Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1314/2023 29.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət sosial yardım təyinatından imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət edilən xx.xx.2022-ci il tarixdən hər ay üçün 295 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq xx.xx.2022-ci il tarixdən aztəminatlı ailəyə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ünvanlı dövlət sosial yardım təyinatından imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası qanununun 3-cü və 8ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət edilən xx.xx.2022-ci il tarixdən hər ay üçün 295 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq xx.xx.2022-ci il tarixdən aztəminatlı ailəyə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki,iddiaçının ailəsi orta aylıq gəlirləri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan sosial yardım almaq hüququna malik olan aztəminatlı ailədir.İddiaçı ünvanlı sosial yardım almaq üçün cavabdeh inzibati orqana qanunvericiliyin tələbinə uyğun olaraq ilkin olaraq 23 aprel 2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə müraciət etmiş, VEMTAS tərəfindən təmsilçinin (İddiaçı) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbi ilə sosial yardımın təyin olunmasından imtina cavabı edilmişdir. İddiaçı tərəfindən ünvanlı sosial yardımın təyin olunması üçün 19 may 2022-ci il, 26 may 2022-ci il, 27 iyun 2022-ci il və 04 oktyabr 2022-ci il tarixli müraciətləri VEMTAS elektron sistemi tərəfindən iddiaçı tərəfindən zəruri məlumatların qurumlarla yoxlanılmasından sonra tələbin təmin olunmasından imtina edilmişdir.Qeyd olunan imtina səbəbləri kimi iddiaçının müvafiq məlumatları öz təsdiqini tapmaması olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi 28 mart 2023-cü il tarixli etiraz məktubunda İddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ilk dəfə xx.xx.2022-ci il tarixli **********73001 nömrəli ərizə ilə müraciət etmişdir. Həmin müraciətə qanunla nəzərdə tutulmuş müddət ərzində baxılmış və xx.xx.2022-ci il tarixdə qurumlarla yoxlama əsasında VEMTAS tərəfindən təmsilçinin (İddiaçı) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbi ilə ÜDSY təyin edilməsindən imtina edildiyini bildirmişdir. İddiaçı tərəfindən VEMTAS elektron sistemi vasitəsilə ÜDSY-i almaq üçün 10 dəfə fərqli tarixlərdə müraciət edilmişdir. Həmçinin qeyd edək ki, təmsilçinin sonuncu xx.xx.2023-cü il tarixli **********927 nömrəli müraciəti cavabdeh tərəfindən araşdırılır və hazırki tarixə qədər imtina verilməmişdir, yəni təmsilçinin müraciəti ilkin mərhələdən keçmişdir. Qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavabdeh tərəfindən ərizə-bəyannamədə qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilməsi (VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması) səbəbilə (Qaydaların 3.7.1-ci bəndinə müvafiq olaraq) imtina verilməsi qanunauyğun olmuşdur. Qeyd etmək istəyirik ki, təmsilçinin sonrakı müraciətlərinə ilkin mərhələdə VEMTAS tərəfindən imtina verilməmişdir, həmin müraciətlərdə artıq VÖEN-lə bağlı məlumat ərizə-bəyannamədə təmsilçi tərəfindən doğru daxil edildiyindən, imtinalar fəqli əsaslarla xüsusilə maddi-məişət şəraitinin keçirilməsi ilə bağlı olmuşdur. Cavabdeh məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərərk iddianın rədd olunmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun: 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 3.5-ci maddəsində deyilir ki, Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının : 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi və ailə üzvünün olduğu yerin məlum olmaması səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. 1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4-cü bəndinə əsasən, mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddiməişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Sadalanan normaların tələbindən göründüyü kimi, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər və sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına görə sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur və müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılaraq müvafiq qərar qəbul edilir. İş materiallarından müəyyən edilir ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətlərindən iki əsas üzrə imtina edilmişdir: 1.VEMTAS elektron sistemi tərəfindən iddiaçının müraciətində sistemə daxil edilən məlumatların qurumlarla yoxlanılması əsasında;
2. Cavabdeh inzibati orqanın əməkdaşlarının yerində yoxlaması nəticəsində-maddiməişət əsasında. İlk əvvəl qeyd etmək lazımdır ki,ünvanlı sosial yardımın təyin olunması üçün təmsilçi tərəfindən VEMTAS-a daxil olaraq tələb olunan məlumatları elektron formada doldurmaq və sonunda təsdiq etmək lazımdır.VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən müvafiq qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məhkəmə birinci kateqoriyadan olan imtinalara münasibətdə qeyd edir ki,iddiaçı tərəfindən ilkin olaraq 23 aprel 2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə müraciət etmiş, VEMTAS tərəfindən təmsilçinin (İddiaçı) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbi ilə sosial yardımın təyin olunmasından imtina cavabı verilmişdir. İddiaçının 19 may 2022-ci il tarixli müraciəti onun vergi ödəyicisi kimi uçota alınsa da gəliri barədə məlumatın təqdim edilməməsinə, "xxxx" ASC tərəfindən təqdim edilən məlumata əsasən abonent kodu ilə bağlı uyğunsuzluğun aşkar edilməsinə əsasən təmin olunmamışdır. İddiaçının 26 may 2022-ci il, 27 iyun 2022-ci il və 04 oktyabr 2022-ci il tarixli müraciətləri onun VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmamasına əsasən təmin olunmamışdır. İddiaçının ikinci kateqoriyadan olan 14 oktyabr 2022-ci il tarixli müraciəti iddiaçının telefon nömrəsinin yanlış qeyd edildiyi əsasında təmin edilməmişdir. İddiaçı tərəfindən “Ərizə-bəyannamə”də göstərilən məlumatlardan ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 faizindən az olduğu (ailənin ümumi telefon xərci 30 manat,adambaşına telefon xərci 10 manat və s) ailə üzvünün orta aylıq gəlirinin 116,85 manat olduğu müəyyən edilmişdir.İddiaçı məcburi köçün statusuna malik olmaqla,ailə başçının itirilməsinə görə sosial müavinət almaqla 8 yaşına çatmamış uşağa qulluq edən şəxs kateqoriyasına daxildir. İddiaçının müxtəlif tarixli müraciətlərinə və cavabdehin imtina bildirişlərinə hüquqi qiymət verən məhkəmə hesab edir ki,iddiaçı tərəfindən VEMTAS-a məlumatların natamam və ya doğru daxil edilməməsi öz təsdiqini tapır.Görünən əsaslarla tələbin təmin edilməsindən insan müdaxiləsi olmadan imtina olunmuşdur.Bu zaman müvafiq sistem vasitəsi ilə məlumatlar yoxlanılmış,daxil edilən məlumatlarla əldə olunan məlumatlar arasında uyğunsuzluq olduğundan növbəti mərhələyə keçmədən tələb təmin olunmamışdır. Lakin,iddiaçının 14 oktyabr 2022-ci il tarixli müraciəti iddiaçının telefon nömrəsini yanlış olaraq qeyd edildiyi əsasında təmin edilməmişdir.Bu zaman ilkin olaraq VEMTAS-a daxil olunan məlumat yoxlanılmış,yerində maddi-məişət şəraitinin yoxlanılması zərurəti yaranmışdır.Göstərilən “telefon nömrəsinin yanlış daxil edilməsi” əsasında iddiaçıya ünvanlı sosial yardımın təyin olunmasından imtina edilmişdir. Həmin imtina əsasına münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan “Qaydalar”ın 3.7-ci bəndinə uyğun olaraq cavabdehin imtinası əsaslı olmamışdır.Müvafiq sistem vasitəsilə yoxlanılmış məlumatlarda yanlışlıq aşkar olunmadığı halda yerində müayinə nəticəsində elektron məlumatlara aid yanlışlıq təsbit olunmuşdur. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki,iddia qismən təmin olunmalı,01 oktyabr 2022-ci il tarixindən etibarən iddiaçıya ünvanlı sosial yardımın təyin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-nin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia qismən təmin edilir. 01 oktyabr 2022-ci il tarixdən ünvanlı dövlət sosial yardım məbləğinin təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə