Məhkəmə qərarları › İş №2-1(116)-1311/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1311/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1311/2020 22.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı “xx xxxxxx 1984-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X4 Məktəbində məşqçi müəllim işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx xxxxxx 1984-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X4 Məktəbində məşqçi müəllim işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1955-ci il tarixdə Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuşdur. O, xx xxxxxx 1984-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X4 Məktəbində məşqçi müəllim işləmişdir. İddiaçı ona əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan sözügedən müəssisənin uzun müdət fəaliyyətinin olmamasını, müəssisəyə aid olan sənədlərin Dövlət Arxivində saxlanılmadığını, əmək haqqı arayışının əldə edilə bilmədiyini əsas gətirərək pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubda qeyd edilir ki, iddiaçının pensiya hüququ xx.xx.2020-ci il tarixdən yaranmışdır. İddiaçının mübahisəli iş stajı 9 il 6 ay 4 gün, mübahisələndirilməyən iş stajı isə 16 il 2 ay 13 gün təşkil edir. İddiaçının tələbində qeyd edilən müəssisədə iş stajı 9 il 6 ay 4 gün təşkil edir. İddiaçının arxiv arayışına əsasən sosial sığorta stajı olmadığından qarşılıqlı yoxlama aktının tərtib edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar verilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********0 nömrəli imtina məktubu, Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 154 nömrəli arxiv arayışı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubu, iddiaçının tələbə bileti, hərbi bileti və qiymət kitabçasının təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh orqan tərəfindən bildirilmişdir ki, iddiaçının mübahisələndirilməyən iş stajı 16 il 2 ay 13 gün təşkil edir. İddiaçının Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X4 Məktəbində işlədiyi dövr cavabdeh orqan tərəfindən mübahisələndirilir ki, bu da 9 il 6 ay 4 gün müddəti əhatə edir. Qeyd olunanlardan da göründüyü kimi əgər iddiaçının tələbində qeyd etdiyi iş müddəti onun sosial sığorta stajına daxil edilərsə, tələb olunan 25 il sığorta stajı tamamlanmış olacaqdır. (16 il 2 ay 13 gün mübahisələndirilməyən staj + mübahisəli 9 il 6 ay 4 gün = 25 il 8 ay 17 gün) Məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasında tələbdə qeyd olunan müəssisədəki iş dövrünə aid qeydlərdə qaralamalar aşkar edilmişdir. Belə ki, əmək kitabçasının 4-cü səhifəsində 4-cü qeyddə işə girmə tarixində (ildə) düzəliş edildiyi açıq aşkar müəyyən olunur. İşə girmə tarixi xx.xx.1992-ci il düzəliş edilərək, yəni 1992-ci il 1993 edilmiş, həmçinin işə girmə əmrinin tarixi də müvafiq olaraq 1992-ci il 1993 edilmiş beləliklə də iddiaçının tələb olunan stajının tamamlanması üçün lazım olan bir il müddət qeyd edilən düzəlişlər əsasında formalaşdırılmışdır. Əslində isə düzəliş edilməmiş müddət nəzər alınsa, iddiaçının 16 il 2 ay 13 gün mübahisələndirilməyən staj + mübahisəli 8 il 6 ay 4 gün = 24 il 8 ay 17 gün stajı olur ki, bu da tələb olunan 25 il stajdan azdır. Həmçinin iş materiallarına əlavə edilmiş Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020ci il tarixli 154 nömrəli arxiv arayışından müəyyən edilmişdir ki, Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X4 Məktəbinin əmr kitabları və əmək haqqı sənədləri Yevlax Dövlət Arxivinə təhvil verilmədiyindən iddiaçının həmin müəssisədəki iş stajının müəyyən edilməsi mümkün olmamışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xx xxxxxx 1984-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək müddətdə Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X4 Məktəbində işlədiyi müddət onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı “xx xxxxxx 1984-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X4 Məktəbində məşqçi müəllim işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar