Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1318/2024 30.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Şəki rayonu Cəyirli bələdiyyəsinə qarşı “X4 0,08 ha torpaq sahəsinin satılması barədə Şəki rayonu Cəyirli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 15 saylı iclasının qərarının ləğv edilməsi və həmin qərar qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şəki rayonu Cəyirli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X4 0,08 ha torpaq sahəsinin satılması barədə Şəki rayonu Cəyirli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 15 saylı iclasının qərarının ləğv edilməsi və həmin qərar qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1318/2024 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, Şəki rayonu Cəyirli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 15 saylı iclasının qərarının ləğv edilməsi barədə iddia tələbinə hüquqi qiymət verilməsi üçün məhkəmə aşağıdakı qaydada dəyərləndirmənin aparılmasını zəruri hesab edir:
1. İddiaçı, həmin torpaq sahəsinin özünə məxsus olmasını iddia edir, buna görə də 0.08 ha torpaq sahəsi üzərində Şəki rayonu Cəyirli bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını mübahisələndirir,
2. iddiaçı, torpaq sahəsindən gediş-gəliş yolu kimi istifadə etmək niyyətində olduğuna görə sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində qalmasını arzu edir və buna görə də digər şəxsə satılmasına etiraz edirsiniz. İş materiallarından görünür ki, iddiaçı, cavabdeh X6 və digərlərinə qarşı “Şəki Rayonu, Cəyirli kəndində yerləşən ümumi sahəsi 100.3 kv.metr, yaşayış sahəsi 70.5 kv.metr olmaqla 3 otaqdan ibarət evin 36.3 kvadrat metr yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəx, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32.3 sot torpaq sahəsindən iddiaçı və onun ailə üzvlərinin istifadəsinə yönələn maneələr aradan qaldırılması, və gediş-gəliş yolunun açılması” tələbi ilə Şəki rayon Məhkəməsində iddia qaldırmışdır. Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-248/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1310/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1310/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Şəki rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212/2004 nömrəli qətnaməsi ilə Şəki rayonu, Cəyirli kəndində yerləşən mübahisəli daşınmaz əmlakla bağlı real bölgünün aparılması və tərəflərə bölgüyə uyğun olaraq evə və həyətlərinə giriş-çıxış yolu açmaq ixtiyarının verilməsi qət edilsə də, qətnamədə giriş-çıxış yolunun torpaq sahəsinin hansı hissəsindən açılması və ya onun konkret olaraq hansı hissədə neçə metr enində və uzunluğunda olması dəqiq göstərilmədiyindən tərəflər arasında mübahisə yaranmışdır...payların naturada böülünməsi tələbinə dair qanuni qüvvədə olan qətnamədə iddiaçının mülkiyyətində olan evə gediş-gəliş yolunun hansı istiqamətdən açılması müəyyən edilməmişdir. Bundan başqa hazırki mübahisənin obyektiv həll edilməsi üçün məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Şəki rayonu, Cəyirli kəndində yerləşən mərhum X3 miras qalmış ümumi sahəsi 100.3 kvadrat metr, yaşayış sahəsi 70.5 kvadrat metr, olmaqla 3 otaqdan ibarət evin 36,3 kvadrat metr yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəxt, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32,8 sot torpaq sahəsinə tələb edilən yol cavabdehə məxsus evin arxa hissəsindən keçir. Əyər həmin hissədə yol açılarsa yol birbaşa iddiaçıya məxsus torpaq sahəsinə deyil, üçüncü şəxsin, yəni digər qonşunun mülkiyyətində olan bağ sahəsinə açılmış olacaqdır. Bu isə digər qonşunun mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnər ki, bu da yolverilməzdir. Eyni zamanda müəyyən edildi ki, iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin aşağı hissəsindən kənd yoluna çıxış mövcuddur. Yəni iddiaçı həmin yoldan kəndin ümumi yoluna çıxış əldə edə bilər. Məhz yuxarıda qeyd edilən hüquqi mövqe ilə tanış olduqdan sonra, iddiaçı, əvvəllər istifadəsində olmamış və ona heç bir aidiyyəti olmayan torpaq sahəsindən gediş-gəliş yolunun əldə edilməsi üçün “Şəki rayonu Cəyirli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 15 saylı iclasının qərarının ləğv edilməsi” barədə iddia qaldırmışdır. İddiaçının nəzərinə çatdırılmışdır ki, mübahisələndirilən qərar 0.08 ha torpaq sahəsinin X2 barədə deyil. Həmin qərarın 2-ci bəndi Əli Quliyevin müraciəti əsasında sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədədir və digər məsələlərlə bağlı qəbul edilmiş qərarların ümumiyyətlə iddia olunan torpaq sahəsinə aidiyyəti yoxdur. xx.xx.2023-cü il tarixdə Şəki rayonu Cəyirli bələdiyyəsinin 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra, xx.xx.2023-cü il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə X1. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1310/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ilkin tələbdə qeyd edilən yol cavabdehə məxsus evin arxa hissəsindən keçməklə digər qonşunun mülkiyyətində olan bağ sahəsinə açıldığından, məhkəmə alternativ olaraq həyətyanı torpaq sahəsinin aşağı hissəsindən kənd yoluna çıxışın mövcudluğunu qeyd etmişdir. Yəni, məhkəmə qətnaməsindək iddiaçı, həmin torpaq sahəsindən gediş-gəliş üçün istifadə etməmiş və belə bir niyyəti mövcud olmamışdır. İddiaçıya məxsus torpaq sahəsinə müxtəlif alternativ gediş-gəliş yollarının açılması imkanları texniki baxımdan mümkün olsa belə, həmin torpaq sahələrinə dair sənədləri mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Başqa sözlə sözügedən torpaq sahəsindən istifadə etməklə kənd yoluna çıxış imkanının mövcudluğu həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyatına əsas olmuş qərarı mübahisələndirmək üçün subyektiv hüququn yaranmasına səbəb olmur. Odur ki, sözügedən torpaq sahəsinə dair iddiaçı hər hansı hüquqmüəyyənedici və texniki sənədə malik olmadığından bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması prosedurunun başlanması barədə qərarın ləğvi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Göründüyü kimi hazırkı iddia tələbinə münasibətdə Şəki rayonu Cəyirli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 15 saylı iclasının qərarının mübahisələndirilməsi üçün subyektiv hüququn zəruri elementlərindən olan və yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranan hüquqi ixtiyar mövcud olmadığından, onunla birbaşa bağlı olan başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququnun mövcudluğu istisna edilir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində qalmaqla digər şəxslərə satılmasına etiraz edildiyi halda isə izah olunur ki, sözügedən torpaq sahəsi Əli Quliyevə xx.xx.2023-cü il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə satıldığından həmin müqavilə mülki məhkəmə icraatı qaydasında ümumi rayon məhkəməsində mübahisələndirilməsi, yaxud sözügedən torpaq sahəsindən gediş-gəliş yolunun (servitut qaydasında) verilməsi ilə bağlı iddia tələbinin irəli sürülməsi mümkndür. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə 10 gün müddətində münasibət bildirilməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə yardım məktubunu poçt vasitəsilə qəbul etməsinə baxmayaraq ötən müddət ərzində məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Şəki rayonu Cəyirli bələdiyyəsinə qarşı “X4 0,08 ha torpaq sahəsinin satılması barədə Şəki rayonu Cəyirli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 15 saylı iclasının qərarının ləğv edilməsi və həmin qərar qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev.