Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-13/2023 27.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə iddiaçılar İddiaçı və X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu Göyəm kəndində yerləşən, A seriyalı 209298 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 601,55 kv.m, A seriyalı 211979 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 714 kv.m, A seriyalı 407893 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilmiş 1119,97 kv.m və A seriyalı 407177 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 2797,65 kv.m olan kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Göyəm kəndində yerləşən, A seriyalı 209298 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 601,55 kv.m, A seriyalı 211979 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 714 kv.m, A seriyalı 407893 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilmiş 1119,97 kv.m və A seriyalı 407177 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 2797,65 kv.m olan kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsinin əsaslarına görə, iddiaçıların və X3 ümumi birgə mülkiyyətində Zaqatala rayonu, Göyəm kəndində yerləşən 2797,65 kv.m, 1119,97 kv.m, 714 kv.m və 601,55 kv.m kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahələri vardır. Belə ki, qeyd olunan torpaq sahələri "Torpaq islahatı haqqında" Azərbaycan Repsublikasınm Qanunu qüvvəyə mindiyi anda Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 saylı qərarına əsasən onların ümumi birgə mülkiyyətinə verilmiş və həmin torpaq sahələri üzərində hüquqları xx.xx.2012-ci il tarixdə 323, 1080 nömrələri ilə uçota alınmış, A seriyalı 407177, A seriyalı 407893, A seriyalı 211979 və A seriyalı 209298 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri ilə rəsmiləşdirilmişdir. İddiaçılar qeyd edirlər ki, mülkiyyətçilərdən biri, yəni X1 Federasiyasının vətəndaşı olmuşdur və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Lakin torpaq islahatı aparılan zamanı hamısı Azərbaycan Respublikasının vətəndaşları olmuşlar. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********46 nömrəli imtina məktubunda qeyd etmişdir ki, qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydiyyata alınmalı olan X9 və İddiaçı xarici ölkə vətəndaşlarıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Qeyd olunanlara əsasən İddiaçı müraciəti təmin olunmamış və cavabdeh ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********72 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, sözügedən torpaq sahələrinə xarici ölkə vətəndaşı olan X4 adına Ləğv edilmiş DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən AN 211979, AN 407893, AN 407177 və AN 209298 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində əməliyyatlar aparılmamışdır. 1119,94 kv.m, 2797,65 kv.m, 714 kv.m kənd təsərrüfatı və 601,55 kv.m həyətyanı torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində inventarlaşdırılaraq qeydiyyata alınmadığından qeyd olunan məlumatların verilməsi mümkün deyildir. Məlumat üçün bildirilir ki, qeyd olunan məlumatlar Ləğv edilmiş DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən hazırlanmış AN 211979, AN 407893, AN 407177 və AN 209298 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində göstərilmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş üzrə hazırlıq icraatı çərçivəsində məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə müvafiq bildiriş göndərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və iddianın geri götürülmüş sayılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən İddiaçı digər iddiaçını təmsil etmək barədə etibarnaməsi olmadan tək öz ərizəsi ilə iddianı geri götürmək hüququna malik olmadığı bildirilmiş və məhkəmə iclası təxirə salınaraq, iddiaçıların eyni mövqedə olduqları təqdirdə birlikdə ərizə ilə müraciət etmələri üçün onlara vaxt verilmişdir. İddiaçı iclasın xx.xx.2022-ci il tarixə təxirə salınması barədə qəbzə imza etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə icraatının şəxsiyyət vəsiqəsi alana qədər, iki ay müddətinə dayandırılmasını xahiş etmişdir. Bundan sonra iş üzrə hazırlıq icraatı çərçivəsində məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə müvafiq bildiriş göndərilmişdir. İddiaçılar xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Daha sonra məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, tərəflərə bu barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə aşağıda sadalanan və iş materiallarında olan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Cavabdehin etirazına əlavə olunmuş: A 209298 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 81 nömrəli qərarı ilə 601,55 kv.m