Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-132/2020 17.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X1 Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X5 rayon şöbəsinə qarşı "1998-ci ildən 2009-cu ilədək anasına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1957-ci ildə Balakən rayonunda anadn olmuşdur. 22.02.1980-ci ildən 18.08.1998-ci ilə qədər Balakən rayon Rabitə qovşağında əməliyyatçı işləmişdir. 07.04.2018-ci ildə 60 yaş 6 ayı tamam olduğundan pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin tələb olunan 25 il stajı olmadığı üçün ona pensiya təyin edilməmişdir. Sonradan ona məlum olmuşdur ki, 70 yaşdan yuxarı qoca anasına qulluq etdiyi dövr sosial sığorta stajına daxil edilir. Ona görə o, qeyd olunan tələbə cavabdehə müraciət etmiş, lakin anasına qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsindən imtina olunmuşdur. Cavabdehin etirazının dəlilləri: İddiaçının yaşa görə əmək pensiyası hüququ 61 yaş 6 ayı tamam olduğu 07.04.2018-ci ildə yaranmışdır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən cəmi stajı 17 il 5 ay təşkil etmişdir. İddiaçının anasına qulluq etdiyi dövr qulluq edilən şəxsin ifadəsi nəzərə alınmaqla tərtib olunan akt əsasında staja daxil edildiyi və iddiaçının anası 2009-cu ildə vəfat etdiyi üçün həmin dövr sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Dövlət Sosial X5 rayon Şöbəsinin 03.09.2019-cu il tarixli 27/274 nömrəli məktubu, X10 Ərazi Dairəsinin 03.09,2019-cu il tarixli 1237 nömrəli və 1238 03.09.2019-cu il tarixli arayışları, Dövlət Sosial X5 rayon Şöbəsinin **********5 nömrəli 08.10.2019-cu il tarixli arayışı, Balakən rayon Dövlət Arxivinin 67 nömrəli 31.10.2019-cu il tarixli arxiv arayışı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cəmi 17 il 05 ay sosial sığorta stajı var və anasına qulluq etdiyi müddət sığorta stajına daxil ediləcəyi təqdirdə onun tələb olunan 25 il sosial sığorta stajı tamamlanacaqdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilən fəaliyyət müddəti hesab edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaların 3.2.5-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt əsasında müəyyən edilməlidir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyala keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Göründüyü kimi iddiaçının anasına qulluq etməsinə dair yuxarıda göstərilən normaların tələblərinə cavab verən formada akt tərtib edilməmişdir. Həmçinin iş materiallarında olan Balakən rayon Dövlət Arxivinin 67 nömrəli 31.10.2019-cu il tarixli arxiv arayışından da görünür ki, 2001-2005, 2005-2010-cu illər üzrə təsərrüfat başına kitabdan çıxarışa əsasən mərhum X3 nəvəsi X4 ilə bir təsərrüfatda yaşamış və 29.03.2009-cu ildə ölmüşdür. Həmin dövrlərdə iddiaçı mərhum X3 və onun nəvəsi X4 ilə bir təsərrüfatda yaşamamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edilsə də, iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə xərci iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X5 rayon şöbəsinə qarşı "1998-ci ildən 2009-cu ilədək anasına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-132/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-132/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver