Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1316/2025 02.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə, İddiaçı Şəki Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən 0.0036 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması, Şəki Bələdiyyəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən 0.0036 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması, Şəki Bələdiyyəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Şəki Bələdiyyəsi xx.xx.2022-ci il tarixli 17 saylı iclasında bələdiyyəyə məxsus bir sıra torpaq sahələrinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün müsabiqə qaydasında satışa çıxarılmasının məqsədə uyğun hesab edilməsi və ərazinin planlaşdırılması layihəsinin hazırlanması və rəy verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində həmin torpaq sahələrinin planı və ölçüsünün hazırlanması, həmçinin həmin torpaq sahələri üzərində Şəki Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə 125 saylı qərar qəbul etmişdir. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan öz imtinasını ayrılması nəzərdə tutulan 0,0036 ha torpaq sahəsinin yüksək gərginlikli elektrik xətninin mühafizə zolağına düşməsi ilə ilə əsaslandırmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. cavabdehin xx.xx.2024-cü il tarixli məktubu imtina məktubu;
2. Şəki Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 17 saylı iclas protokolunun 125 saylı qərarından çıxarış;
3. cavabdehin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi və digər sənədlər;
4. Şəki Bələdiyəsinə məxsus olan, satılması nəzərdə tutulan torpaq sahəsinin sxematik planı;
5. AR Energetika Nazirliyi Enerji X1 Şəki Filialının 25 avqust 2025-ci il tarixli 3-15-2- 5/2-455/2025 nömrəli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyindən və ona əlavə edilmiş yerquruluşu planından görünür ki, İddia olunan torpaq sahəsi faktiki 36 kv.m olub,yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi TEKUİS məlumatlarında yaşayış məntəqəsi torpaqları daxilində sair torpaqlar kimi göstərilmişdir və digər subyektlərp məxsus torpaq sahəsi ilə üst-üstə düşmə qeydə alınmamışdır. Sözü gedən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsi **********47 nömrəli çıxrışla hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır Məhkəmə hesab edir ki, Şəki Bələdiyyəsi tərəfindən bələdiyyəyə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınmasını cavabdeh orqandan tələb etməsi qanuni və əsaslıdır. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinin 1-ci bəndində göstərilir ki, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Torpaq sahəsi üzərindən yüksək gərginlikli elektrik xəttinin keçməsinə münasibətdə məhkəmə qeyd edir ki, bu hal hazırkı iş üzrə iddiaçının həmiun torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina əsası kimi nəzərdə tutulmamışdır.Bu hal torpaq sahəsinin üzərində inşa edilə biləcək tikililərə münasibətdə məhdudiyyət tətbiq edilməsini istisna etmir. Belə ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 445/2021 nömrəli qərarında yuxarıda qeyd olunan hüquqi mövqe əks olunmuşdur). Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Şəki Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 17 saylı iclas protokolunun 125 saylı qərarı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün müsabiqə qaydasında satışa çıxarılması məqsədəuyğun hesab edilən 0.0036 ha torpaq sahəsi üzərində Şəki Bələdiyyəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yerquruluşu planının hazırlanmalı,daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.2-1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir. Həmin Qanunun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki şəhəri S.Rəhman küçəsində yerləşən 0.0036 ha torpaq sahəsi üzərində Şəki Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və Torpaq sahəsinin planölçüsü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.