Məhkəmə qərarları › İş №2-1(116)-1304/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1304/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1304/2020 24.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X7rşı "JN-5467A kod 90101002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 0,05 ha torpaq sahəsinə faktiki ölçülərinə uyğun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı öz adına olan JN-5467A kod 90101002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"ni cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X11 təqdim edərək, həmin sənəddə göstərilən 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, Yevlax şəhərinin elektron xəritə bazasında (DWG) JN-5467A nömrəli torpaq sahəsi öz əksini tapmamış, elektron adlı siyahıda İddiaçı adı qeyd edilməmiş, Yevlax şəhərinin torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında İddiaçı adına JN-5467A nömrəli şəhadətnamənin olması barədə məlumat qeyd olunmamışdır. Bundan başqa, sözügedən şəhadətnamənin ikinci nüsxəsi Ərazi İdarəsinin arxivində mövcud deyil. Bundan sonra iddiaçı hazırkı iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, həmin torpaq sahəsi Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarı ilə onun adına verilmişdir. Cavabdehin vətəndaşları incitmək xarakteri daşıyan formal və qərəzli şəkildə bu kimi imtinalar verməsi vətəndaşların dövlət orqanlarına inamının azalmasına səbəb olur. Daha sonra İddiaçı məhkəmənin xx.xx.2020-ci il tarixli məktubuna cavab olaraq yazdığı ərizədə bildirmişdir ki, JN-5467A kod 90101002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsinin torpaq islahatından əvvəl onun istifadəsinə verilməsinə dair heç bir sənəd mövcud deyil. Cavabdeh iddia ilə bağlı xx.xx.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad edərək iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçıya şifahi məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Cavabdehin nümayəndəsi X3 isə iddianı qəbul etmədi və etirazın məzmununa uyğun izahat verdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarından görünür ki, Yevlax şəhərində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi və s. qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Yevlax şəhərinin həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. - JN-5467A kod 90101002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin surətindən görünür ki, Yevlax Rayon AİK-in xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarı ilə 0,05 ha torpaq sahəsi İddiaçı verilmişdir. - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X10 xx.xx.2020ci il tarixli məktubundan görünür ki, Yevlax şəhərinin elektron xəritə bazasında (DWG) JN- 5467A nömrəli torpaq sahəsi öz əksini tapmamış, elektron adlı siyahıda İddiaçı adı qeyd edilməmiş, Yevlax şəhərinin torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında İddiaçı adına JN-5467A nömrəli şəhadətnamənin olması barədə məlumat qeyd olunmamış, sözügedən şəhadətnamənin ikinci nüsxəsi Ərazi İdarəsinin arxivində mövcud deyil. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Sadalanan normalardan göründüyü kimi, torpaq islahatı zamanı torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilməsinin şərti bundan ibarətdir ki, həmin torpaq sahəsi islahatdan əvvəl onun qanuni istifadəsində olmalıdır. Lakin müəyyən edildi ki, iddiaçının tələb etdiyi torpaq sahəsi torpaq islahatından əvvəl onun qanuni istifadəsində olmamışdır. Məhkəmə tərəfindən iddiaçıya belə bir sənəd vardırsa məhkəməyə təqdim etməsi təklif olunmuş, lakin o, xx.xx.2020-ci il tarixli ərizəsində belə bir sənədin mövcud olmadığını bildirmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli arayışı ilə müəyyən edildi ki, İddiaçı adı, mülkiyyətinə həyətyanı torpaq sahələri verilmiş Yevlax şəhər sakinlərinin siyahısında yoxdur. Məhkəmə hesab edir ki, belə olan halda, qeyd olunan 0,05 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ yaranmamışdır. Bundan başqa, iddiaçının təqdim etdiyi JN-5467A kod 90101002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də onun qonşuları kimi X6 (6252A), X8 (5353A), X5 (4892A) adlı şəxslər, həmçinin 5503A nömrəli şəhadətnamə göstərilmişdir. Bununla bağlı məhkəmə tərəfindən cavabdehə sorğu edilərək alınmış xx.xx.2020-ci il tarixli arayışla müəyyən edildi ki, qonşu kimi qeyd olunan həmin torpaq sahələri və onlara dair verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lər elektron xəritə bazasında və adlı siyahıda yoxdur. Göründüyü kimi, iddiaçının adına olan JN-5467A kod 90101002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş məlumatlar həqiqətə uyğun deyil. Bu səbəbdən də həmin sənəddə göstərilən 0,05 ha torpaq sahəsinin yerinin, koordinatlarının müəyyən edilməsi mümkün deyil. Şəhadətnamədə göstərilən 0,05 ha torpaq sahəsinin poçt ünvanı barədə məhkəməyə məlumat verməsi məhkəmənin xx.xx.2020-ci il və təkrarən xx.xx.2020-ci il tarixli məktubları ilə iddiaçıya təklif edilsə də, o, bu məlumatı məhkəməyə verməmişdir. Beləlikə, məhkəmə bu qənaətə gəldi ki, 0,05 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ mövcud olmadığına görə cavabdehin bu hüququ qeydiyyata almaq öhdəliyi yoxdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Eyni hüquqi mövqe oxşar məzmunlu 2-1(102)-1125/2020 nömrəli başqa bir inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarında da ifadə edilmişdir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X7rşı "JN-5467A kod 90101002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 0,05 ha torpaq sahəsinə faktiki ölçülərinə uyğun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar