Məhkəmə qərarları › İş №2-1(116)-130/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-130/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-130/2024 08.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil Üçüncü şəxs X1 iştirakı ilə İddiaçılar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Daxili İşlər Nazirliyinin ünvan 1 ünvanında yerləşən 0.75 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını məhdudlaşdıran cavabdeh tərəfindən X1 adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi" tələbi barədə iddia ərizəsinə Şəki İnzibati Məhkəməsinin binasında, açıq,şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyinin ünvan 1 ünvanında yerləşən 0.75 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını məhdudlaşdıran Ağsu DTXK-nın xx.xx.2011-ci il tarixli, 135 saylı qərarının etibarsız hesab edilməsi barədə qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi elektron ərizə ilə iddianın dəqiqləşdirilməsi ilə bağlı müraciət edərək “Daxili İşlər Nazirliyinin ünvan 1 ünvanında yerləşən 0.75 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını məhdudlaşdıran cavabdeh tərəfindən X1 adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə təmin edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Ağsu rayonu XDS İcraiyyə komitəsinin xx.xx.1967ci il tarixli 09 saylı qərarına əsasən Ağsu Rayon milis şöbəsinə inzibati bina tikmək üçün qəsəbənin K.Marks küçəsində (ünvan 1) 0.75 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində 1970-ci ildə xidməti ev inşa edilmişdir. Aparılan araşdırma nəticəsində, əldə edilən sənədlərdən məlum olmuşdur ki, Ağsu XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı2nə məxsus Ağsu şəhəri M.Rəsulzadə küçəsi ev 23a ünvanında yerləşən xidməti evin həyətindəki istifadəsiz qalmış ərazidən 0,05 ha həyətyanı sahəsi DİŞ-in sürücüsü X3 təhkim edilmişdir. X4 Komitəsinin Ağsu rayon şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixli, 135 saylı qərarla rəy verilərək Ağsu şəhəri M.Rəsulzadə küçəsi ev 23a ünvanında yerləşən DİŞ-in sürücüsü X3 təhkim edilmiş torpaq sahəsinə “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq mülkiyyət hüquqlu sənədlər hazırlanarkən texniki səhv olaraq mülkiyyət hüquqlu sənədin verilmədiyi qeyd edilmiş və Müzəffər Qaniyevin mülkiyyətində olan həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlu sənədin verilməsi üçün “Torpaq sahəsinin planı və ölçüsu’nün hazırlanmasına etiraz edilmədiyi bildirilmişdir. Həmin rəy əsasında M.Qaniyev yaşayış sahəsinə dair çıxarış əldə etmişdir. Halbuki, Ağsu XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 15 nömrəli qərarından aydın olur ki, Ağsu şəhəri M.Rəsulzadə küçəsi ev 23a ünvanında yerləşən xidməti evin həyətindəki istifadəsiz qalmış ərazidən 0,05 ha həyətyanı sahəsi DİŞ-in sürücüsü X3 təhkim edilmiş, onun mülkiyyətinə verilməmişdir. Beləliklə, X1 adına aparılmış qeydiyyat əsassız olduğu üçün etibarsız hesab edilməlidir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahat verərək iddia tələbinin mümkün hesab olunmamasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin xx.xx.2011ci il tarixli 135 nömrəli məktubu.

2. Şamaxı rayon dövlət arxivinin xx.xx.2022-ci il tarixli 301 nömrəli arxiv çıxarışından görünür ki, Ağsu rayonu XDS İcraiyyə komitəsinin xx.xx.1967-ci il tarixli 09 saylı ilə Ağsu Rayon Milis Rayon ZDS-nin milis şöbəsinə inzibati bina tikməkdən ötəri qəsəbənin K.Marks küçəsində 0,75 hektar torpaq sahəsi ayrılmışdır.

3. Şamaxı rayon dövlət arxivinin xx.xx.2015-ci il tarixli 3-**-DA-***/2-22-33-23 nömrəli məktubuna əlavə edilmiş arxiv çıxarışından görünür ki, Ağsu XDS İcraiyyə Komitəsinin 31,08.1988-ci il tarixli 15 nömrəli qərarı ilə Ağsu şəhər sakini, DİŞ-nin sürücüsü X3, 31-ci kvartaldan 23№-li xidməti evin həyətindəki istifadəsiz qalmış ərazidən 48 kv.m yaşayış, 35 kv.m qeyri yaşayış sahəsi olan iki otaqlı, bir mərtəbəli ev tikmək üçün 0,05 ha həyətyanı sahəsi təhkim edilmişdir.

4. 23.12.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X2 surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X1 mülkiyyətindədir.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində deyilir ki, Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinə (vəkili) şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçıların hüquqi marağı ünvan 3 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin X1 adına aparılmış qeydiyyatın ləğv edilməsindən ibarətdir. İddiaçı iddia tələbində həmin qeydiyyatın etibarsız hesab edilməsini xahiş etsə də, onun hüquqi marağı və məqsədi həmin qeydiyyatın ləğv edilməsinə yönəlmişdir. Hazırkı iş üzrə mübahisə predmeti qismində cavabdeh tərəfindən mülkiyyət hüququna dair aparılmış ilkin qeydiyyat çıxış etmişdir. Aparılmış qeydiyyatın əsasında olan ilkin sənədlər məhkəmə tərəfindən araşdırılmışdır. Müəyyən edilmişdir ki, Ağsu XDS İcraiyyə Komitəsinin 31,08.1988-ci il tarixli 15 nömrəli qərarı ilə Ağsu şəhər sakini, DİŞ-nin sürücüsü X3, 31-ci kvartaldan 23№li xidməti evin həyətindəki istifadəsiz qalmış ərazidən 48 kv.m yaşayış, 35 kv.m qeyri yaşayış sahəsi olan iki otaqlı, bir mərtəbəli ev tikmək üçün 0,05 ha həyətyanı torpaq sahəsi təhkim edilmişdir.İnşa olunan fərdi yaşayış evi həmin torpaq sahəsi üzərindədir.Aqrar islahat zamanı hüquqmüəyyənedici sənəd verilməməsinə baxmayaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin xx.xx.2011-ci il tarixli 135 nömrəli məktubu nəzərə alınmaq həmin torpaq sahəsi üzərində X1 adına qeydiyyat aparılmışdır. Ağsu RPŞ-nin ərazisində inşa olunan fərdi yaşayış evindən iddiaçıların məlumatlı olmaması ağlabatan deyildir. Həmçinin, Ağsu XDS İcraiyyə Komitəsinin 31,08.1988-ci il tarixli 15 nömrəli qərarında X3 torpaq sahəsinin təhkim edilməsinin qeyd olunması, onun mülkiyyətinə verilməməsinə münasibətdə məhkəmə qeyd edir ki,həmin dövrün normaları baxımından torpağın özəl mülkiyyətə verilməsi anlayışı mövcud olmadığından,sonrakı özəlləşdirmə prinsipləri baxımından eynilik təşkil edir. Göründüyü kimi qeydiyyatın aparılmasına əsas olan sənədlər qüvvədə olduğu və mübahisələndirilmədiyi halda qeydiyyatın mübahisələndirilməsi mümkün deyildir.Digər tərəfdən həmin sənədlərin mübahisələndirilməsi də müddətlər baxımından mümkün olmadığından prosessual qənaət prinsipi baxımından iddia mümkünlük şərtlərinə uyğun deyildir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, inzibati orqanın mübahisələndirilən qərarı qəbul olunan dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. “Hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsinin üçüncü şəxsə satılmasına dair qərarın iddiaçıya məlum olma tarixi konkret müəyyən olunmasa da, iddiaçının həmin qərarla ayrılmış torpaq sahəsinin üçüncü şəxsin istifadəsində olması barədə məlumatsız olması aradan keçən kifayət qədər uzun müddət nəzərə alındığında ağlabatan görünmür. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1286/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe). Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-887/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqeyə əsasən müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı: İddiaçılar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Daxili İşlər Nazirliyinin ünvan 4 ünvanında yerləşən 0.75 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını məhdudlaşdıran cavabdeh tərəfindən X1 adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi" tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar