Məhkəmə qərarları › İş №2-1(116)-1305/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1305/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1305/2021 05.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Ucar Rayon Qeydiyyat Şöbəsinə qarşı “24.06.2018-ci il təvəllüdlü X5 və 08.04.2021-ci il təvəllüdlü X1 “İsmətli” kimi yazılması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.06.2018ci il təvəllüdlü X5 və 08.04.2021-ci il təvəllüdlü X1 “İsmətli” kimi yazılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının X4 ilə 16.06.2017-ci il tarixdə rəsmi nikahı qeydiyyatından (qeydiyyat №-si 157) keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 24.06.2018-ci il təvəllüdlü X8 və 08.04.2021-ci il təvəllüdlü X6 adlı iki övladları anadan olmuşdur. İddiaçının övladlarının soyadı onun ulu babasının şərəfinə “Qəhrəmanov” olmasına baxmayaraq, iddiaçı mərhum atası İsmətin adını əbədiləşdirmək məqsədilə hər iki oğlunun soyadının “İsmətli” soyadına dəyişdirilməsi üçün ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh 17.07.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının uşaqlarının soyadları qanunvericiliyə uyğun olaraq milli soyad formasında uşaqların valideynlərinin soyadı ilə “Qəhrəmanlı” kimi yazılmışdır. Hal-hazırda uşaqlara ata və yaxud baba adı ilə soyadın verilməsi və yaxud uşaqların soyadının ata adına dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də, iddiaçının uşaqlarının soyadlarını “Qəhrəmanlı”dan “İsmətli”yə dəyişdirilməsi qeydiyyat şöbəsində mümkün olmadığına görə iddiaçının tələbinin yerinə yetirilməsindən imtina olunmuşdur. Cavabdeh məhkəmənin 23.08.2021-ci il tarixli sərəncamına cavab məktubunda bildirmişdir ki, iddiaçının uşaqlarının soyadının dəyişdirilməsinin mümkün olmaması barədə ona 17.07.2021-ci il tarixdə 273 saylı məktubla imtina haqqında rəy verilmişdir. V.İ.Qəhrəmaovun uşaqlarının soyadının dəyişdirilməsi ilə əlaqədar qeydiyyat şöbəsinin əlavə təklifi, sübutu və etirazı yoxdur. Buna görə də, Ucar rayon Qeydiyyat Şöbəsində iş yükünün ağır olması və işçi qüvvəsinin az olması səbəbindən işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan 190004 nömrəli Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X7 arasında 16.06.2017-ci il tarixdə nikah bağlanılmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2017-ci ilin iyun ayının 16-cı günündə 157 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra X7 “Qəhrəmanova” soyadını qəbul etmişdir. İş materiallarında olan 122549 nömrəli Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 24.06.2018-ci il tarixdə Ucar rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2018-ci ilin iyul ayının 04-cü günündə 215 nömrəli qeyd aparılmışdır. Əli Qəhrəmanlının atası İddiaçı, anası X2r. İş materiallarında olan 567712 nömrəli Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 08.04.2021-ci il tarixdə Ucar rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2021-ci ilin aprel ayının 19-cu günündə 130 nömrəli qeyd aparılmışdır. Əkbər Qəhrəmanlının atası İddiaçı, anası X2r. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iddiaçı bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəməyə 05.10.2021ci il, saat 10:38-də daxil olan məktubunda işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM 68.1) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin məcəllənin 54.1-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” 02 fevral 1993-cü il tarixli 495 nömrəli Qərarının birinci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə soyad sonluğu ilə bağlı konkret siyahını nəzərdə tutan normativ hüquqi akt qəbul olunmamışdır. Lakin, bu sahədə istinad olunan yeganə hüquqi akt Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan qərarıdır. Həmin Qərarda isə “-ov”, “- yev” sonluqlu soyadların dəyişilməsi qaydası dəqiq formada müəyyənləşdirilmişdir. Hazırkı iş üzrə valideynlərin soyadı “Qəhrəmanov” olduğundan göstərilən Qərarın müddəaları onlara da şamil edilir. Belə ki, valideynlərin soyadı “-yev” sonluğu ilə bitdiyindən, Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan Qərarı həmin sonluğun “-li”, “-zadə”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilməsinə imkan verir. Odur ki, qanunvericiliklə ”Qəhrəmanov” soyadının – “Qəhrəmanlı”, “Qəhrəmanzadə”, “Qəhrəmanoğlu”, “Qəhrəman” ifadə formaları ilə əvəz edilmə imkanı nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərdən aydın olur ki, sözügedən qərarda “yalnız”, “əvəz etməlidirlər” kimi ifadələr qeyd olunmasa da, onlar dispozitiv norma kimi başa düşülməməlidir. Belə ki, həmin Qərar sonluğun dəyişmə qaydasını müəyyən etmək üçün qəbul olunmuşdur və “-ov”, “-yev” sonluqlu soyadın bu Qanunda göstəriləndən başqa formada dəyişməsinin mümkünlüyü nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının: 4.1-ci bəndinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir; 4.2-ci bəndinə görə, şağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir; 4.3-cü bəndinə əsasən, valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur; 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2-ci bəndinə əsasən, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-6.28-ci bəndlərinə müvafiq olaraq, 6.24. ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; 6.25. atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; 6.26. hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; 6.27. valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; 6.28. valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək müəyyən edilmişdir ki, iddiaçı övladlarına ilkin doğum haqqında şəhadətnamə alarkən soyadlarının milli soyad sonluğuna uyğun olaraq Qəhrəmanlı kimi qeyd edilməsini xahiş etmiş, bu barədə iddiaçıya iş materiallarına təsdiq edilmiş surətləri əlavə edilən müvafiq Doğum haqqında şəhadətnamələr verilmişdir. Daha sonra isə iddiaçı mərhum atası İsmət Qəhrəmanovun adını əbədiləşdirmək məqsədilə hər iki övladının soyadının “Qəhrəmanlı”dan “İsmətli” soyadına dəyişdirilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmiş və tərəflər arasında hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Ucar Rayon Qeydiyyat Şöbəsinə qarşı “24.06.2018-ci il təvəllüdlü X5 və 08.04.2021-ci il təvəllüdlü X1 “İsmətli” kimi yazılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar