Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1300/2023 13.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “xx.xx.2008-ci il tarixli, A seriyalı 085350 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, ünvan 1i ünvanında yerləşən 1811,82 kv.m həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının nümayəndəsi və vəkili cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli, A seriyalı 085350 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, ünvan 1i ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0,22 ha torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-M- 0013-8/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Ərazi İdarələri, “Daşınmaz əmlakın dövlat reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır. Digər mülkiyyətçilərin adına hazırlanmış A №085350 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv olunması və 0,22 ha torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid deyildir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-1843/2023 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə dair yazılı münasibətini bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1300/2023 nömrəli qərardadı ilə X20 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Azər Babakişiyev tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) mhkəməyə daxil olmamışdır. İddiaçının nümayəndəsi və vəkili Xudiyev X15 Məhkəmə İnformasiya Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, “xx.xx.2008-ci il tarixli, A seriyalı 085350 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, ünvan 1i ünvanında yerləşən 1811,82 kv.m həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1300/2023 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs və onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxs və onun nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş: DTXK tərəfindən tərtib olunmuş, dövlət torpaq kadastrı kitabında xx.xx.2008-ci il tarixdə 1499 nömrəsi ilə uçota alınmış A seriyalı 085350 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 1811,82 kv.m həyətyanı torpaq sahəsi X13 ayrılmışdır. 249713 nömrəli xx.xx.2005-ci il tarixli “Müqavilə”dən görünür ki, X5 rayon İnventar bürosunun verdiyi xx.xx.2005-ci il tarixli 182 nömrəli arayışa və 12-66 nömrəli “Qeydiyyat vəsiqəsi”nə əsasən ona məxsus olan bir otaqdan ibarət yaşayış evini İddiaçı satmışdır. Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən tərtib olunmuş 12-66 nömrəli “Qeydiyyat vəsiqəsi”ndən görünür ki, Oğuz rayonunun Kərimli kəndində yerləşən yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında xx.xx.2005-ci il tarixdə qeydə alınmışdır. Yəni fərdi yaşayış evi qeydiyyat vəsiqəsi ilə üçüncü şəxsin adına qeydiyyata alınmış, həmin tarixdə müqavilə əsasında iddiaçının xeyrinə özgəninkiləşdirilmiş və sonuncunun adına yeni qeydiyyat vəsiqəsi verilmişdir. Üçüncü şəxs X10 cavabdeh 9 saylı Qəbələ ərazi idarəsinə ünvanladığı xx.xx.2022ci il tarixli ərizədən görünür ki, A.Babakişiyev Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə ona ayrılmış 1811,82 kv.m həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş plan-ölçü sənədinin 01 noyabr 2005-ci il tarixli 249713 saylı müqavilə əsasında digər şəxsə satdığını nəzərə alaraq ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan: Oğuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü l tarixli 3-48-36RA2-30/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının sənədləri rayon Dövlət Arxvinə təhvil verilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Oğuz rayon şöbəsinin sənədləri Oğuz rayon Dövlət Arxivində mühafizə olunmur. Cavabdehin etirazına əlavə olunmuş: 276 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun təsdiq olunmuş surətindən görünür ki, fərdi yaşayış evi X10 xüsusi mülkiyyətində olmuşdur. Oğuz RİH Kərimli kənd icra nümayəndəliyinin 2152 nömrəli arayışının təsdiq olunmuş surətindən görünür ki, Azər Babakişiyevin Nümayəndəliyin 5 saylı təsərrüfatbaşına kitabın 106-cı səhifəsində 431 saylı şəxsi nömrə ilə qeydə alınmış 0,12 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1973-cü ildə tikilmiş yaşayış evi vardır. Həyətyanı torpaq sahəsinə, yaşayış evinə arayış verilən günədək həbs və qadağa qoyulması barədə məlumat daxil olmayıb. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-3399/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, ünvan 1i ünvanında yerləşən mübahisəli torpaq sahəsinin naturada faktiki olaraq 0,2540 ha olduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsi uqodiyası tikinti altında olan torpaqlar, alt uqodiyası həyətyanı sahələr olmaqla “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir və bir hissəsi xüsusi mülkiyyət, digər hissəsi isə bələdiyyə mülkiyyətdir. JN-99A saylı “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə” sənədinə əsasən torpaq sahəsinin mülkiyyətçisi X20, isitfadəçisi isə İddiaçıdur. İddiaçı faktiki naturada istifadə etdiyi 0,2540 ha torpaq sahəsinin 0,1813 ha hissəsi JN-99A saylı “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə” ilə X10 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,0363 ha hissəsi yol yeri ilə, 0,0364 ha hissəsi isə JN-103C saylı “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə” ilə X4 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı faktiki naturada istifadə etdiyi torpaq sahəsi ilə X10 adına tərtib edilmiş A seriyalı 085350 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin cizgisində göstərilən torpaq sahələri üst-üstə düşmür. Cavabdeh tərəfindən JN-99A nömrəli şəhadətnamənin arxiv nüsxəsi məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması ilə də sözügedən şəhadətnamənin nə arxiv nüsxəsi nə də əsli aşkar edilməmiş, belə bir şəhadətnamənin mövcud olması öz təsdiqini tapmamışdır. Məktuba əlavə olunmuş Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən tərtib olunmuş 12-66 nömrəli “Qeydiyyat vəsiqəsi”ndən görünür ki, Oğuz rayonunun Kərimli kəndində yerləşən yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında xx.xx.2005-ci il tarixdə qeydə alınmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-3417/2023 nömrəli məktubuna əlavə olunmuş subyektlər siyahısından görünür ki, siyahıda 290-cı sırada İddiaçı adı vardır. Oğuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-36RA2-58/2023 nömrəli məktubuna əlavə olunmuş 2001-2005, 2006-2010, 2011-2015-ci illərə dair təsərrüfatbaşına kitablarının 591, 599 və 572 nöməli şəxsi hesablarının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, iddiaçı və ailə üzvləri həmin təsərrüfatda qeydiyyatda olmuşlar. Nümayəndə tərəfindən notariat kontoruna verilmiş xx.xx.2005-ci il tarixli ərizədən görünür ki, Nümayəndə Babakişiyev Azərə məxsus olan və Oğuz rayonunun Kərimli kəndində yerləşən evin satılmasına etiraz etməmişdir. Oğuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-36RA2-62/2023 nömrəli məktubuna əlavə olunmuş 1996-2000, 2001-2005, 2006-2010, 2011-2015-ci illərə dair təsərrüfatbaşına kitablarının 436, 431, 440 və 413 nöməli şəxsi hesablarının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, X20 və ailə üzvləri həmin təsərrüfatda qeydiyyatda olmuşlar. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-3743/2023 nömrəli məktubuna əlavə olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədlərinin (kadastr planı sənədlərinin) qeydiyyatı kitabında çıxarışdan görünür ki, 1499 nömrəsi ilə kadastr kitabında xx.xx.2008ci il tarixdə qeydiyyata alınmış A seriyalı 085350 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi İddiaçı təhvil verilmişdir. Çıxarışda “torpaq sahəsinin ayrılması barədə sərəncamlar, qərar və bağlanmış əqdlər” qrafasında İddiaçı adı qeyd olunmuş, xüsusi qeyd qrafasına A №085250 yazılmış, İddiaçı tərəfindən imzalanmışdır. Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli 3160/610-5767/23 nömrəli məktubuna əlavə olunmuş: 4Ə-1/156 nömrəli notariat işindən görünür ki, xx.xx.2005-ci il tarixli 249713 nömrəli müqaviləyə əsasən X5 rayon İnventar bürosunun verdiyi xx.xx.2005-ci il tarixli 182 nömrəli arayışa və 12-66 nömrəli “Qeydiyyat vəsiqəsi”nə əsasən ona məxsus olan bir otaqdan ibarət Oğuz rayonunun Kərimli kəndində 1227 kv.m torpaq sahəsində yerləşən yaşayış evini İddiaçı satmışdır. Oğuz RİH başçısının Kərimli kənd İƏV üzrə nümayəndəliyinin xx.xx.2005-ci il tarixli 2164 nömrəli arayışından görünür ki, X13 məxsus yaşayış evində arvadı X6, qızı Nümayəndə, oğlu X14 və oğlu X17 qeydiyyatdadır. Oğuz rayon dövlət notariat kontoruna verilmiş xx.xx.2005-ci il tarixli ərizədən görünür ki: X3 Azər Baba oğluna məxsus olan və Oğuz rayonunun Kərimli kəndində yerləşən evin satılmasına etiraz etməmişdir. X2 Azər Baba oğluna məxsus olan və Oğuz rayonunun Kərimli kəndində yerləşən evin satılmasına etiraz etməmişdir. X1 Azər Baba oğluna məxsus olan və Oğuz rayonunun Kərimli kəndində yerləşən evin satılmasına etiraz etməmişdir. Nümayəndə X13 məxsus olan və Oğuz rayonunun Kərimli kəndində yerləşən evin satılmasına etiraz etməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-3846/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, A seriyalı 085350 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi JN-99A saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə əsasında verilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X9, X17 və iddiaçının nümayəndəsi Nümayəndə fərdi yaşayış evinin 2005-ci ildə satıldığını, həmin tarixdən sonra sözügedən ünvanda yaşamadıqlarını təsdiq etmiş, mübahisəli plan və ölçü sənədindən yaxın keçmişdə məlumat tutduqlarını bildirmişlər. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddiaçı və üçüncü şəxs arasında bağlanmış alğı-satqı müqaviləsi əsasında mübahisəli ərazidə yerləşən fərdi yaşayış evi üçüncü şəxs tərəfindən iddiaçıya satılmış, fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə iddiaçının sahibliyi, istifadəsi və sərəncamına verilmişdir. Bununla yanaşı iddiaçının adına fərdi yaşayış evinə münasibətdə qeydiyyat vəsiqəsi tərtib edilmiş, 2005-ci il tarixli texniki pasport hazırlanmışdır. Daha sonra isə artıq iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsinə münasibətdə xx.xx.2008-ci il tarixli A 085350 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək, sənəddə üçüncü şəxsin adı qeyd edilmiş, lakin iddiaçıya təqdim olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2005-ci il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir... Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir... Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsində (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”. Bununla yanaşı məhkəmə əqdin bağlanması zamanı üçüncü şəxslərin ailə üzvlərinin həmin əqdin bağlanmasında iştirakı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, onlar hər biri ayrı-ayrılıqda razılıq ərizələrini imzalamaqla təqdim edərək əqdin bağlanmasına razılıqlarını ifadə etmişlər. Eyni zamanda “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konsrirusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında göstərilən məsələ ilə bağlı hüquqi mövqe aşağıdakı şəkildə ifadə olunmuşdur: “... burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir...”. Tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə xx.xx.2008-ci il tarixli, A seriyalı 085350 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, ünvan 1i ünvanında yerləşən 1811,82 kv.m həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. xx.xx.2008-ci il tarixli, A seriyalı 085350 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, ünvan 1i ünvanında yerləşən 1811,82 kv.m həyətyanı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid İsmayılzadə.