Məhkəmə qərarları › İş №2-1(116)-1311/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1311/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1311/2022 23.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialina qarşı “Rusiya Federasiyasında yerləşən “X1”da xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi 5 il 6 ay və xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi 22 il 5 ay olmaqla, cəmi 27 il 11 ay müddətin iş stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialina qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Rusiya Federasiyasında yerləşən “X1”da xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi 5 il 6 ay və xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi 22 il 5 ay olmaqla cəmi 27 il 11 ay müddətin iş stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, hərbi xidmət və əmək fəaliyyəti müddətlərini, həmçinin Rusiya Federasiyasında yerləşən “X1”da xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi cəza çəkdiyi 5 il 6 ay müddəti nəzərə almaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını, iddiaçının 22 il 5 ay sığorta stajının olmasını və bu müddətin tələb olunan 25 ildən az olmasını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cəza çəkdiyi dövrdə işləməsinə dair heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə (1 il 9 ay 23 gün) hərbi xidmətdə olmuşdur. - iddiaçıya məxsus, xx.xx.1982-ci ildə tərtib edilmiş, AT-İİİ ******* №-li əmək kitabçasına əsasən, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1982 – xx.xx.1985 (3 il, 17 gün), xx.xx.1987 – xx.xx.2004 (17 il, 6 ay, 28 gün). - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. - 5588 nömrəli attestatdan görünür ki, iddiaçı, islah əmək düşərgəsində olduğu müddətdə yəni, xx.xx.1978-xx.xx.1979-cu illərdə Qorki vilayətinin Burepolom qəsəbəsində texniki peşə məktəbində avtomobillərin təmiri üzrə çilingər peşəsi üzrə təhsil almışdır. - 077740 nömrəli k-231 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.1977-ci ildə Qorki Qarnizonu Hərbi Tribunalı tərəfindən 8 il müddətinə məhkum olunmuş, xx.xx.1977xx.xx.1982-ci illərdə cəzasını çəkmiş, xx.xx.1982-ci ildə cəzasının çəkilməsindən vaxtından əvvəl şərti azad edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi: Maddə 96.4. Məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt ümumi əmək stajına daxil edilir. Əmək stajının hesablanması təqvim ilinin yekununa əsasən, cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən aparılır. Azərbaycan Respublikasının İslah Əmək Məcəlləsi: Maddə 50. Məhkumların azadlıqdan məhrumetmə yerlərində cəza çəkdikləri dövrdə işlədikləri vaxt ümumi əmək stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər ödənildiyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1957-ci ildə doğulub). Cavabdehin iddia tələbinə etirazının dəlilləri aşağıdakılardan ibarətdir: - iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. - iddiaçının 22 il 5 ay sığorta stajı var və bu müddət tələb olunan 25 ildən azdır. - iddiaçı cəza çəkdiyi dövrdə işləməsinə dair heç bir sənəd təqdim etməmişdir. İşin hallarından göründüyü kimi cavabdeh orqan iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı müddətini 22 il 5 ay olaraq qəbul edir. Qeyd olunan dövr iddiaçının hərbi xidmət və əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti müddətlərindən ibarətdir. Cavabdehin “iddiaçının cəza çəkdiyi dövrdə işləməsinə dair heç bir sənəd təqdim etməməsi ilə bağlı” dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının cəza çəkdiyi dövrdə qüvvədə olan islah-əmək qanunvericiliyində ictimai faydalı əmək islah-əmək müəssisələrində cəza çəkən şəxslərin islah olunması və yenidən tərbiyləndirilməsi ilə bağlı əsas vasitələrdən biri kimi nəzərdə tutulurdu. Belə ki, SSRİ Ali Soveti tərəfindən qəbul edilmiş xx.xx.1969-cu il tarixli 4074 saylı Qanunla təsdiq edilmiş “SSR İttifaqı və müttəfiq respublikalarda islah-əmək qanunvericiliyinin Əsasları”nın, habelə onun əsasında Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş və 1971-ci il iyunun 1-dən qüvvəyə minmiş “Azərbaycan SSR İslah Əmək Məcəlləsi”nin müvafiq olaraq 1-ci maddələrinə əsasən islah-əmək qanunvericiliyinin vəzifəsi cinayət cəzasının icrası zamanı həm də məhkumların islah olunmasına və əməyə vicdanlı münasibət, qanunlara dürüst əməl etmək və sosialist birgəyaşayış qaydalarına hörmət etmək ruhunda yenidən tərbiyələndirilməsinə nail olmaqdan ibarətdir. İstinad olunan həmin qanunvericiliyin normaları ilə islah-əmək müəssisələrində və həbsxanalarda cəza çəkən şəxslər üçün 8 saatlıq iş günü müəyyən edilmişdir. Həmçinin həmin qanunvericiliyin tələblərinə görə azadlıqdan məhrum edilmiş şəxslərin əməyi onun kəmiyyət və keyfiyyətindən asılı olaraq xalq təsərrüfatında qüvvədə olan normalar üzrə ödənilirdi (“SSR İttifaqı və müttəfiq respublikalarda islah-əmək qanunvericiliyinin əsasları”nın 7-ci və 28-29-cu maddələri). Qeyd olunan normalardan göründüyü kimi, islah-əmək müəssisələrində cəza çəkən şəxslərin əmək fəaliyyətinə cəlb olunması məcburi xarakter daşıyır və məhkumların ictimai faydalı əməkdən yayınmasına yol verilmirdi. Əksinə, ictimai faydalı əmək məhkumların islah və yenidən tərbiyə olunmasının vacib vasitələrindən hesab olunurdu. İddiaçının islahəmək müəssisələrində cəza çəkdiyi dövrdə əmək fəaliyyətinə dair arxiv sənədlərinin aşkar olunmaması onun həmin cəzaçəkmə müəssisələrində əmək fəaliyyəti ilə məşğul olduğunu istisna edən hal kimi qiymətləndirilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-1446/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). İşdə olan iddiaçıya məxsus attestatdan da görünür ki, iddiaçının cəza çəkdiyi müddətdə əmək fəaliyyəti ilə məşğul olması zərurəti mövcud olduğundan o, Qorki vilayətinin Burepolom qəsəbəsində yerləşən texniki peşə məktəbində xx.xx.1978xx.xx.1979-cu illərdə avtomobillərin təmiri üzrə çilingər peşəsi üzrə təhsil alınmasına cəlb edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 25, 35, 38 və 71-ci maddələri ilə əlaqədar Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin şərh edilməsi haqqında 20 aprel 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, Məhkumların cəza çəkmə dövründə işlədikləri vaxtın onların ümumi iş stajına hesablanmasını nəzərdə tutan Azərbaycan Respublikası İslah- Əmək Məcəlləsinin 50-ci maddəsinin beşinci hissəsinin müddəası 1997-ci il fevralın 7-nə qədər azadlıqdan məhrumetmə yerlərindən azad edilmiş şəxslərə də şamil edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilməyən 22 il 5 ay sosial sığorta stajı ilə, “X1”da xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi cəza çəkdiyi 5 il 6 ay müddət toplandıqda iddiaçının 25 ildən çox sosial sığorta stajı yaranır ki, bu da ona yşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Beləliklə, iddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin X2 Filialının üzərinə Rusiya Federasiyasında yerləşən “X1”da xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi 5 il 6 ay və xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi 22 il 5 ay olmaqla, cəmi 27 il 11 ay müddətin sosial sığorta stajına daxil edilərək İddiaçı1, hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar