Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1317/2023 18.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdehlər Yevlax rayon Qoyunbinəsi bələdiyyəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsinin onun icarəsinə verilməsi, həmin tikiliyə və onun həyətyanı sahəsi olan 84 sot torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, torpaq sahəsinin onun icarəsinə verilməsi, həmin tikiliyə və onun həyətyanı sahəsi olan 84 sot torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra- “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində iki cavabdeh - Yevlax rayon Qoyunbinəsi bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsi göstərilsə də, ərizənin xahiş etdi hissəsində torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi, tikiliyə və onun yerləşdiyi 84 sot torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin hansı cavabdehin üzərinə qoyulmasını xahiş etdiyi dəqiq qeyd olunmamışdır. İddia tələbi iki hissədən ibarətdir. İddia tələbinin birinci hissəsi torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi, ikinci hissəsi isə tikiliyə və onun yerləşdiyi 84 sot torpaq sahəsinə dair çıxarışın verilməsindən ibarətdir. İddia ərizəsindən müəyyən olunmuşdur ki, tələbin birinci hissəsi ilə bağlı iddiaçının hüquqi marağı bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair onunla yeni icarə müqaviləsinin bağlanmasına nail olmaqdan ibarətdir. İddianın həmin hissəsi ilə bağlı nəzərinə çatdırılmışdır ki, istənilən müqavilənin bağlanması ilə əlaqədar olan məsələlərin həll edilməsi qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları ilə müəyyən edilmiş qaydada tənzimlənir. Odur ki, tərəflər arasında yaranan hazırkı mübahisə inzibati hüquq münasibətlərindən deyil, mülki hüquq münasibətlərindən qaynaqlanır. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların müfəssəl siyahısı müəyyən edilmişdir ki, hazırkı mübahisə həmin siyahıda yer almış inzibati mübahisələrin heç birinə aid edilə bilməz. İddiaçı arzuladığı məqsədə müvafiq iddia tələbini müəyyən etməklə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə tələb edərək nail ola bilər. İddia tələbinin ikinci hissəsi “tikiliyə və onun yerləşdiyi 84 sot torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair hissədə isə iddiaçının nəzərinə çatdırılmışdır ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. Lakin hazırkı iddia tələbinin hansı inzibati orqana yönəldiyi qeyd edilməmiş, həmçinin cavabdehlərdən hər-hansı birinə rəsmi müraciət etməyini təsdiq edən sənəd və ya onun müraciətə imtina məktubu iddia ərizəsinə əlavə olunmamışdır. Odur ki, qaldırdığı iddia üzrə cavabdehin münasibəti məlum deyildir. İddiaçının nəzərinə çatdırılmışdır ki, imtina məktubu iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2023-cü il tarixdən əvvələ aid olmalıdır. Məhkəmənin hüquqi yardım məktubunda qeyd olunanlarla bağlı çatışmazlıqların aradan qaldırılması və münasibət bildirməsi üçün iddiaçıya müddət təyin edilmişdir. İş materiallarında olan poçt göndərişlərinin izlənməsi sənədindən görünür ki, məhkəmənin hüquqi yardım məktubu İddiaçı xx.xx.2023-cü il tarixdə çatdırılmış, lakin bu günədək məktubda qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamış, ümumiyyətlə yardım məktubunda qeyd olunanlarla bağlı yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddianın “torpaq sahəsinin onun icarəsinə verilməsi” hissəsi tərəflər arasında yaranmış inzibati hüquq münasibətlərindən deyil, mülki hüquq münasibətlərindən qaynaqlanır. Odur ki, həmin hissədə iddiaçı arzuladığı məqsədə müvafiq iddia tələbini müəyyən etməklə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə tələb edərək nail ola bilər. İddianın ikinci hissəsi, yəni “tikiliyə və onun yerləşdiyi 84 sot torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində isə iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və iddiaçı tərəfindən iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri olan iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilmədiyindən, həmçinin cavabdehlərdən hər-hansı birinə rəsmi müraciət etməyini təsdiq edən sənəd və ya onun müraciətinə imtina məktubu iddia ərizəsinə əlavə olunmadığından hazırkı iddia mümkünlük şərtlərinə cavab vermir. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa iddia ərizəsinin xahiş etdi hissəsində torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi, tikiliyə və onun yerləşdiyi 84 sot torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin hansı cavabdehin üzərinə qoyulmasını xahiş etdiyi dəqiq qeyd olunmamışdır. Həmçinin iddianın birinci hissəsi inzibati məhkəmənin səlahiyyətinə aid deyil. Odur ki, iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçı hüquqi marağı üzrə cavabdehi müəyyənləşdirərək müvafiq imtina cavabı alındıqdan sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Yevlax rayon Qoyunbinəsi bələdiyyəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsinin onun icarəsinə verilməsi, həmin tikiliyə və onun həyətyanı sahəsi olan 84 sot torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1317/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1317/2023
18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver