Məhkəmə qərarları › İş №2-1(116)-1316/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1316/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1316/2024 03.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin imtina qərarının ləğv edilməsi və müharibə zamanı aldığı xəsarətlərdən yaranan xəstəliyini nəzərə alaraq barəsəində müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxxx 1975-ci ildə Şəki rayonunun Turan qəsəbəsində anadan olmuş, 14 aprel 1993-cü ildə Şəki RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə kursant kimi, xx.xx.1994-cü ilə kimi isə N nömrəli hərbi hissənin 4-cü batolyonunda atıcı əsgər kimi xidmət keçmişdir. 03 mart 1994-cü ildə Füzuli rayonunun düşmən işğalından müdafiəsi uğrunda gedən döyüşlərdə yanına minomyot düşməsi nəticəsində yaralanmışdır. 04 mart 1994-cü ildən 10 mart 1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunmuşdur. Həmin vaxt ona "Sağ budun içəri səthində yumşaq toxumalarını dəlib keçən qəlpə yarası və sol budun bayır səthində kor qəlpə yarası” diaqnozu qoyulmuş və həmin diaqnoz ilə müalicə olunmuşdur. Həmin hallar Hərbi Həkim Komissiyasının rəyi ilə təsdiq edilmiş və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 16 iyun 2020-ci il tarixli, 242 protokol qərarı ilə onda olan yuxarıda göstərilən xəsarətlər sadalanmış, həmçinin əlavə olaraq göstərilmişdir ki, xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsinin sol yarısında bir ədəd, başın təpə nahiyəsində bir ədəd, sağ budun aşağı 1/3nin arxa səthində bir ədəcj köhnə çapıq toxumalar, sağ budun yumşaq toxumalarının yad cismi (metal qəlpə)” "Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Xəstəxanadan buraxıldıqdan sonra ev şəraitində müalicəni davam etdirmiş, bütün göstərilənlərin qeyd olunduğu AO ******* nömrəli hərbi biletdə də qeyd edilmişdir. O, birinci Qarabağ müharibəsi zamanı əsas xəsarətləri odlu silah mərmi partlaması səbəbli olmuşdur. İddiaçının sağ budunda olan qəlpənin çıxarılması təhlükəli olduğundan həmin qəlpə çıxarılmamış və bədənində qalmışdır. Keçən müddət ərzində dəfələrlə əlillik təyin edilməsi üçün müraciətlər etmiş və 2016-cı ildə ona 3-cü dərəcəli əlillik təyin edilmiş, həmin əlillik təyinin əsası kimi isə ümumi xəstəlik göstərilmişdir. Həmin hallar iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilsə də, heç bir uğurlu nəticə əldə edə bilməmişdir. 2021-ci ildə həmin əlillik də, dayandırılmışdır. Keçən müddət ərzində iddiaçının səhhəti get-gedə pisləşmiş, ciddi psixoloji problemləri yaranmışdır. Sonuncu dəfə 2023-cü ildə Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmiş və 26 noyabr 2023-cü ildə orada müayinə olunmuşdur. Lakin bir çox əlil insanlar kimi 22 dekabr 2023-cü ildə də, əlillik təyinatından imtina edilmişdir. Tibbi Sosial Ekspert Komissiyası imtina bildirişində diaqnozun öz təsdiqini tapmaması qeyd edilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Şəki şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0344003AAMPL nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********8). Təkrar əlillik vəziyyəti tibb müəssisəsinin F00073206ZİD nömrəli xx.xx.2023cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-11514/2023). Bir daha əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixli N nömrəli Qərar verilmişdir. Həmin Qərarda “Saq budun içəri səthində yumsaq toxumalarını dəlib keçən qəlpə varası və sol budun bayır səthində kor qəlpə varası. Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsinin sol yarısında bir ədəd, basın təpə nahiyəsində bir ədəd, sağ budun aşağı 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar, sağ budun yumşaq toxumalarının yad cismi (metal qəlpə)'' diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, *Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zahirən səliqəli olmuş, verilən suallara əsəbi cavablar vermiş, “Mən müharibə görmüş adamam, necə olmalıyam" bildirmiş, qəbul etdiyi medikamentoz preparatlar haqqında məlumat verə bilməmişdir. Anamnezində baş beynin üzvi xəstəliyi ifadə olunsa da, ekspertiza üçün əhəmiyyətli instrumental müayinə sənədləri təqdim olunmamışdır kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı tez əsəbləşməsindən, ayağında qarışqa gəzməsi hissindən şikayətlənmişdir. Anamnezində əsəbi olduğu vaxt yoldaşını, övladlarını döydüyünü, hətta atası ilə dalaşdığını, sonra peşman olduğunu bildimişdir. Yalnız dərman qəbul etdiyi zaman sakitləşdiyini söyləsə də, qəbul etdiyi dərmanların adını söyləyə bilməmişdir. Baxış zamanı alında, təpədə, sol qaşüstündə, sağ budun yuxarı 1/3-də, sağ baldınn yuxarı 1/3-də, sol baldırın orta 1/3-də çapıqlar izlənilmiş, heç bir hərəki məhdudluq aşkar edilməmişdir. Psixi statusunda mnestik-intellektual pozuntular qeyd edilməmişdir kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında sanki ildırım çaxdığını, qulağına səslər gəldiyini, bu səbəbdən papaqdan istifadə etdiyini, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını, 1 saylı Psixiatrik Xəstəxanada müalicə aldığını bildirsə də, müalicə həkiminin adını da xatırlamadığını qeyd etmişdir. Vətəndaş baş- beynin instrumental müayinə nəticələrini təqdim etməmiş, həmçinin təqdim olunan hərbi qərarda kəllə-beyin travması haqqında məlumat qeyd olunmamışdır. Müayinə zamanı başın alın və təpə nahiyələrində, sol qaşüstü, sağ bud və sağ baldırın yuxarı 1/3-də, sol budun orta 1/3də çapıqlar qeyd edilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri öz təsdiqini tapmamışdır. Təqdim olunan psixi sənədlərdə qeyd olunan diaqnozların üzvi əsası təsdiqlənməmiş, hazırda psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2457 nömrəli Tibbi Vərəqəsində diaqnoz “Ensefalopatiya. Şəxsiyyətin nevrotik inkişafı" kimi qeyd olunmuşdur. Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu. İntelektin enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu İntelektin enməsi ilə” qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 12359/22 nömrəli Çıxarışında diaqnoz “Üzvi (keçirilmiş qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusun dissosiativ daxilolmalarla." kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 11810 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, dissosiativ əlamətlərlə" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli Tibbi rəyində diaqnoz “P-z: QU- Mürəkkəb miopik astiqmatizm. Sağda M 8.0 və 7,0. solda M 7,0 və 6.0 ax. Ambliopiya. Başlanğıc katarakta" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “QU-0.05 k/t, 0.2-0.3 (göstərir).D-z:OU-mürəkkəb miopik astiamatizm. AmbHopiva. Başlanğıc katarakta" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli 242 №-li qərarı, TSEK-in Qiymətləndirmə nəticələri (xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0006, xxxxxxx0007), Tibbi-Sosial Ekspert Komissiyasının №3-17-4/3-19353/2023-li, xx.xx.2023-cü il tarixli qərarı, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 xx.xx.2024-cü il tarixli 3704 nömrəli məktubuna əlavə olunmuş 2010 ekspert rəyi, Şəki rayon Psixiatriya Xəstıxanasının xx.xx.2024-cü il tarixli 818 nömrəli məktubu. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli imtina cavabının çap tarixi xx.xx.2023-cü il qeyd edilmişdir. Hazırkı iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edildiyindən iddia müddəti ötürülməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Cavabdeh orqan sonuncu, yəni xx.xx.2023-cü il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnozun öz təsdiqini tapmaması” (diaqnoz əlillik əlaməti təyin etmir) səbəbi ilə imtina etmişdir. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Səhiyyə müəssisəsi tərəfindən (Mingəçevir PND) tərtib edilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz “XBT kodu F07.0- üzvi mənşəli şəxsiyyət pozğunluğu, F06.5- üzvi dissosiativ pozuntu. Dekompensasiya halında və dissosiativ əlamətlərlə, H26.2-Ağırlaşmış katarakta, OU-Mürəkkəb miopik astiqmatizm sağda M8.0 və 7.0 solda M7.0 və 6.0 ambliopiya başlanğıc katarakta, H53.0 Anopsiya nəticəsində ambliopiya, H52.2- Astiqmatizm” olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu və səbəbli əlaqəsini müəyyən etmək məqsədilə iş üzrə xx.xx.2024-cü il tarixli 2-1(116)-1316/2024 nömrəli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nə həvalə edilmişdir. Sonuncunun təqdim etdiyi ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı Üzvi (travma mənşəli şəxsiyyət pozuntusu müəyyən edilir, İddiaçı qeyd edilən diaqnoz düzgündür. Yoxlanılan şəxs İddiaçı müəyyən edilən üzvi şəxsiyyət pozuntusu diaqnozu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli N nömrəli qərarında qeyd edilmiş diaqnoz (Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsinin sol yarısında bir ədəd, başın təpə nahiyəsində bir ədəd, sağ budun aşağı 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar, sağ budun yumşaq toxumalarının yad cismi (metal qəlpə) arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozuna münasibətdə - F.07.0 koduna istinad edilmişdir. Sözügedən diaqnoz F07.0 kodu ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları (7) olaraq 7.6.2-ci bənddə (üzvi mənşəli şəxsiyyət pozuntusu) nəzərdə tutulmuşdur. İddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi (Şəki rayon Psixiatriya Xəstəxanası) xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçı, xx.xx.2021-ci il tarixdən Şəki Psixiatriya xəstəxanasının müşahidəsindədir. İddiaçıya qoyulmuş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarına əsasən 2.7.7 hissə 7.6.2 bəndi, 2.6.6 hissə 6.1 bəndində nəzərdə tutulmuş xəstəliklərin əhatə dairəsinə düşür. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.6.2-ci bənddə qiymətləndirmə üçün iki hal fərqləndirilmişdir. 7.6.2.1-ci bəndə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35-60 % (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı), 7.6.2.2-ci bəndə isə münasibətdə isə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80 % (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz və barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları nəzərə alınmaqla onun sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndi əsasında qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan tibbi göndərişin məzmunundan görünür ki, xəstənin hazırkı vəziyyəti ilə bağlı “söhbət uzandıqca və suallar verdikdə yersiz əsəbələşir, əsassız mübahisəyə qoşulur, emosional davamsızdır, affektiv reaksiyalara meyillidir, maraq dairəsi məhduddur, yaddaşı zəifdir, diqqəti dağınıqdır, özünə qulluq enib və s” qeydlər icra edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının affektiv reaksiyalara meyilli olması yüksək intihar riskinin (davamlı intihar düşüncələrinin) mövcud olması deməkdir. Qeyd edilən halların 2 ildən az olmayaraq baş verməsi, onu deməyə əsas verir ki, faktiki olaraq iddiaçıya qoyulmuş diaqnoza münasibətdə - 2 il müddətinə orqanizmin funksiyalarının pozulmasının İ dərəcə məhdudlaşması halı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi- Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli N nömrəli qərarından görünür ki, iddiaçıya “odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsinin sol yarısında bir ədəd, başın təpə nahiyəsində bir ədəd, sağ budun aşağı 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar, sağ budun yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin təqdim etdiyi ekspert rəyi ilə iddiaçıda hal-hazırda müəyyən edilən diaqnozla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi- Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli N nömrəli qərarında qeyd edilmiş diaqnoz arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi üçün kifayət qədər əsaslı dəlillər mövcud olduğundan cavabdeh orqanın imtinası əsassız olmuşdur. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar 2 il müddətinə OFP-nın 1-ci dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar