Məhkəmə qərarları › İş №2-1(116)-131/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-131/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-131/2025 06.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu, Sarıbulaq kəndində yerləşən 0,5064 ha kənd təəəsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək “Balakən rayonu, Sarıbulaq kəndində yerləşən 0,5064 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Balakən rayonu, Sarıbulaq kəndində yerləşən 0,5064 ha kənd təəəsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, mərhum babası X3 və nənəsi X2 miras qalmış 0,5064 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Qanun üzrə vərəsəlik hüququnda şəhadətnamədə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdeh orqan sözügedən torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərq olmasını, torpaq sahəsinin sənəd üzrə sahədən 0,3084 ha az olmasını bildirərək müraciətin təmin edilməsindən imtina etmiş, torpaq sahəsinin faktiki istifadə etdiyi ölçüdə 0,1980 ha qeydiyyata alınmasına dair notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi əlavə edərək yenidən müraciət edildiyi təqdirdə məsələyə baxılacağını bildirmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərq vardır. Belə ki, torpaq sahəsi sənəd üzrə sahədən 0,3084 ha azdır. Buna görə də onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-3576/2023 (**********76) nömrəli məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, xx.xx.2023-cü il tarxili qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, JN 587 nömrəli Dövlət Aktı, cavabdehin xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli məktubularına əlavə edilmiş mütəxəssis rəyləri. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: - 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsi bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxsləri sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər olaraq müəyyən etmişdir. Sözügedən Qanun xx.xx.1996-cı ildə qəbul edilmiş, xx.xx.1997-ci ildə dərc olunmuşdur. Yuxarıda qeyd olunmuş normaların məzmunundan göründüyü kimi, yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə ilk öncə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən etmişdir. Məhz həmin siyahı tərtib edildikdən sonra, kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrinin ayrılmasını, torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlanmasını həyata keçirmiş, hazırlanmış sənədləri vətəndaşlara təqdim etmişlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində ... vərəsəlik hüququ haqqında ... şəhadətnamələr ... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Belə ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Balakən rayonu, Sarıbulaq kəndində yerləşən 0,5064 ha kənd təəəsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmasına nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd qismində xx.xx.2023-cü il tarxili qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə istinad edir. Sözügedən Şəhadətnamələrdə qeyd edilmişdir ki, Şəhadətnamələr verilən miras əmlak Balakən rayonu DTXK tərəfindən xx.xx.2000-ci il tarixdə X5 və X4 verilmiş JN-578A saylı Dövlət Aktına əsasən Balakən rayonu Sarıbulaq kəndində yerləşən ümumi sahəsi 0,5064 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. İş materialarında olan JN-578A saylı Dövlət Aktından görünür ki, Balakən rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 05 saylı qərarı ilə X5 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,76 ha torpaq sahəsi ayrılmışdır. Hazırda cavabdeh orqanla iddiaçı arasında yaranmış mübahisə sözügedən Dövlət Aktının 578A planşetində qeyd edilmiş 5064,29 kv.m torpaq sahəsi ilə bağlı yaranmışdır. Belə ki, cavabdeh orqan iddiaçının faktiki istifadəsinə olan torpaq sahəsinin ölçüsünün sənəd üzrə torpaq sahəsindən 0,3084 ha az olmasını bildirir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə cavabdeh orqandan mütəxəssis rəyi alınmışdır. Təqdim edilmiş ilkin mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-578 KOD 40112018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş 0.76 ha torpaq sahəsinin TEKUİS məlumatlarına əsasən ölçüləri 0.26 ha olmaqla Balakən rayonu Sarıbulaq bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı əkin sahəsidir. İddiaçının naturada faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüləri 0.198 hektardır və həmin torpaq sahəsi başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Həmin torpaq sahəsi JN-578 nömrəli Dövlət Aktının TEKUİS-də yerləşmə vəziyyəti ilə uyğun gəlmir. Torpaq sahəsinin ölçülərinin naturada azalmasına səbəb həmin ərazidə vətəndaşların faktiki fiziki sərhədləri daxilində istifadə etdiyi torpaq sahələri ilə kompleks yerquruluşu layihələrində göstərilən cizgilərin uyğun olmaması olmuşdur. Mütəxəssis rəyində qeyd edilir ki, JN-578A planşetində qeyd olunan 0.5064 ha torpaq sahəsinin DWJ-də yerləşən cizgisi nəzərə alınmaqla hazırda həmin torpaq sahəsi ilə üst-üstə düşən subyektlər barəsində TEKUİS məlumat bazasında hansı nömrə ilə hansı subyektlərə işləndiyi barədə məlumat öz əksini tapmadığına görə həmin torpaq sahəsinin üst-üstə düşdüyünü müəyyən etmək olmamışdır. Həmin ərazidə yerləşən torpaq sahələrinin TEKUİS məlumat bazasındakı cizgiləri ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərdə kəskin konfiqurasya fərqləri mövcuddur, JN-578 nömrəli Dövlət Aktının DWJ-də cizgisi nəzərə alınmaqla hazırda həmin torpaq sahəsi ilə üst-üstə düşən digər Döviət Aktları barədə (TEKUİS istinad olunmaqla) məlumat veririk ki, həmin ərazidə yerləşən mülkiyyətçilərin hüquqmüəyyənedici sənədlərindəki nömrələri və adları TEKUİS məlumat bazasında işlənilməmiş və bələdiyyə mülkiyyəti kimi işlənilmişdir. Üst-üstə düşən torpaq sahələrin Dövlət Aktına münasibətdə DWJ və TEKUİS məlimatlarında ölçülərində fərq yaranması ilə bağlı bildirilir ki, həmin ərazidə yerləşən hər hansı bir mülkiyyətçinin DWJ-göstərilən nömrəsi və mülkiyyətçisi barədə məlumat TEKUİS məlumatlarında öz əksini tapmamışdır. Mübahisələndirilən torpaq sahəsinin kompleks yerquruluşu layihəsinə, naturada istifadə vəziyyəti və TEKUİS məlumat bazasına əsasən yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş yerquruluşu planından müəyyən edilir ki, iddia olunan torpaq sahəsi JN-578A planşetində qeyd olunan 0.5064 ha torpaq sahəsinin DWJ-də yerləşən cizgisi ilə üst-üstə düşür. Həmin torpaq sahəsinin naturada azalmasına səbəb qonşu torpaq sahələrinin istifadəçiləri tərəfindən hər hansı hüquq müəyyənedici sənədə istinad olunmadan torpaq sahəsindən istifadə edilməsi ilə bağlıdır. Cavabdeh orqan mütəxəssis rəyində qeyd edir ki, JN-578A planşetində qeyd olunan 0.5064 ha torpaq sahəsinin DWJ-də yerləşən cizgisi ilə üst-üstə düşən hissədəki torpaq sahələrinə münasibətdə TEKUİS məlumat bazasında hansı nömrə ilə hansı subyektlərə işləndiyi barədə məlumat öz əksini tapmamış, bələdiyyə mülkiyyəti kimi işlənilmişdir. Məhkəmə qeyd edir ki, torpaq islahatı dövründə aparılmış ölçmələrin və verilmiş sənədlərin bir çox hallarda faktiki vəziyyətlə uyğun olmaması məhkəmə təcrübəsindən və inzibati orqanın praktikasından məlumdur Bunun hüquqi həlli məhz Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanında nəzərdə tutulmuş və torpaqların faktiki istifadəsinə uyğun tənzimləmə mexanizmi müəyyən edilmişdir. Sözügedən Fərmanın qəbul edilməsinin başlıca məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək olmuşdur. Belə ki, torpaq islahatından sonra belə ölçü uyğunsuzluqlarının sistemli şəkildə qalması dövlətə məlum idi və bu səbəbdən də müvafiq fərman verilməklə torpaqların real istifadə vəziyyətinə uyğun hüquqi mexanizm yaradılmış, torpaq islahatı prosesi zamanı yaranmış ölçü uyğunsuzluqlarının həlli məqsədilə istinad olunan Fərmanın müvafiq bəndlərində xüsusi tənzimləmə müəyyən edilmişdir. İstinad olunan “Fərman”ının 2.3.2-ci bəndində torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi... 2.3.5-ci bəndində ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi qeyd olunmuşdur. Göründüyü kimi Fərmanın 2.3.2-ci bəndinə əsasən, torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılması torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılmalıdır. Bu o deməkdir ki, əgər sənəddə göstərilən ölçü ilə faktiki istifadə arasındakı fərq yalnız sənəd üzərində qeyri-dəqiqlikdən irəli gəlirsə və real istifadə olunan torpaq sahəsi dəqiq müəyyən edilə bilirsə, bu halda sənəd dəyişdirilmədən hüquqi qeydiyyat davam edə bilər. Lakin, fərmanda aydın şəkildə göstərilir ki, torpaq sahəsinin faktiki ölçüsü sənəddə göstəriləndən az olduqda, yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçüsü göstərilməlidir və bu, yalnız mülkiyyətçinin, istifadəçinin və ya icarəçinin yazılı razılığı əsasında həyata keçirilə bilər. Bu prinsip istənilən halda torpaq sahibinin hüquqlarını qorumaqla yanaşı, real vəziyyəti də hüquqi müstəvidə tanımağa imkan yaradır və qeydiyyatın formallığını aradan qaldırır. 2.3.5-ci bəndə görə isə, torpaqla bağlı layihələr və sənədlər, normativ hüquqi aktların tələblərinə uyğun olduğu və digər şəxslərin hüquqları pozulmadığı hallarda, faktiki istifadə vəziyyəti əsas götürülərək tərtib edilməlidir. Bu müddəa bir daha təsdiq edir ki, torpaq sahələrinin ölçüləri ilə bağlı sənəddə göstərilən məlumatlarla real vəziyyət arasında fərq olduqda, cavabdeh real vəziyyəti nəzərə almalı və bu fərqin hüquqi sənədlərə uyğunlaşdırılmasını təmin etməlidir. Hazırkı işin hallarından görünür ki, cavabdeh orqan iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün sənəd üzrə torpaq sahəsinin ölçüsünə tamamlanması istiqamətində hər hansı araşdırma aparmamış, JN-578A planşetində qeyd olunan 0.5064 ha torpaq sahəsinin DWJ-də yerləşən cizgisi ilə torpaq sahəsinin aid olduğu mülkiyyətçilərin dairəsi dəqiq məlum olmasına baxmayaraq, həmin torpaq sahəsini bələdiyyə mülkiyyəti kimi uçota alınmasına istinad edərək müraciətin təmin edilməsindən imtina etmişdir. Yuxarıda qeyd edildiyi kimi sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə ümumiyyətlə heç bir aidiyyəti olmamışdır. Torpaq sahəsinin azalmaya məruz qalmış hissəsində digər subyektlərin hüquqi statusunun yeni elektron uçot sistemində qeydiyyatı qeyri-müəyyəndir. Eyni zamanda, cavabdeh orqanın hüquqi qeydiyyat prosesindəki qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlmiş hər hansı araşdırma aparması da, müəyyən olunmur. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı, JN-578A planşetində qeyd olunan 0.5064 ha torpaq sahəsinin sənəd üzrə ölçüləri nəzərə alınmaqla mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Balakən rayonu, Sarıbulaq kəndində yerləşən 0,5064 ha kənd təəəsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar