Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1320/2022 24.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respubliaksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “8325,04 manat pulun geri tələb edilməsi barədə qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respubliaksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 8325,04 manat pulun geri tələb edilməsi barədə qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı X5 filialının xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçıya 2-ci qrup əlil kimi pensiya təyin edilmişdir. Sonradan isə iddiaçıya heç bir məlumat verilmədən xx.xx.2020-ci ildə pensiya ödənişi dayandırılmışdır. Son aldığı pensiya məbləği 264.80 manat olmuşdur. Nəticədə iddiaçı cavabdeh inzibati orqanın filialına sorğu göndərərək məsələyə aydınlıq gətirmək istəmişdir. İddiaçının müraciətinə cavab olaraq xx.xx.2022-ci tarixdə **********9 saylı məktub göndərilmiş, iddiaçıya pensiyanın dayandırılması və 8325,04 manat iddiaçıya ödənmiş pensiyanın geri qaytarılması barədə inzibati orqanın siyahısı üzrə əvvəllər, yəni xx.xx.2020-ci il tarixli **********5 saylı məktubla xəbərdarlıq olunduğu bildirmişdir. Halbuki, iddiaçı həmin məktubu almamışdır. İddiaçı cavabdehin qərarını əsassız hesab etdiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı xx.xx.2022-ci il tarixli **********1 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin əsasnamənin 4.2-ci bəndinə əsasən Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Həmin əsasnamənin 4.7-ci bəndinə əsasən Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. Əsasnamənin 4.9-cu bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülür. Əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Əsasnamənin 4.9-2-ci bəndinə əsasən Qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar Xidmət tərəfindən verilir. Əsasnamənin 4.9-3-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının daxili nəzarət şöbəsi və Xidmət tərəfindən seçmə qaydada göndəriş üzrə məlumatların yoxlanılması həyata keçirilə bilər. Əsasnamənin 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ona təyin edilmiş əlilləyə görə əmək pensiyası almışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli Qərarı ilə İddiaçı 2-ci dərəcəli əlil olması barədə qeydlər Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız hesab edildiyindən iddiaçıdan Fondun Göyçay rayon ərazi filialı tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək 8325,04 manat artıq ödənilmiş məbləğin şöbənin hesabına bərpa edilməsi xahiş edilmişdir. İddiaçıya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin vəsait şöbənin hesabına bərpa edilməmişdir. Bu səbəblə də iddiaçının cavabdehin xx.xx.2020-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, qeyd edilən qərar qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalarına riayət edilməklə qəbul edilmiş və onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. İddia ərizəsinə etiraza əlavə edilmiş sənədlərin surətindən də göründüyü kimi, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Göyçay rayon filialı tərəfindən İddiaçı artıq aldığı məbləği geri qaytarmağı özündə ehtiva edən xəbərdarlıq məktubu xx.xx.2020ci il tarixdə göndərilmiş, bundan sonra iddiaçı tərəfindən artıq alınmış pensiya məbləği geri qaytarılmadığından xx.xx.2020-ci il tarixdə mübahisə predmeti olan qərar qəbul edilmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq iş üzrə cavabdeh Azərbaycan Respubliaksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respubliaksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə təmin edilmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli fərmanı ilə təsdiq edilmiş, “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin” 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərini rəhbər tutaraq Fond tərəfindən xx.xx.2020-ci il tarixli ******* nömrəli qərar qəbul edilmiş, qərara əsasən Fondun keçmiş rayon şöbələri (filialları) üzrə regional ərazi filialları yaradılmış, onların əsasnamələri təsdiq edilmişdir. Hazırda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növündən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisələndirilən qərar xx.xx.2020-ci il tarixində qəbul edilmiş, lakin iş materialları ilə qərarın iddiaçıya rəsmi qaydada təqdim edilməsinə dair müvafiq sənəd aşkar edilməmiş və müəyyən olunur ki, qərar barədə iddiaçıya məlumat göndərilməmişdir. Cavabdeh tərəfindən qərarın iddiaçının qanunla müəyyən edilmiş müddəti buraxmaqla mübahisələndirməsinə və ya iddiaçının qərardan daha əvvəl məlumatlı olmasına dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı ondan 8325,04 manat pul məbləğinin tutulmasını nəzərdə tutan cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2020-ci il tarixli, Q/15 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərarın ləğvinə nail olmaqdan ibarətdir. Mahiyyətcə iddia əsaslıdır. İş materiallarında olan: Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********1 nömrəli etiraz məktubuna əlavə olunmuş: Fondun Göyçay rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli 375 nömrəli qərarının surətindən görünür ki, İddiaçı 2-ci qrup əlilliyə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi pensiya təyin olunmuşdur. xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının əlillik dərəcəsi əlillik alt sistemində etibarsız edilmiş və qeyd olunan məktubla ona xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 8325,04 manat əlilliyə görə artıq pensiya aldığı bildirilmiş, həmçinin həmin vəsaitin Fondun Göyçay rayon şöbəsinin hesabına bərpa edilməsi xahiş olunmuşdur. Göyçay rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli bildirişinin surətindən görünür ki, Fondun Göyçay rayon filialının xx.xx.2020-ci il tarixli Q/15 nömrəli qərarına əsasən İddiaçı 8325,04 manat məbləğində artıq ödənilmiş vəsaitin geri qaytarılması tələb olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur. Hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” Fondun Göyçay rayon filialının xx.xx.2020-ci il tarixli Q/15 nömrəli qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bununla baglı, ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki, “... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Beləliklə, İPM-in 118-ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3- 118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2-ci və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir...” Yuxarıda istinad olunan normalardan göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, belə razılıq olmadığı halda isə məhkəmə qaydasında tutulur. Cavabdeh iddia tələbinə etirazını “İnzibati icraat haqqında” Qanunun 82.3-cü maddəsi ilə əsaslandırsa da məhkəmə qeyd edir ki, həmin norma pul tələbinin ödənilməsi ilə bağlı inzibati aktın qəbul edilməsini deyil, qəbul edilmiş inzibati aktın icraya yönəldilmə qaydasını tənzimləyir. Bunun üçün isə cavabdehin pul tələbinin ödənilməsi barədə, yəni hazırkı işə münasibətdə - “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə” qərar qəbul etmək səlahiyyəti olmalıdır. Cavabdeh inzibati orqanın birbaşa fəaliyyətini tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunla ona əmək pensiyaçısının razılığı olmadan, müstəqil olaraq “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə” qərar qəbul etmək səlahiyyəti verilməmişdir. Buna görə də qeyd olunan normaya istinad etməklə, iddiaçının razılığı olmadan artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması ilə bağlı cavabdehin qəbul etdiyi xx.xx.2020-ci il tarixli, Q/15 nömrəli qərar mahiyyət etibarilə əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 8325,04 manat pulun İddiaçı geri tələb edilməsi barədə xx.xx.2020-ci il tarixli Q/15 nömrəli qərar ləğv edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1320/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1320/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver