Məhkəmə qərarları › İş №2-1(116)-1314/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1314/2020

25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1314/2020 25.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2000-cı il tarixində Zərdab rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 1981-ci il təvəllüdlü oğlu Qasımov Böyükağa Hüseynağa oğlu hərbi xidmət vəzifələrinin icrası zamanı dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə, 2-3 metr hündürlüyündə qarın içərisində, 20-25 dərəcə şaxtada xidməti vəzifələrinin icrası zamanı döyüş mövqeyində düşmənlə üzbəüz səngərdə əlində silah kəskin ağ ciyər-ürək damar çatmamazlığı nəticəsində vəfat etdiyinə görə şəhid statusu verilməsi üçün müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2000-cı il tarixində Zərdab rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 1981-ci il təvəllüdlü oğlu Qasımov Böyükağa Hüseynağa oğlu hərbi xidmət vəzifələrinin icrası zamanı dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə, 2-3 metr hündürlüyündə qarın içərisində, 20-25 dərəcə şaxtada xidməti vəzifələrinin icrası zamanı döyüş mövqeyində düşmənlə üzbəüz səngərdə əlində silah kəskin ağ ciyər-ürək damar çatmamazlığı nəticəsində vəfat etdiyinə görə şəhid statusu verilməsi üçün müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı ərizəsi düzgün tərtib olmadığından, məhkəmə tərəfindən ona xx.xx.2020-ci il tarixli nömrəli yardım məktubu ünvanlanaraq qeyd edilmişdir ki, iddianız üzrə hazırkı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tələbinizə cavab verməli olan orqan deyil. Belə ki, şəhid statusu verilməsi üçün müvafiq arayışı verməli orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon Şöbəsi olmalıdır. Ona görə də qeyd etdiyi tələblə ilk növbədə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon Şöbəsinə ərizə ilə müraciət etməlidir. Əgər həmin şöbə tərəfindən müraciətinin təmin edilməsindən imtina olunarsa, o halda məhkəmədə qeyd etdiyi tələblə ona qarşı iddia qaldıra bilər. Qeyd olunanlarla bağlı münasibət bildirməyi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2020-ci il tarixdə məktub iddiaçının ünvanına göndərilmiş və xx.xx.2020-ci il tarixində xəbərnaməyə imza edilməklə alınmışdır. İddiaçı tərəfindən yardıma münasibət bildirilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 4.1-ci bəndinə əsasən Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İddia ərizəsinə əlavə olunan Müdafiə Nazirliyinin İşlər X1 xx.xx.2020-ci il tarixli arxiv arayışından da görünür ki, iddiaçının mərhum oğlunun rütbəsi “əsgər” olmuşdur. Odur ki, iddiaçıya izah olunur ki, hazırki tələblə o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinə müraciət etməli, müraciəti təmin olunmazsa, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinə qarşı məhkəmədə iddia qaldırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1, 35.3, 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2000-cı il tarixində Zərdab rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 1981-ci il təvəllüdlü oğlu Qasımov Böyükağa Hüseynağa oğlu hərbi xidmət vəzifələrinin icrası zamanı dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə, 2-3 metr hündürlüyündə qarın içərisində, 20-25 dərəcə şaxtada xidməti vəzifələrinin icrası zamanı döyüş mövqeyində düşmənlə üzbəüz səngərdə əlində silah kəskin ağ ciyər-ürək damar çatmamazlığı nəticəsində vəfat etdiyinə görə şəhid statusu verilməsi üçün müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar