Məhkəmə qərarları › İş №2-1(116)-132/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-132/2024

22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-132/2024 22.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı, keçmiş Zərdab rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1991-ci ildə müddətli hərbi xidmətə çağırılmış, sonradan xidməti davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, döyüşlərdə yaralanmışdır, "Qəlpəli kor yaralanma nəticəsində sağ kürəkaltı nahiyənin hər iki sümüyünün sınığı" xəsarəti almışdır. Aldığı xəsarətlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 245 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır" kimi təsdqlənmişdir. Ona 2-ci qrup əlillik təyin edilmişdir, dəfələrlə özəl və dövlət tibb müəssisələrində müayinə və stasionar müalicə almasına baxmayaraq vəziyyətində yaxşılaşma olmamışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 16 noyabr 2022-cı il tarixdə əlillik dərəcəsini təyin etməkdən imtina etmiş, əsas olaraq "Diaqnoz əlillik əlaməti müəyyən etmir" kimi göstərilmişdir. Ona yazılı bildiriş uzun müddət verilməmiş, təkrar müraciətlərindən sonra xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Belə ki, o xəsarət alandan sonra uzun illər özəl və dövlət xəstəxanalarında, eləcə də ambulator şəraitdə müalicələr almağa məcbur olmuşdur, xəstəlik vərəqələrində vəziyyətində hər hansı yaxşılaşma olmadığı qeyd edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 30 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 8) Zərdab rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti 30.01,2022-ci il tarixdə DTSERA-da əyani müayinə olunmuş və ona Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir (ESDAS:**********8). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli 245 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol diz oynağının, sağ kürək nahiyəsinin, sağ İV əldarağı sümüyünün çoxqəlpəli sınığı ilə çoxsaylı qəlpə yaralanması. Yaraların birincili cərrahi işlənməsi, qəlpələrin xaric edilməsindən sonrakı vəziyyət" diaqnozlu travmanın səbəb əlaqəsi” Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ döş qəfəsinin arxa və yan səthində, sağ baldırın aşağı 1/3-də, sol dizdə, sağ əlin arxa səthində çapıqlar izlənilmiş, ətraflarda əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, hərəki məhdudluq müəyyən edilməmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarərtmə Birliyi" (TƏBİB) X1 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********* nömrəli Arayışda qeyd olunmuş diaqnoz “Sağ kürək, sağ alın, sol baldırın odlu silah yaralanması. Çox saylı qəlpələr. Sağ kürək, döş qəfəsinin əlin arxa səthinin baldırın ağrılı dartıcı çapıq toxuması. Sağ bazu kələfinin və dirsək sinirinin nevropatiyası. Sağ mil-bilək daraq falanqa oynaqlarının kəskin kontrakturası (bükmə 10 dərəcə, açma 10 dərəcə). Sağ yuxarı ətrafın əzələ atrofiyası. Sağ bazu və mil-bilək oynağının artrozu. Sağ bazu oynağının kontrakturası (uzaqlaşma 90 dərəcə). Sağ əlin tutma funksiyasının pozulması. Ağrı sindromu” kimi, Mediplanet Klinikası xx-xx.2022-ci il tarixli EMG müayinəsinin nəticəsi "Bu EMG sağtərəfli ulnar nevropatiya (seqmental demielnizasiya) ilə xarakterizədir” kimi qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli 245 nömrəli qərarından görünür ki, Zərdab RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, 1994-cü ildə fərarilik etdiyi üçün barəsində Gəncə hərbi prokurorluğu tərəfindən xx.xx.2003-cü ildə amnistiya qərarı tətbiq edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən 2xx.xx.1993-cü ilə kimi MN MHKH-da müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sol diz oynağının, sağ kürık nahiyyəsinin, sağ əlin İV əldarağı sümüyünün çoxqəlpəli sınığı ilə çoxsaylı qəlpə yaralanması.Yaraların birincili-cərrahi işlənməsi, qəlpələrin xaric edilməsindən sonrakı vəziyyət” (MN MHKH-nın verdiyi xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Zərdab RHK-nın xx.xx.2005-ci il tarixli 4/187 saylı arayışı (Gəncə hərbi prokurorluğunun xx.xx.2003-cü il tarixli amnistiya qərarı ilə təsdiq edilir), “«HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». MN MHKH-ın cərrahiyyə profilli hərbi həkim komissiyasının yaralanmasının hərbi xidmətlə səbəb əlaqəsi haqqında xx.xx.1993-cü il tarixli qərarı ləğv edilir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı keçmiş Zərdab rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1991-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş və N nömrəli hərbi hissədə xidmət keçərkən “Qəlpəli kor yaralanma nəticəsində sağ kürəkaltı nahiyyənin hər iki sümüyünün sınığı” xəsarətini almışdır. İddiaçı barəsində Azərbaycan Respublikası MM-nin xx.xx.2003-cü il tarixli Amnistiya haqqında qərarının 1-ci fəslinin 1.2 və 1.14 maddələri tətbiq edilməklə cinayət işinin başlanması rədd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə “Odlu silah yaralanması” diaqnozu ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, bir il müddətinə ikinci dərəcəli əlillik (2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...) təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Oynaqların kontrakturası. Qarışıq astma” diaqnozu ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, bir il müddətinə təkrar ikinci dərəcəli əlillik (2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə) təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Oynaqların kontrakturası. Qarışıq astma” diaqnozu ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, beş il müddətinə təkrar ikinci dərəcəli əlillik (2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə) təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-cı il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: “Çoxsaylı qəlpə yaralanması. Diz oynağı (sol), sağ kürək nahiyəsi, sağ alin İV əl darağı sümüyünün qəlpəli sınığı. Əməliyyatdan sonrakı vəziyyət.Sağ kürək, sağ əlin, sol diz oynağının, sağ baldırın odlu silahla yaralanması, çoxsaylı qəlpələr, sağ kürək, döş qəfəsinin, əlin arxa səthinin, baldırın ağrılı dartıcı çapıq toxuması. Sağ bazu kələfinin dirsək və orta sinirin posttravmatik neyropatiyası”,Diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəbi ilə imtina cavabı verilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ kürək, sağ əlin, sol diz oynağının, sağ baldırın odlu silahdan çox saylı kor qəlpə yaralanması.”, İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir göstərilmişdir - Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə xx.xx.2023-cü il tarixli, 2-1(116)-1478/2023 saylı qərardadla iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”nə həvalə edilmişdir. Sonuncunun xx.xx.2023-cü il tarixli 4983 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, iddiaçı ekspertizanın aparılmasında iştirak etmədiyindən məhkəmə qəraradadı icrasız geri qaytarılmışdır. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İş materiallarında cavabdeh orqan tərəfindən iddiaçıya müvafiq imtina qərarının hansı tarixdə verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati aktın qəbul olunmasını tələb etsə də, müraciəti təmin edilməmişdir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina dəlili iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etməməsi ilə bağlı olmuşdur. Şəki İnzibati Məhkəməsinin Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(116)-1478/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi”nin ekspertlərinə həvalə edilmiş, ekspert qarşısında iddiaçıya qoyulmuş diaqnozun düzgün olub-olmaması ilə bağlı suallar qoyulmuşdur. “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2023-cü il tarixli 3453 nömrəli məktubunda qeyd edilmişdir ki, məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü iddiaçıya özünün şəxsiyyət vəsiqəsi və tibbi sənədləri ilə Birliyə təqdim edilməsi bildirilməsinə baxmayaraq, ötən müddət ərzində gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. Bu səbəbdən də sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır. Nəzərə alınmalıdır ki, məhkəmənin xx.xx.2023-cü il tarixli məktubunda da, iddiaçıya “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-də aparılması nəzərdə tutulan ekspertizada iştirak etmək üçün məlumat göndərilmişdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinə əsasən: 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.2. İşdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. 97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. 97.4-1. İşdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. Hazırkı işdə isə iddiaçı, tələbində göstərilən halların araşdırılması ilə bağlı iş üzrə təyin edilmiş məhkəmə ekspertizasından keçməkdən yayındığından, məhkəmə MPM-nin 97.5-ci maddəsini rəhbər tutaraq hesab edir ki, iş üzrə iddia tələbinin təmin olunmasını istisna edən faktiki hallar öz təsdiqini tapır və cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar