Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1301/2022 30.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2022-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququnun yarandığı vaxtdan, yəni 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, xx.xx.2022-ci ildə tələbini dəqiqləşdirərək 57 yaşının bitdiyi vatxdan, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini növbəti dəfə dəqiqləşdirərək “hüququnun yarandığı vaxtdan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2022-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli ərizənin icraata qəbul edilməsindən imtina edilmiş, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2022ci il tarixli ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ümumi və xüsusi əmək stajını nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 39120 manat olmalı olduğu halda, 19333, 75 manat olması, ümumi iş stajının 23 il 5 ay 4 gün olmaqla tələb olunan 25 ildən az olması, xx.xx.1984xx.xx.1998-ci illərdə “Akvilon” QTSC-də işlədiyini iddia etdiyi “suvaqçı rəngsaz” vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - SHXÇÜDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli 56 №-li arayışından görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1977-ci illərdə (7 ay 2 gün) müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - AZE ******* №-li əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1979 - xx.xx.1981 – Kəlbəcər rayon “Azərbaycan” kolxozu, xx.xx.1981 – xx.xx.1981 (2 ay), 15.04.1982 – xx.xx.1983 (1 il 8 ay 1 gün), xx.xx.1984-xx.xx.2004 (20 il 5 ay 1 gün) 02.11.2008-xx.xx.2009 (6 ay) - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. - Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 120 №-li arayışında qeyd edilmişdir ki, Kəlbəcər rayonu 02 aprel 1993 cü il tarixdə Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi üçün Kəlbəcər rayonunun idarə, müəssisə və təşkilatlatlarının, eləcə də kolxoz və sovxozlarının Kəlbəcər rayon Dövlət Arxiv idarəsinə verdiyi bütün sənədlər işğal zonasında qalmışdır. Odur ki, Kəlbəcər rayon Dövlət Arxiv idarəsində iddiaçının 1971-1981- ci illər Kəlbəcər rayon “Azərbaycan” kolxozunda işləməsi barədə heç bir əsaslı sənəd olmadığı üçün hüquqi sənədin verilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Mingəçevir şəhəri “Akvilon” QTSC-nin xx.xx.2022-ci il tarixli işin xarakteri haqqında arayışlarında aşağıdakı məlumatlar qeyd edilmişdir: İddiaçı, 11 saylı X1 ( hal-hazırki “Akvilon” QTSC adlanır) tikinti sahəsində xx.xx.1984-cü il tarixli №5K əmri ilə işə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixə qədər suvaqçı rəngsaz işləmişdir. xx.xx.1998-ci il tarixli 12K əmri ilə idarənin adı dəyişdirilib “Akvilon” X6 Cəmiyyəti olması ilə əlaqədar olaraq tikinti sahəsinə suvaqçı keçirilmişdir. xx.xx.2004-cü il tarixli 6K əmri ilə ərizəsinə əsasən işdən azad olunmuşdur. Tam iş günü ağır və zərərli iş şəraitində işlədiyinə görə vahid tarif cədvəli üzrə əsas əmək haqqında və eyni zamanda əsas əmək məzuniyyətinə (6 gün olmaqla) hesablanmışdır, işlədiyi müddət ərzində çalışdığı tikinti sahəsində inşa olunan çoxmərtəbəli binaların daxili hissəsi olmuşdur. Onun çalışdığı tam iş günü qapalı otaqlarda ağır və zərərli iş şəraitində təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə suvaqçı rəngsaz işləmişdir. Ağır və zərərli işdə çalışdığı üçün sabun, xüsusi geyim, maska və südlə təmin olunmuşdur. İddiaçı tam iş günü ərzində ağır və zərərli iş şəraitində işləmiş olduğu suvaqçı rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlə yaşagörə əmək pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 saylı siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (********) hissəsinin rəngsazlar bölməsində (2290100a-13450), suvaqçılar bölməsində (2290100a—19727) XXXİİİ. Ümumi peşələr (********) hissəsinin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar (23200000—13450) bölməsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərələ yaşa görə əmək pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 35. Ümumi peşələr hissəsinin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar bölməsində bilavasitə nəzərdə tutulmuşdur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. İddiaçı tam iş gününün ağır və zərərli iş stajı 20 il 5 ay 01 gün təşkil edir. Güzəştli arayış “Akvilon” QTSC-nin arxivində saxlanılan əmr kitablarına əsasən verilir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığortastajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh orqanın iddia tələbinə etirazının əsas dəlilləri - iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 39120 manat olmalı olduğu halda, 19333, 75 manat olması, iddiaçının ümumi iş stajının 23 il 5 ay 4 gün olmaqla tələb olunan 25 ildən az olması, iddiaçının xx.xx.1984-xx.xx.1998-ci illərdə “Akvilon” QTSC-də işlədiyini iddia etdiyi “suvaqçı rəngsaz” vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmaması ilə bağlıdır. İddiaçı, ilkin iddia ərizəsində 60 yaşdan, sonradan verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə 57 yaşdan, məhkəmə iclasında verdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə isə hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının hüququnun yarandığı tarixin müəyyən edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, 60 yaşdan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.2018-ci il tarixə ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı tamamlanmalı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış 19333, 75 manat pensiya kapitalı tələb olunan 39120 manat pensiya kapitalından az olduğundan iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı tamamlanmalıdır. İş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 24 il 10 ay 4 gün olmaqla tələb olunan 25 ildən azdır. Buna görə də iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1.4.1-ci maddəsi ilə sözügedən Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Göründüyü kimi maddənin yeni redaksiyasında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərt çıxarılmışdır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır:
1. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25ilsığorta stajına malik olmalıdır. 2) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İddiaçının, ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı xx.xx.2006-cı ildən sonrakı müddətdə tamamlanmalıdır. Müəyyən edilir ki, iddiaçı xx.xx.1958-ci ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. İddiaçının 25 ildən az olmayan (25 il, 4 ay, 4 gün) ümumi iş stajı mövcuddur. Eyni zamanda iddiaçı, əmək fəaliyyətinin 14 il 03 ay 01 gün müddətində güzəştli şərtlərələ yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmışdır və həmin müddət tələb olunan - 12 il 6 ay müddətdən çoxdur. Cavabdeh orqan iddiaçının sosial sığorta stajının 23 il 5 ay 4 gün olduğunu bildirir və iddiaçının xx.xx.1979 - xx.xx.1981 – Kəlbəcər rayon “Azərbaycan” kolxozunda işlədiyi müddəti sosial sığorta stajına daxil etmir. 1981-ci il üzrə iddiaçının əmək fəaliyyəti müddəti əmək kitabçasında olan digər qeydə əsasən hesablandığından üst-üstə düşən dövrlər (xx.xx.1981 - xx.xx.1981) nəzərə alınmır. Bununla belə iddiaçının 1979 və 1980-ci illər ərzində Kəlbəcər rayon “Azərbaycan” kolxozunda işlədiyi müddət (2 il) onun ümumi sosial sığorta stajına daxil edilməlidir. Belə ki, iddiaçının Kəlbəcər rayon “Azərbaycan” kolxozunda əmək günü norması və yerinə yetirilmiş işin həcmi əmək kitabçasında qeyd edilməsə də, onun xx.xx.1979 və xx.xx.1980-ci illərdə həmin kolxozun üzvü təyin edilərək sözügedən kolxozda işləməsi əmək kitabçasından aşkar görünür. Cavabdeh orqan iddiaçının həmin kolxozda işləməsinə dair qeydlərin düzgün olmaması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Kəlbəcər rayonu 02 aprel 1993 cü il tarixdə Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi və Kəlbəcər rayonunun idarə, müəssisə və təşkilatlatlarının, eləcə də kolxoz və sovxozlarının Kəlbəcər rayon Dövlət Arxiv idarəsinə verdiyi bütün sənədlər işğal zonasında qalaraq məhv edildiyi üçün iddiaçının sözügedən kolxozda işləməsi ilə bağlı arxiv arayışını təqdim etmək imkanı faktiki olaraq yoxdur. Cavabdehin etirazının “fərdi hesabın sığorta hissəsində qeyd edilən pensiya kapitalı” ilə bağlı hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdən Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində edilmiş dəyişikliyə uyğun olaraq artıq iddiaçıya münasibətdə həmin tələb irəli sürülə bilməz. İddiaçının xx.xx.1984-xx.xx.1998-ci illərdə “Akvilon” QTSC-də işlədiyini iddia etdiyi “suvaqçı rəngsaz” vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olmaması ilə bağlı cavabdeh orqanın etirazına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının işləmiş olduğu “Akvilon” QTSC-nin xx.xx.2022-cı il tarixli güzəştli arayışından görünür ki, iddiaçı 11 saylı X1 (hal-hazırki “Akvilon” QTSC adlanır) tikinti sahəsində xx.xx.1984-cü il tarixli №5K əmri ilə işə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixə qədər suvaqçı rəngsaz işləmişdir. xx.xx.1998-ci il tarixli 12K əmri ilə idarənin adı dəyişdirilib “Akvilon” X6 Cəmiyyəti olması ilə əlaqədar olaraq tikinti sahəsinə suvaqçı keçirilmişdir. xx.xx.2004-cü il tarixli 6K əmri ilə ərizəsinə əsasən işdən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda Ümumi peşələr adlanan 35-ci bənddə təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar göstərilmişdir. Siyahıdan görünür ki, sıradan rəngsaz peşəsi siyahıda qeyd edilməmişdir. O rəngsazlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir ki, onlar təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olsunlar. İstinad olunan güzəştli arayışdan da, iddiaçının təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə suvaqçı rəngsaz işləməsi və ağır və zərərli işdə çalışdığı üçün sabun, xüsusi geyim, maska və südlə təmin olunması aşkar görünür. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş güzəştli arayışda onun suvaqçı peşəsində işlədiyi müddət də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmiş və XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (********) hissəsinin rəngsazlar bölməsində (2290100a- 13450), suvaqçılar bölməsində (2290100a—19727) nəzərdə tutulduğu qeyd edilmişdir. Lakin, nəzərə alınmalıdır ki, qeyd edilən peşə 22901000 kodu üzrə 1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) çalışan şəxslərə münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınır. İddiaçının isə tikinti sahəsində inşa olunan çoxmərtəbəli binaların daxili hissəsində işləməsi təqdim edilən güzəştli arayışdan aşkar görünür. Bununla belə iddiaçının rəngsaz peşəsində işlədiyi müddət 12 il 6 aydan çox olduğundan məhkəmə hesab edir ki, hər bir halda iddiaçının xüsusi iş stajı tamamlanır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2022-ci il tarixdə yarandığından, o, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “İnzibatiicraathaqqında”AzərbaycanRespublikasıQanununun19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.