həyətyanı torpaq sahəsi X5 ayrılmışdır. A 211979 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 81 nömrəli qərarı ilə 714 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 ayrılmışdır. A 407893 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 81 nömrəli qərarı ilə 1119,94 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 ayrılmışdır. A 407177 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 81 nömrəli qərarı ilə 2797,65 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 ayrılmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********33 nömrəli məktubuna əlavə olunmuş subyektlər siyahısından görünür ki, 0,06 ha torpaq sahəsi X7 və İddiaçı ayrılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********80 nömrəli məktubundan görünür ki, mübahisəli torpaq sahələrinə mütəxəssis tərəfindən baxış keçirilməsi və müvafiq mütəxəssis rəyinin hazırlanması mümkün olmamışdır. Belə ki, iddiaçı Bakı şəhərində olduğundan torpaq sahələrinin naturada yerini göstərə bilməyəcəyini bildirmişdir. Zaqatala rayon 2 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli,547 nömrəli məktubundan görünür ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və ona münasibətdə vərəsəlik işi açılmışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci hissəsində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində öz əksini tapmışdır: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsi: Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından, iddiaçılar torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını ümumi şəkildə tələb etdiyindən, məhkəmə hesab edir ki, iddianın uğurlu olması ehtimalında iddia tələbinə iddiaçıların ümumi birgə mülkiyyət hüququnun qeydə alınması tələbi mövqeyindən hüquqi qiymət verilə bilər. Belə ki, iddiaçılar ana və qız olmaqla onların ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etməkdədirlər. Lakin məhkəmə araşdırması ilə torpaq sahəsinin ayrılmasına əsas olmuş subyektlər siyahısında iddiaçı X2 adının olmadığı müəyyən edilmişdir. Odur ki, cavabdehin A.Süleymanovanın torpaq sahəsinə hüquqlarının qeydə alınmasından imtina olunmasına münasibətdə hüquqi mövqeyi əsaslı olmuşdur. Digər iddiaçının torpaq sahəsi üzərində A.Süleymanova ilə birlikdə ümumi birgə mülkiyyət hüqunun qeydə alınması tələbinə münasibətdə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsinin yerini müəyyən etmək, faktiki vəziyyəti, mülkiyyətçiləri və istifadəçiləri barədə məlumat əldə etmək mümkün olmamışdır. Sübutetmə yükü üzərinə düşən tərəf qismində iddiaçı tələb olunan sənədləri təqdim etməmiş, mütəxəssis rəyinin alınması üçün tədbirlər görməyətək, torpaq sahələrinin mütəxəssislərin müayinəsinə təqdim olunmasını təmin etməmişdir. Eyni zamanda iddiaçıların birlikdə mülkiyyət hüquqlarının qeydə alınması üçün əsaslar məhkəmə araşdırması ilə müəyyən edilməmişdir. Cavabdehin iddiaçıya xarici ölkə vətəndaşı olmasına münasibətdə imtrina verməsi əsası ilə bağlı məhkəmə bildirir ki, şəxs ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahələri İddiaçı və X6 qanuni əsaslarla daimi istifadəyə verilmiş (bu hal tərəflər arasında mübahisələndirilmir), eyni zamanda torpaq islahatı zamanı onların həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin onlar həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişlər. Şəxsin ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz. Lakin şəxsin hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Topraq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi analoji qaydada tələb etmə hüquqi ilə çıxış edən xarici ölkə vətəndaşı olan bütün şəxslərə şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans”a xidmət edir. Lakin hazırkı iş üzrə İddiaçı digər iddiaçı A.Süleymanova ilə birgə mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etməsi əsassızdır. Buna baxmayaraq iddianın əsassızlığı ona gələcəkdə təklikdə mərhum həyat yoldaşı Ə.Poluşovla birlikdə onlara ayrılmış torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququndan məhrum etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı və X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu Göyəm kəndində yerləşən, A seriyalı 209298 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 601,55 kv.m, A seriyalı 211979 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 714 kv.m, A seriyalı 407893 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilmiş 1119,97 kv.m və A seriyalı 407177 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 2797,65 kv.m olan kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-13/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-13/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver