Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1303/2022 23.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “əmək kitabçasında qeyd olunan illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla xx.xx.2017-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5284/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı, xx.xx.2022-ci il tarixdə, inzibati işin şifahi məhkəmə baxışı iclasında tələbini dəqiqləşdirərək “xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, hərbi xidmət dövrünü, əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyətini müddətini, o cümlədən Azərbaycan Dəmir Yolları 4 nömrəli Hacıqabul İşarəvermə və rabitə sahəsində və “Mərkəzielektrotökmə“ zavodunda 5 saylı yonma təmizləmə sexində işlədiyi müddətin və həmin müddətin 12 il 6 aydan çoxunu əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmasını nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının işlədiyi peşənin müvafiq 2 saylı Siyahıda nəzərdə tutulmaması və iddiaçıya münasibətdə 38400.00 manat pensiya kapitalının aşağı həddi müəyyən edildiyi halda, fərdi hesabının sığorta hissəsində 22794.70 manat pensiya kapitalının olması, buna görə də iddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququnun yaranmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. - H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. - iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət xx.xx.1978-ci ildə tərtib edilmiş, ИТ ******* nömrəli əmək kitabçasına əsasən aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1975-xx.xx.1978 (3 il 11 gün), xx.xx.1985-xx.xx.1985 (6 ay 22 gün) xx.xx.1978-xx.xx.1979 (4 ay 17 gün), xx.xx.1986-xx.xx.1986 (1 ay 14 gün) xx.xx.1981-xx.xx.1983 (1 il 3 ay 20 gün), xx.xx.1986-xx.xx.1988 (2 il 3 ay 21 gün) xx.xx.1983-xx.xx.1983 (3 ay 19 gün), xx.xx.1988-xx.xx.1991 (2 il 7 ay 23 gün) xx.xx.1983-xx.xx.1984 (9 ay), xx.xx.1991-xx.xx.1993 (2 il 24 gün) xx.xx.1984-xx.xx.1984 (3 ay 7 gün), xx.xx.1993-xx.xx.2006 (12 il 4 ay 14 gün). xx.xx.1984-xx.xx.1985 (6 ay), - "xxxx" QSC İnfrastruktur Departamenti 4 nömrəli Hacıqabul İşarəvermə və Rabitə sahəsinin xx.xx.2020-ci il tarixli 191 nömrəli güzəştli arayışlarında qeyd edilmişdir ki, İddiaçı həqiqətən tam iş günü ərzində, ağır və zərərli iş şəraitində aşağıda qeyd edilən qaydada Azərbaycan Dəmir Yolları 4 nömrəli Hacıqabul İşarəvermə və rabitə sahəsində (Hal-hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrakstruktur Departamentinin 4 nömrəli Hacıqabul İşarəvermə və Rabitə sahəsi adlanır) güzəştli əmək fəaliyyəti aşağıdakı qaydada olmuşdur. xx.xx.1993- cü il tarixində 91/K №li əmrlə 3 N li İMB sahəsinə 2-ci dərəcəli elektrik montyoru qəbul edilib. xx.xx.1995-ci il tarixində 07/K N li Əmrlə həmin sahəyə 3-cü dərəcəli İMB elektrik montyoru keçirilib. xx.xx.1995- ci il tarixli 24/K №li Əmrlə 4-cü dərəcəli elektrik montyoru keçirilib. xx.xx.1996-cı il tarixində 34/K №li Əmrlə 5-ci dərəcəli imb elektrik montyoru keçirilib. xx.xx.2006-cı il tarixində 52/K li Əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-ci maddəsinin a bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilib. İddiaçı yuxanda göstərdiyimiz iş müddəti ərzində ağır və zərərli iş şəraitində işləmişdir. Onun tam iş günü ərzində işləmiş olduğu bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlə yaşa görə əmək, pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında “xx.xx.1993-cü il tarixli 320 N li Qərarının 2 № li siyahısının XXVİİİ. Nəqliyyat bölməsində (**********8825), Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 N li Qərarının 21, Nəqliyyat bölməsinin 21.4-cü yarımbölməsinin 21-ci sətrində bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüquna təminat verir. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 10 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1981-cı il tarixindən (əmr 433, xx.xx.1981) xx.xx.1983-dək (əmr 100, xx.xx.1983) “Mərkəzielektrotökmə “ zavodunda 5 saylı yonma təmizləmə sexində işləyib. xx.xx.1981-xx.xx.1982-dək 5 saylı Yonma təmizləmə sexində xüsusi zərərli əmək şəraitində, tam iş günü rejmində tökməni sumbata və əl ilə (pnevmoalətlə, çəkiclə, qələmlə) düzəltməklə məşğul olan təmizləyici peşəsində çalışıb (əmr433, xx.xx.1981). xx.xx.1982-xx.xx.1983-dək 5 saylı Yonma təmizləmə sexində zərərli əmək şəraitində tam iş günü rejmində, çıxardılma iş sahələrində doğrama qəlibləmə, içlik ilə məşğul olan tökmə istehsalındakı nəqledici peşəsində çalışıb (əmr 212,xx.xx.1982). Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı, Azərbaycarr Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 Yanvar 12 nömrəli Qərarına, əsasən “Güzəştli şərtlələ yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, Peşələrin, vəzifələrin və göstəricilərin “Siyahısı”-na əsasən 11-ci bölmə “Metal emalı” 11.1 (a) “Tökmə istehsalı” üzrə (səh 90; 92) 1 il 4 ay 20 gün zərərli şəraitli əmək stajı yığmışdır. xx.xx.2001 -ci il tarixindən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı sərəncamına əsasən “Mərkəzielektriktökmə” zavodunun bazasında Bakı "xxxx" ASC yaranmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Müəyyən edilir ki, iddiaçının hərbi xidmətdə olduğu və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 28 il 3 ay 20 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçının xüsusi iş stajı dövrü (xx.xx.1981-xx.xx.1983 və xx.xx.1993-xx.xx.2006) ümumilikdə 13 il 4 ay 23 günə bərabər olduğundan və həmin müddət 12 il 6 aydan çox olduğundan güzəştli iş stajı ilə bağlı şərt də yerinə yetirilir. Belə ki, iddiaçının xx.xx.1981-xx.xx.1983-cü illərdə “Mərkəzielektrotökmə “ zavodunda 5 saylı yonma təmizləmə sexində işlədiyi təmizləyici və nəqledici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 11100000 Xİ. Metal emalı 11101000 1. Tökmə istehsalı 1110100a a) fəhlələr 1110100a—15379 tökməni sumbata və əllə (çəkiclə, qələmlə, pnevmoalətlə) düzəltməklə məşğul olan təmizləyicilər və 1110100a—19219 isti iş sahələrində məşğul olan tökmə istehsalında nəqlediciləri kodunda nəzərdə tutulmuşdur. Həmçinin xx.xx.1993-xx.xx.2006-cı illərdə Azərbaycan Dəmir Yolları 4 nömrəli Hacıqabul İşarəvermə və rabitə sahəsində (Hal-hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrakstruktur Departamentinin 4 nömrəli Hacıqabul İşarəvermə və Rabitə sahəsi) 2-ci, 3cü, 4-cü və 5-ci dərəcəli elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23000000 XXVİİİ. Nəqliyyat 23001000 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, 23001000—19825 magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları kodunda nəzərdə tutulmuşdur. Həmin peşələrin Həmin peşənin həyata keçirdiyi fəaliyyətin xüsusiyyətləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda qeyd olunması işdə olan, "xxxx" QSC İnfrastruktur Departamenti 4 nömrəli Hacıqabul İşarəvermə və Rabitə sahəsinin xx.xx.2020-ci il tarixli 191 nömrəli güzəştli arayışı və "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 10 nömrəli arayışı ilə sübut olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ xx.xx.2017-ci ildə yaranmışdır. Buna baxmayaraq, iş materialları və iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana 2021-ci ildə müraciət etmişdir. Cavabdehin imtina məktubu əsasında iddiaçının ilkin müraciət ərizəsinin xx.xx.2021-ci ildə cavabdeh orqana daxil olması müəyyən edilmiş və iddiaçı tələbini dəqiqləşdirərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.