspert rəyindən görünür ki, N.Tağıyevin inşa olunmalı tikilinin layihə sənədlərinə əsasən girişləri eninə olan hissədən olduğu göstərilmişdir. Lakin baxış zamanı 1 və 2 saylı tikililərinə girişi uzunluğu istiqamətdən 1 saylı tikilidən və 3 saylı tikilinin girişi eninə tərəfdən olduğu müəyyən olunmuşdur. Eyni zamanda N.Tağıyev tərəfindən inşa olunmuş tikili T.X1 Xidmət Mərkəzinə gedən avtomobil yolunun kənarında yerləşir və həmin yolun evi 4,0 m təşkil edir. Qərardadın ikinci sualı ilə bağlı qeyd olunur ki, Ucar rayonu Qarabörk kəndində yerləşən İddiaçı tərəfindən inşa olunmuş tikililərin ölçüləri ilə Cavabdeh memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış 2011-ci il tarixli eskiz layihəsində göstərilən ölçülər müqayisə olunduqda müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən inşa olunmuş tikililərin qurluşu layihə sənədlərinə uyğun olduğu, lakin faktiki ölçüləri ilə layihə sənədlərində göstərilən ölçülər arasında qismən uyğunsuzdur. Qərardadın üçüncü sualı ilə bağlı qeyd olunur ki, Cavabdeh memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış 2013-cü il tarixli “Ucar rayonu Qarabörk kəndində inşa ediləcək, X6 məxsus avtomobillərə texniki xidmət məntəqəsinin eskiz layihəsində qapılar 3 ədəd olmaqla, həmin qapıların binanın eninə istiqamətdə yola tərəf olduğu nəzərdə tutulmuşdur. Qərardadın dördüncü sualı ilə bağlı qeyd olunur ki, Ucar rayonu Qarabörk kəndində yerləşən iddiaçı X8 tərəfindən inşa olunmuş tikililərin ölçüləri ilə Cavabdeh memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış 2013-cü il tarixli eskiz layihəsində göstərilən ölçülər müqayisə olunduqda N.Tağıyev tərəfindən inşa olunmuş tikililərin qurluşu (qapıların yeri və cəhətlər də nəzərə alınmaqla) və ölçüləri layihə sənədlərinə uyğun olmayaraq, faktiki ölçüləri ilə layihə sənədlərində göstərilən ölçülər arasında qismən uyğunsuz olduğu müəyyən edilmişdir. Qərardadın altıncı və yeddinci sualları ilə bağlı qeyd olunur ki, Cavabdeh memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış 2013-cü il tarixli “Ucar rayonu Qarabörk kəndində inşa ediləcək, X6 məxsus avtomobillərə texniki xidmət məntəqəsinin eskiz layihəsinə əsasən giriş qapısının faktiki 4,0 m enində olan yola tərəf (maşınların girişi üçün və s...) açılarkən yolun eni azala bilər ki, bu da yuxarıda qeyd olunan normativlərin tələblərinə uyğun deyildir. Qeyd olunanları nəzərə alaraq, X6 məxsus avtomobillərə texniki xidmət məntəqəsinin giriş qapısı yola tərəf açıldıqda İddiaçı qeyri-yaşayış sahəsinə gediş-gəliş maneə ola bilər. Qərardadın birinci və beşinci sualları üzrə qeyd olunur ki, Azərbaycan Respublikası X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-X12 LTİ-nin №-li xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən tikilmiş Avtomobillərə texniki xidmət mərkəzinin yerləşdiyi torpaq sahəsi onun adına olan AA seriyalı 003286 nömrəli xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya fərqi vardır. Üçüncü şəxs X8 tərəfindən tikilən qaynaq sexinin yerləşdiyi torpaq sahəsi onun adına olan xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüstündə göstərilən torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya fərqi vardır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2021-ci il tarixli teleqram göndərərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) (İPM-in 2.2.4 və 34.2-ci maddələri) qismində mümkün iddiadır. İPM-in 2.2.4-cü maddəsində müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia öhdəliyin icrası haqqında iddianın xüsusi bir növü kimi təsbit olunmuşdur. Bu iddia növünün konkret açıqlaması isə, həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrində əksini tapmışdır. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia inzibati orqanın inzibati akt olmayan əlverişsiz hərəkətlərini aradan qaldırmaq və ya onların qarşısını almaq məqsədi daşıyır. İPM-in 34.2-ci maddəsinə əsasən, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia inzibati orqanın hazırkı hərəkətinə, həmin Məcəllənin 34.3-cü maddəsində nəzərdə tutulmuş müstəsna qayda əsas götürülməklə qaldırılan müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia isə, inzibati orqanın gələcək publik-hüquqi davranışına yönəlir. Hazırki halda cavabdehin eskiz layihənin razılaşdırılmasında ifadə olunan hərəkəti iddiaçının hüquqlarına qanunsuz müdaxilə etdiyi üçün onun qeyd olunan iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. Həmçinin iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2-ci maddəsinə əsasən Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3-cü maddəsinə əsasən Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 75.4-cü maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. 75.5-ci maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.6-cı maddəsinə əsasən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 75.7-ci maddəsinə əsasən bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.9-cu maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. 75.10-cu maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. 75.12-ci maddəsinə əsasən tikintiyə icazədən irəli gələn hüquq və vəzifələr sifarişçinin hüquqi varislərinə də şamil olunur. 75.13-cü maddəsinə əsasən tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir. 75.14-ci maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. 75.15-ci maddəsinə əsasən tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 76.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. 76.2-ci maddəsinə əsasən nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. 76.3-ci maddəsinə əsasən tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Yuxarıda sadalanan normaların tələblərinə əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən 3-cü şəxsə mübahisəli layihə üzrə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisinə dair icazə verilməmiş, 3-cü şəxsə əslində Cavabdeh Başçısının xx.xx.2011-ci il tarixli 105 nömrəli sərəncamı ilə qaynaq sexi binasının tikintisinə icazə verilmişdir. Cavabdeh tərəfindən mübahisəli layihə razılaşdırılmazdan əvvəl Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 76-cı maddəsinin tələblərinə əməl edilməmiş, iddiaçının dinlənilmə hüququ təmin olunmamış, nəticədə hazırki mübahisənin yaranmasına səbəb olan qanunsuz hərəkətə yol verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, 3-cü şəxsin nümayəndəsi olan qardaşı X11 da məhkəmə iclasında verdiyi izahatında mübahisəli tikilini 2015-2016-cı illərdə özünün inşa etdirdiyini, həmin tikilini inşa edəndə mübahisəli layihədən xəbəri olmadığını, tikilinin işdə olan fotoşəkillərdə olduğu kim inşa edildiyini, layihənin 2018-ci ildə qardaşı Nizami tərəfindən çəkdirildiyini qeyd edib, qardaşı Nizaminin 2018-ci ilin axırlarında Azərbaycana gəldiyini, ona qədər Azərbaycanda olmadığını, 2018-ci ilin axırında gələndən sonra layihəni çəkdirdiyini və ondan sonra icra hakimiyyətində təsdiqlətdiyini, layihə çəkilənə qədər iddiaçı ilə aralarında mübahisə olmadığını, layihə çəkiləndən sonra ona uyğun qapılar açdırmaq istəyəndə hazırki mübahisənin yarandığını bildirmişdir. Göründüyü kimi mübahisəli tikili artıq mövcud olmuş, yanlız tikinti işləri başa çatandan sonra layihə razılaşdırılmışdır. Ekspert rəyində də N.Tağıyev tərəfindən inşa olunmuş tikililərin qurluşu (qapıların yeri və cəhətlər də nəzərə alınmaqla) və ölçüləri layihə sənədlərinə uyğun olmayaraq, faktiki ölçüləri ilə layihə sənədlərində göstərilən ölçülər arasında qismən uyğunsuz olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Azərbaycan Respublikasının Konstitusiyası maddə - 13, 29). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 152.1, 152.5, 152.6, 157.2, 157.4). Göründüyü kimi mülkiyyət hüququ hamılıqla qəbul olunan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən hüquqi dövlətin və demokratik cəmiyyətin təməl daşlarından biri hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə xx xxx 2007-ci il tarixli Qərar). Hazırki məsələyə bu baxımdan yanaşaraq məhkəmə hesab edir ki, sözügedən eskiz layihənin razılaşdırılması iddiaçının Konstitusiya ilə qorunan mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Cavabdeh tərəfindən edilmiş bu cür müdaxilənin qarşısının alınması üçün 3-cü şəxsin razılıq verməsinin tələb edilməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə ziddir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh inventar nömrəsi 26/13-EL olan 2013-cü il tarixli “Ucar rayonu, Qarabörk kəndində inşa ediləcək, X6 məxsus avtomobillərə texniki xidmət məntəqəsinin” eskiz layihəsinin razılaşdırılması ilə bağlı hərəkəti qanunsuz hesab edilməli, mütəxəssis və ekspert rəyinin verilməsinə görə xərc cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.4-cü maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.2-ci maddəsinə əsasən, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı prosessual xərcləri tələb etmədiyindən dövlət rüsumundan ibarət məhkəmə xərci iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh inventar nömrəsi 26/13-EL olan 2013-cü il tarixli “Ucar rayonu, Qarabörk kəndində inşa ediləcək, X6 məxsus avtomobillərə texniki xidmət məntəqəsinin” eskiz layihəsinin razılaşdırılması ilə bağlı hərəkəti qanunsuz hesab edilir. Mütəxəssis və ekspert rəyinin verilməsinə görə xərc cavabdehə aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 251 manat 05 qəpik Cavabdehndən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9 Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X10 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ**********0000001944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülsün. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 100 manat Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar