Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1317/2024 30.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi İddiaçı iştitakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Cavabdehin ailənin gəlirləri barədə məlumatı düzgün göstərməsi” bəhanəsi ilə sosial yardımın təyinatından imtina edilməsi haqqında qəbul etdiyi qanunsuz qərarının ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası qanununun 3-cü və 8-ci maddələrinə əsasən müraciət etdiyi 01 sentyabr 2023-cü il tarixdən hər ay üçün 498,40 manat olmaqla sosial yardımın aztəminatlı ailəsinə təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin ailənin gəlirləri barədə məlumatı düzgün göstərməsi” bəhanəsi ilə sosial yardımın təyinatından imtina edilməsi haqqında qəbul etdiyi qanunsuz qərarının ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası qanununun 3-cü və 8-ci maddələrinə əsasən müraciət etdiyi 01 sentyabr 2023-cü il tarixdən hər ay üçün 498,40 manat olmaqla sosial yardımın aztəminatlı ailəsinə təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən müəyyən edilir ki, iddiaçıya 2022-ci ildə təyin olunmuş ünvanlı sosial yardımın 1 (bir) illik müddəti 2023-cü ilin avqust ayında bitmişdir. Təkrar sosial yardım almaq məqsədi ilə 4 nəfər ailə tərkibi haqqında arayışı notariat orqanında təsdiqlədib 14 sentyabr 2023-cü il tarixli **********320 nömrəli "Ərizə bəyannamə" ilə VEMTAS-a müraciət edən zaman cavabdeh özü avtomatik olaraq yazmışdır ki, onun son 12 ayda müzdlu işdən olan gəliri 3.827.06 AZN-dir. İddiaçıya elektron qaydada bildiriş göndərilərək ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etirazında bildirmişdir ki, Maddi-məişət şəraitinin müayiəsi zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli **********32001 nömrəli müraciətində ərizəçi İddiaçı ailə gəlirləri barədə məlumat düzgün göstərilməmiş və ərizəbəyannamədə göstərdiyi ünvanda yaşamamışdır. Buna görə də ünvanlı dövlət social yardımın təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müayinə aktından da göründüyü kimi, maddi-məişət şəraitinin müayinəsini həyata keçirən əməkdaşlar ərizə-bəyannamədə qeyd edilən ünvana yaxınlaşdığı zaman mənzildə iddiaçının qardaşı olmuşdur. İddiaçının qardaşı axşamlar evə gələrək təmir işləri gördüyünü bildirdi. Lakin, müayinə zamanı evdə təmirlə bağlı əlamət müşahidə edilməmişdir. Bir gün sonra, yenə əməkdaşlar ərizə-bəyannamədə qeyd edilən ünvana yaxınlaşdığı zaman heç kim evdə olmamışdır. İddiaçı ilə əlaqə saxladıqdan sonra iddiaçı ünvana gəlmişdir. İddiaçıdan başqa digər ailə üzvlərinin şəxsiyyət vəsiqələri evdə olmamışdır. İddiaçı evin mərhum atasına məxsus olduğunu, ailə üzvləri ilə birlikdə yaşadığının qeyd etmişdir. Ailənin gəlirləri “Miraj" kafesinin işlədilməsindən asılı olaraq ilin 6 ayı 2000 AZN, qalan 6 ayda isə 300-400 AZN ibarət olduğunu və 4 işçisi olduğunu qeyd etmişdir. Belə ki, işçilərdən birinə aylıq 360 AZN, digərlərinə də müvafiq olaraq 240 AZN, 180 AZN və 90 AZN əməkhaqqı ödədiyini bildirmişdir. Həmçinin həyat yoldaşının 14 saylı məktəbdə katibə işlədiyi, 300-320 AZN əməkhaqqı aldığını bildirdi. Göründüyü kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə məlumatı təmsilçinin özü tərəfindən ərizə bəyannaməyə daxil edilmişdir. Maddi-məişət şəraitinin müayinəsi zamanı təmsilçinin gəliri kimi daxil etdiyi məlumatlarla qurumlardan əldə olunan məlumatlar əsasında onun gəlirlərində 4000-5000 manat məbləğində fərq yarandığı müəyyən edilmişdir. Maddi-məişət şəraitinin müayiəsi zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli **********4101 nömrəli müraciətində İddiaçı ailə gəlirləri barədə məlumatları düzgün göstərilmədiyindən ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan 30.01 2024-cü il tarixli müayinə aktından da göründüyü kimi, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və ailə gəlirlərinin aylıq 150 AZN olduğunu bildirmişdir. Hazırda kafenin 20 gündür fəaliyyətini dayandırdığını bildirmişdir. Həmçinin, iddiaçı son bir ildə şəxsi VÖEN ilə işçi içə götürdüyünü və əməkhaqqı ödədiyini bildirmişdir. Əlavə olaraq onuda qeyd edirik ki, analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq (ünvanda yaşayan şəxslərin düzgün göstərilməməsi) birmənalı olaraq imtina əsasıdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.
1. İş materiallarında olan cavabdehin bildirişindən görünür ki, iddiaçının ünvanlı sosial yardım alınması üçün müraciətindən imtina edilmişdir;
2. Cavabdehin 18 mart 2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş inzibati icraat materialları.
Əsaslandırma hissəsi
Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və onun azyaşlı övladları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçı, ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbi qeyd edilmişdir. İddiaçı, qeyd edilən əsaslarla imtinanın qanunsuz hesab edilərək onun ailəsinə ünvanlı sosial yardımın verilməsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Qayaların 3.7-ci maddəsinə əsasən aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; Məhkəmə hesab edir ki,cavabdehin hərəkətləri qanuni olmuşdur. Belə ki,iddiaçı ilkin müraciətində özünün gəlirləri barədə məlumatı düzgün daxil etməmişdir. Nəticə etibarı ilə daxil edilmiş gəlir məlumatı ilə real gəlir arasında kifayət qədər uyğunsuzluq olmuş,real gəlir məlumatı ehtiyac meyarlarının məcmusu səviyyəsində olmuşdur. Belə ki, hazırkı mübahisə üzrə iş materiallarına əsasən müəyyən edilir ki,iddiaçı sahibkarlıq fəaliyyəti ilə (VÖEN **********) məşğul olmaqla gəliri haqqında məlumatları doğru bəyan etməmişdir.İddiaçının təqdim etdiyi məlumatlarla Dövlət Vergi Xidmətinin məlumatları arasında uyğunsuz mövcuddur. Bununla da Qaydaların 3.7.1-ci maddəsinin tələblərini pozmuşdur. Ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur, ehtiyac meyarı dedikdə isə, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. Aztəminatlı ailə hesab edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının normaları ilə tənzimlənir. Hazırkı iş üzrə iddiaçının gəlirinin olmamasının “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3.7.1-ci maddəsində sadalanan pozuntunun əsassızlığı barədə iddiaçı tərəfindən hər hansı dəlil və sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ailənin gəlirləri barədə məlumatı düzgün göstərməsi” bəhanəsi ilə sosial yardımın təyinatından imtina edilməsi haqqında qəbul etdiyi qanunsuz qərarının ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası qanununun 3-cü və 8-ci maddələrinə əsasən müraciət etdiyi 01 sentyabr 2023-cü il tarixdən hər ay üçün 498,40 manat olmaqla sosial yardımın aztəminatlı ailəsinə təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə