Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-132/2022 13.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məftunə Nur İlham qızının katibliyi, iddiaçı X1, iddiaçının vəkili Vəkil, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-X5, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “**********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinə dair hissəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq şifahi, məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası DT və XK-nin Qax rayon şöbəsi tərəfindən üçüncü şəxsə verilmiş 26.05.2006-cı il tarixli kod 40309028, JN- 490A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsi və bunun əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin verdiyi qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi **********05-10301 olan 13 yanvar 2006-cı il tarixli, 0.31 ha torpaq sahəsinə aid daşınmaz əmlakın Dövlət reyestrindən üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia ərizəsi dəqiqləşdirilərək mübahisələndirilən çıxarışın tarixinin 25.05.2018-ci il olaraq oxunması xahiş edilmişdir. Həmçinin İddiaçı cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən verilmiş, **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışın ləğv edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 30.06.2021-ci il tarixli 2-1(116)-442/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "0,31 ha torpaq sahəsi ilə bağlı X4 adına verilmiş 26.05.2006-cı il tarixli JN-490A kod 40309028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 25.05.2018-ci il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********05-10301 olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi" barədə iddiasına dair 2-1(116)- 442/2021 №-li iş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********05-10301 olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi" barədə iddiasına dair 2- 1(116)-1087/2021 №-li işlə bir icraatda birləşdirilmişdir. Şəki İnzibati Məhkəməsinin 13.01.2022-ci il tarixli, 2-1(116)-132/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin “Azərbaycan Respublikası DT və XK-nin Qax rayon şöbəsi tərəfindən Bayramaşvili (Poladaşvili) İamze Nikolayevnanın adına verilmiş 26.05.2006-cı il tarixli, kod 40309028, JN-490A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsi və **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın torpaq sahəsi ilə bağlı (0.31 ha) hissəsinin ləğvi” hissəsi mümkün sayılmamışdır. İddiaçı, tələbini mübahisələndirilən çıxarışda qeyd edilən və bacısının mülkiyyətinə verilən evin ata evi olması, özünün həmin evdə doğulması, əvvəllər və hazırda həmin evdə yaşaması, mübahisəli evin bir nümayəndəsi olmaqla həmin evdə paya malik olması ilə əsaslandırmışdır. Qeyd etmişdir ki, həmin ev onun məlumatı olmadan qanunsuz şəkildə bacısının adına rəsmiləşdirilmişdir. O, son 20 ildə həmin evdə əsaslı təmir işləri aparmış, həyətdə böyük fındıq bağı salmışdır. X12 yaşadığı Qax rayon Qaxbaş kəndində 20 avqust 1962-ci ildə anadan olmuşdur. X14 01 mart 1973-cü il tarixdə, atası Poladaşvili Nikolaz 14 iyul 1980-cı ildə, nənəsi X9 isə 25 iyul 1984-cü ildə vəfat etmişlər. O, nənəsinin vəfatından sonra həmin evdə yaşamış və 22 oktyabr 1984-cü ildə ailə həyatı quraraq həmin kənddə ər evinə gəlin köçmüşdür. 1998-ci ildən isə mübahisəli evə qayıtmışdır və hazıradək orada yaşayır. Qax rayon X16 rayonu Qaxbaş kəndi üzrə 1983-1985-ci illərə aid XDS İK-nin təsərüfatbaşına kitabından görünür ki, kitabın şəxsi hesab nömrəsi 377 olan sırasında ailə başçısı kimi X9 göstərilmiş və onunla X15 isə ailə üzvləri kimi göstərilmişlər. X9 25 iyul 1984-cü il tarixdə vəfat edərkən onun 22 yaşı, bacısı İamzenin isə 16 yaşı olmuşdur. O, yetkinlik yaşına çatmış yeganə bir vərəsə kimi nənəsindən miras qalmış evi faktiki olaraq qəbul etmiş və təsərrüfatı idarə etmişdir. X15 ilə aralarında evlə bağlı kəskin mübahisə və fikir ayrılığı olduğu halda Qax rayonu Qaxlngiloy kənd İƏD tərəfindən verilmiş 08.06.2015ci il tarixli arayışda qeyd olunmuşdur ki, daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə yoxdur. Miras qalmış evlə bağlı vərəsələr arasında dərin mübahisənin olduğu halda səlahiyyətli icra hakimiyyəti orqanının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün DƏDRX-nin 12 saylı Ərazi idarəsinə təqdim etdiyi arayışda daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisənin olmaması barədə yalnış məlumatın verilməsi mübahisənin yaranmasına səbəb olmuşdur. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəməyə ünvanladığı iddia tələbinə münasibətində qeyd etmişdir ki, **********, reyestr nömrəsi **********05-10301 olan, Qax rayon Qaxbaş kəndində yerləşən, 93.6 kv.m sahəsi olan fərdi yaşayış evi “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və Qax RİH-nin Qax-İngiloy kənd İƏD-nin 08.06.2015-ci il tarixli, 1496 nömrəli təsərrüfatbaşına kitabdan çıxarışa əsasən qeydiyyata alınaraq 25.05.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qax RİH-nin Qax-İngiloy kənd İƏD-nin 08.06.2015-ci il tarixli, 1496 nömrəli təsərrüfatbaşına kitabdan çıxarışda Qaxbaş kəndinə aid 9 saylı təsərrüfat başına kitabın 749-cu səhifəsində X4 adına 1965-ci ildə tikilmiş 93.6 kv.m fərdi yaşayış evinin və 0.31 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə qeyd olunanlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, təqdim etdiyi iddia tələbinə etirazı müdafiə edir və məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Üçüncü şəxs iddia tələbinə etirazını - mübahisələndirilən çıxarışın onun adına DTXK Qax rayon şöbəsi tərəfindən tərtib edilmiş Kod 40309028 JN-490A saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və Qaxingiloy kənd İcra Nümayəndəliyinin 08 iyun 2015-ci il tarixli 1496 saylı təsərrüfatbaşına kitabdan çıxarış əsasında verilməsi ilə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.3-cü bəndində Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış əsasında qeydiyyata alınmanın nəzərdə tutulması, Azərbaycan Respublikası DT və XK-nin Qax rayon şöbəsi tərəfindən ona verilmiş 26.05.2006-cı il tarixli, kod 40309028, JN-490 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin isə Qax rayon X11 müvafiq qərarı əsasında verilməsi və AİK-nın qərarının hazırda qüvvədə olması ilə əsaslandırmışdır. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - kod 40309028, JN-490A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 20.07.2000-ci il tarixli 07 saylı qərarı əsasında 0.31 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. - 25.05.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli DƏDR-dən çıxarışdan görünür ki, Qax rayonu Qaxbaş kəndinə 0.31 ha torpaq sahəsi və onun üzərində yerləşən 93.6 kv.m sahəsi olan fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. - **********05-10301 reyestr nömrəli, 1566 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Qax rayonu Qaxbaş kəndinə 0.31 ha torpaq sahəsi üzərində yerləşən, 1965-ci ildə tikilmiş, ümumi sahəsi 93.6 kv.m olan fərdi yaşayış evi üzrə hüquq subyekti X8 qeyd edilmişdir. - Qax RİH-nin Qax-İngiloy kənd İƏD-nin 08.06.2015-ci il tarixli, 1496 nömrəli arayışından görünür ki, Qax rayonu Qaxbaş kəndinə aid 9 saylı təsərrüfat başına kitabın 749-cu səhifəsində X4 adına 1965-ci ildə tikilmiş 93.6 kv.m fərdi yaşayış evinin və 0.31 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Qeyd edilmiş daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə yoxdur. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08.05.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qax rayonu Qaxbaş kəndinin (“Ş.Rustaveli” təsərrüfatı) həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısında İddiaçı adı aşkar edilməmiş, vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cəvəldə 490 sıra sayının qarşısında X6, ailənin tərkibi 1, xəritədə nömrəsi 419, qanuni istifadəsində olan torpaq sahəsi 0.25 qeydləri icra edilmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19.10.2021-ci il tarixli məktubuna əlavə edilmiş torpaq payı almaq hüququ olan vətəndaşların siyahısından görünür ki, iddiaçı X1 adı torpaq islahat zamanı torpaq payı alacaq subyektlər siyahısında öz əksini tapmışdır. Belə ki, o, X3 ailə başçısı olaraq qeyd edildiyi siyahıda ailə üzvü olaraq qeyd edilmiş və verilməsi nəzərdə tutulan torpaq sahəsi 0.25 ha olmaqla (bütün ailə üzvləri ilə birlikdə) müəyyən edilmişdir. - Qax rayon Dövlət Arxivinin 07.06.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş təsərrüfatbaşına kitablardan çıxarışlardan görünür ki, Qax İngiloy kənd ƏİN-nin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında X10 Qaxbaş kəndində olan təsərrüfatda (təsərrüfatbaşına kitab № 8, şəxsi hesab № 732) ailə başçısı, Qaxingiloy kəndində olan təsərrüfatda (təsərrüfatbaşına kitab № 18, şəxsi hesab № 1614) təsərrüfatın üzvü kimi və İddiaçı Qax İngiloy kəndində olan təsərrüfatda (təsərrüfatbaşına kitab № 21, şəxsi hesab № 1983) təsərrüfatın üzvü kimi qeydə alınmışdır. - DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 17.09.2021-ci il tarixli və 16.09.2021-ci il tarixli imtina məktublarından görünür ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşlar. Lakin, iddia əsassızdır. Şəki İnzibati Məhkəməsinin 13.01.2022-ci il tarixli, 2-1(116)-132/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin “Azərbaycan Respublikası DT və XK-nin Qax rayon şöbəsi tərəfindən Bayramaşvili (Poladaşvili) İamze Nikolayevnanın adına verilmiş 26.05.2006-cı il tarixli, kod 40309028, JN-490A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsi və **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın torpaq sahəsi ilə bağlı (0.31 ha) hissəsinin ləğvi” hissəsi mümkün sayılmadığından iddia tələbinin “**********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinə dair hissəsinin ləğv edilməsi” ilə bağlı hissəsi məhkəmə araşdırmasının predmetini təşkil edir. Bunun üçün isə ilk növbədə 93.6 kv.m sahəsi olan fərdi yaşayış evinin üçüncü şəxsin adına mülkiyyət hüququ ilə qeydə alınmasına əsas olmuş sənədlərin hüquqi təbiəti öyrənilməli və həmin sənədlərin əsaslılığı nəzərə alınaraq cavabdehin hərəkətlərinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilir ki, Qax rayonu Qaxbaş kəndinə 0.31 ha torpaq sahəsi üzərində yerləşən, 1965-ci ildə tikilmiş, ümumi sahəsi 93.6 kv.m olan fərdi yaşayış evi üzrə X4 mülkiyyət hüququnun qeydə alınmasına əsas Qax RİH-nin Qax-İngiloy kənd İƏD-nin 08.06.2015-ci il tarixli, 1496 nömrəli arayışı və 26.05.2006-cı il tarixli, kod 40309028, JN-490A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə olmuşdur. Şəki İnzibati Məhkəməsinin 13.01.2022-ci il tarixli, 2-1(116)-132/2022 nömrəli qərardadında 26.05.2006-cı il tarixli, kod 40309028, JN-490A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin mübahisələndirilməsi imkanının itirilməsi qeyd edilmişdir. Yəni, hazırkı işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydiyyat əsasında verilmiş çıxarış hər hansı mülki hüquqi akt əsasında aparılmamışdır. Həmin qeydiyyat cavabdeh inzibati orqan tərəfindən publik hüquqdan irəli gələn vəzifələrin icrası qaydasında aparılmışdır. İş materiallarından görünür ki, sözügedən qeydin aparılması və çıxarışın verilməsi məsələlərini tənzimləyən ayrıca inzibati akt qəbul edilməmiş, mübahisəli çıxarışın verilməsinə dair hərəkətlər inzibati orqanın faktiki xarakterli fəaliyyəti ilə bağlı olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Qax RİH-nin Qax-İngiloy kənd İƏD-nin 08.06.2015-ci il tarixli, 1496 nömrəli arayışından isə görünür ki, müvafiq arayışda Qax rayonu Qaxbaş kəndinə aid 9 saylı təsərrüfat başına kitabın 749-cu səhifəsində olan məlumatlar öz əksini tapmışdır. Belə ki, Qax İngiloy kənd ƏİN-nin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında X10 Qaxbaş kəndində olan təsərrüfatda (təsərrüfatbaşına kitab № 8, şəxsi hesab № 732) ailə başçısı olaraq qeyd edildiyindən, Qax RİH-nin Qax-İngiloy kənd İƏD haqlı olaraq 08.06.2015-ci il tarixli, 1496 nömrəli arayışı tərtib etmişdir. İşin mübahisəsiz halıdır ki, 93.6 kv.m sahəsi olan fərdi yaşayış evi 2001-ci ilin 1 yanvar tarixinədək inşa edilmişdir (1965-ci ildə). Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) zəruri sənəd olaraq qeyd edildiyindən cavabdeh həmin arayış əsasında fərdi yaşayış evi üzrə düzgün olaraq üçüncü şəxsin mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Məhkəmə, “qeyd olunan yaşayış sahəsi üzərində mübahisənin olduğu halda Qax RİH-nin Qax-İngiloy kənd İƏD-nin yanlışlıqla vərəsələr arasında mübahisənin olmaması ilə bağlı arayışda qeyd göstərməsi ilə bağlı” iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, müvafiq yaşayış sahəsi üzərində mübahisənin olması cavabdehin hərəkətlərinin qanunazidd olması qənaətinə gəlmək üçün əsas vermir. Belə ki, mübahisənin olubolmamasından asılı olmayaraq cavabdeh inzibati orqan yaşayış evi ilə bağlı təsərrüfatbaşına kitabdan çıxarışdakı məlumatları əsas götürməklə müvafiq qeydiyyatı apardığından, mübahisə ilə bağlı qeydin arayışa daxil edilib-edilməməsinin həmin fərdi yaşayış evi üzrə mülkiyyət hüququnun üçüncü şəxsin adına qeydiyyata alınmasına heç bir təsiri olmayacaqdı. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Qanunun 14.5-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş, (1 nömrəli əlavə) “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 5.4-cü bəndinə əsasən bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş müddətdə daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanılmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda, qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Göründüyü kimi qanunvericilik mübahisənin mövcudluğuna münasibətdə yalnız qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduğu halda, cavabdehin üzərinə qeydiyyatın, məhkəmədə iş həll olunanadək dayandırılması ilə bağlı öhdəlik qoymuşdur. Odur ki, Qax RİH-nin Qax-İngiloy kənd İƏD-nin yaşayış sahəsi ilə bağlı mübahisənin olub-olmaması ilə bağlı qeydinin cavabdeh tərəfindən mübahisəli yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü şəxsin adına qeydiyyata alınmasının dayandırılmasına və ya qeydiyyatdan imtina edilməsinə səbəb olmadığından məhkəmə iddiaçı tərəfin həmin dəlilini əsassız hesab edir. Bundan başqa işdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı Qax İngiloy kəndində olan təsərrüfatda (təsərrüfatbaşına kitab № 21, şəxsi hesab № 1983) təsərrüfatın üzvü olmuş, torpaq islahatı aparılan zaman X3 ailə başçısı olaraq qeyd edildiyi təsərrüfatda ailə üzvü olaraq ona da torpaq sahəsi (digər ailə üzvləri ilə birlikdə 0.25 ha) ayrılmışdır. Bu isə onu deməyə əsas verir ki, torpaq islahatı aparılan dövrdə iddiaçı faktiki olaraq hazırda üçüncü şəxsin mülkiyyətində olan fərdi yaşayış evi üzrə təsərrüfatda olmadığından, müvafiq təsərrüfat üzrə yalnız üçüncü şəxsin adı ailə başçısı olaraq qeyd edilmişdir. Hazırki iş üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçı, tələbində qeyd etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdeh, mübahisələndirilən çıxarışın ləğv edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı həmin çıxarışın ləğvi üçün zəruri olan şərtləri sübut edə bilməmişdir. Hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02.11.2021-ci il tarili, 2-1(102)-1735/2021 nömrəli qərarında ifadə olunan hüquqi mövqe). Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, üçüncü şəxs X4 adına mülkiyyət hüququ ilə qeydə alınmış **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda qeyd edilmiş mübahisəli yaşayış sahəsi ilə bağlı qeydiyyatın ləğvi üçün əsaslar olmadığından, cavabdehin - iddiaçının müraciətini təmin etməkdən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.2 və 8.0.3-cü maddəsinin tələblərinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı, qanunvericiliklə müəyyən edilmiş digər sənədlər və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) “**********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinə dair hissəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-132/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-132/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver