Məhkəmə qərarları › İş №2-1(116)-1319/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1319/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1319/2025 15.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri XDS İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli, 102 saylı qərarı ilə Mingəçevir şəhər “Azərkabel” zavodunun işçilərinə ayrılmış ərazidə mərhum anasına verilmiş 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X6 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mingəçevir şəhəri XDS İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli, 102 saylı qərarı ilə Mingəçevir şəhər “Azərkabel” zavodunun işçilərinə ayrılmış ərazidə mərhum anasına verilmiş 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X6 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, “Mingəçevir şəhər X9 İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli, 102 saylı qərarı ilə Mingəçevir şəhər “Azərkabel” zavodunun işçilərinə torpaq sahəsi ayrılmışdır. İddiaçının anası X1 şəhər Azərkabel zavodunun “Arzu” bağçılıq kollektivinin üzvü olmuş və ona 0.06 ha torpaq sahəsi ayrılmışdır. X10 15 noyabr 1996-cı il tarixdə rəhmətə getmişdir. Bundan sonra iddiaçı cavabdeh idarəyə müraciət edərək qeyd olunan torpaq sahəsini X10nın adına özəlləşdirmək istədiyini bildirdi. Lakin cavabdeh İdarənin iddiaçıya ünvanladığı 13 sentyabr 2024-cü il tarixli imtina məktubunda sənədlər toplusuna torpaq sahəsinin yerləşməsini göstərən təsdiq olunmuş cizgi əlavə edilmədiyi üçün torpaq sahəsinin X2 məxsus olması barədə elektron arayışın verilməsinin mümkün olmadığı qeyd olunmuş və buna görə də ərizəmin icrasından imtina olunaraq mənə məhkəməyə müraciət etməyim tövsiyyə olundu. Lakin, iddiaçı qeyd olunan imtina ilə razı deyil. Belə ki, X1 şəhər Azərkabel zavodunun “Arzu" bağçılıq kollektivinin üzvü olmuş, torpaq sahəsi ayrılmış şəxslərin adlı siyahısında anasının adı da qeyd olunmuş və ona 0.06 ha torpaq sahəsi ayrılmışdır. Digər tərəfdən cavabdeh imtina ərizəsində torpaq sahəsinin yerləşməsini göstərən cizginin olmadığını əsas gətirərək, iddiaçının ərizəsinin icrasından imtina etmişdir. Göründüyü kimi cavabdehin imtinasının heç bir hüquqi əsası yoxdur. İddiaçı torpaq sahəsini başqa qaydada mərhum anasının adına sənədləşdirə bilmir. Buna görə də məhkəməyə müraciət etmişdir. Hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan, bu əsaslardan heç biri mənə münasibətdə aid olmadığından, iddia tələbim tam əsaslı və qanunidir.”. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, “X2 məxsus təqdim edilən sənədlər idarənin arxiv materiallarına əsasən araşdırılmışdır. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, “Azərkabel” zavodunun “Arzu” kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında mərhum X4 adı qeyd olunmuşdur. Lakin, sənədlər toplusuna torpaq sahəsinin yerləşməsini göstərən təsdiq olunmuş cizgi əlavə edilmədiyi üçün torpaq sahəsinin X2 məxsus olması barədə elektron arayışın verilməsi mümkün olmamışdır.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. İV-ЖГ 433206 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan xidmət” Mərkəzində Xüsusi Notarial ofisin xx.xx.2024-cü il tarixli 739 nömrəli məktubu.

4. İş materiallarında olan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv sənədlərinə əsasən xx.xx.1980-ci il tarixli 102 nömrəli qərarına Azərkabel zavodunun bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir.

5. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyətinin nəzdnində "xxxx" MMC-nin Arayışdan görünür ki, X6 Azərkabel zavodu tərəfindən Mingəçevir şəhəri XDS İK-nın 1988-ci il tarixli 318 saylı qərarı əsasında torpaq sahəsi verilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci tarixli 3-21-3-35/2-1153/2025 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhər Mingəçevir bələdiyyəsinin “X3 X7”dəki xəritəsinə əsasəsn iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi - Mingəçevir bələdiyyəsi, təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası-həytətyanı sahələrin altında olan torpaqlar kimi qeyd edilmişdir. İddia olunan torpaq sahəsi qapalı həyət daxilindədir və üzərində tikilinin mövcuddur. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin naturada sahəsi, döngə nöqtələrinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsi Azərkabel zavodunun “Arzu” kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının ərazi hüdudlarında yerləşir. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinə aid izahlı ortofoto xəritəsi təqdim edilir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. "Torpaq islahatı haqqında" Azərbaycan Respublİkasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Əsaslandırma hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıda qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddianı əsaslı hesab edir. Hazırkı iddia ərizəsinin ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı Mingəçevir şəhəri XDS İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli, 102 saylı qərarı ilə Mingəçevir şəhər “Azərkabel” zavodunun “Arzu” bağçılıq kollektivinin üzvü olmuş iddiaçının mərhum anasına ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X2 məxsus olması barədə arayışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdehin imtinasının əsasını “Azərkabel” zavodunun “Arzu” kollektiv bağçılıqyoldaşlıq təsərrüfatında mərhum X4 ayırılmış torpaq sahəsinin yerləşməsini göstərən təsdiq olunmuş cizginin təqdim edilmədiyi təşkil edir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin dəlillərini əsaslı hesab etmir. İlk növbədə qeyd edilməlidir ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli, 102 saylı qərarı ilə Mingəçevir şəhər “Azərkabel” zavodunun “Arzu” bağçılıq kollektivinə 5 ha. torpaq sahəsinin ayırılması və “Azərkabel” zavodunun “Arzu” kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında mərhum X4 adının qeyd olunması işin mübahisəsiz halıdır. Hazırkı mübahisəyə münasibətdə daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən, eləcə də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. İş üzrə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, “Elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhər Mingəçevir bələdiyyəsinin “X3 X7”dəki xəritəsinə əsasəsn iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi - Mingəçevir bələdiyyəsi, təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası-həytətyanı sahələrin altında olan torpaqlar kimi qeyd edilmişdir. İddia olunan torpaq sahəsi qapalı həyət daxilindədir və üzərində tikilinin mövcuddur. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin naturada sahəsi, döngə nöqtələrinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsi Azərkabel zavodunun “Arzu” kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının ərazi hüdudlarında yerləşir.”. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2021-ci il 28 oktyabr tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdehin vəzifəsidir. Nəzərə alınmalıdır ki, iddiaçıya ayırılmış torpaq sahəsinin cizgisinin olmaması özüözlüyündə hələ onun tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərin qeyrimötərəbliyinə dəlalət etmir. Belə ki, iş üzrə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının siyahısında iddiaçının adı qeyd olunmuş, buna dair Mingəçevir şəhər İcra Hakimiyyətinin nəzdnində "xxxx" MMC tərəfindən arayış verilmişdir. Torpaq sahəsinin cizgisinin iddiaçıda mövcud olmaması isə onun iradəsindən asılı olan hal deyil. Bu sənədin mövcudluğu ilə bağlı zəruri inzibati araşdırmanın aparılması “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü və 24.4-cü maddələrinə əsasən bilavasitə cavabdehin vəzifəsidir. Həmin normaların tələblərinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Digər tərəfdən, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı səlahiyyətli orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Bununla yanaşı torpaq sahəsinin cizgisinin təqdim olunmaması əsası ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Təsadüfi deyil ki, “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır.”. Şərh olunalara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə olan halda iddiaçının tələbi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin dispozisiya şərtləri ilə üzlaşdığından iddia əsaslı hesab edilməlklə təmin olunmalıdır..

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhəri XDS İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli, 102 saylı qərarı ilə Mingəçevir şəhər “Azərkabel” zavodunun işçilərinə ayrılmış ərazidə X2 ayırılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X6 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar