Məhkəmə qərarları › İş №2-1(116)-1321/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1321/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1321/2022 15.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh orqanın **********3760 saylı 10 mart 2022-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh orqanın **********3760 saylı 10 mart 2022-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi” qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, ali təhsilli olmaqla Tibb Universitetini bitirmişdir. Tibbi fəaliyyyətlə məşğul olmaq məqsədilə 2016-cı ildə Ağdaş şəhəri, H.Əliyev prospektində otaq əldə edərək və lazımi sənədləri toplayaraq aidiyyati üzrə cavabdehə müraciət etmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 03 oktyabr 2016-cı il tarixdə cavabdeh 9 saylı Ərazi Vergilər idarəsində qeydiyyata alınaraq müvafiq şəhadətnamə almışdır. Fiziki şəxs kimi qeydiyyata alındıqdan sonra tibb fəaliyyəti ilə məşğul olmaq üçün tibb fəaliyyətlə məşğul olmaq və vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərmək üçün lazım ləvazimatları əldə etdikdən sonra tibbi fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılıq, yən lisenziya tələb olunduğundan fəaliyyət göstərməmişdir. Belə ki, vergi ödəyieisi kimi, fəaliyyəti 05 mart 2017-ci il tarixdə müraciəti əsasında 5 il müddətinə, yəni 05 mart 2022-ci il tarixədək dayandırılmışdır və bu cavabdeh orqanda qeydə alınmışdır. Fəaliyyət göstərmədiyinə görə yararsız hala düşməsin deyə obyektə nəzarət-kassa aparatı qoymamışdır. Fəaliyyət göstərməməsi cavabdehə verdiyi rüblük hesabatlarla tam təsdiq olunur. Yəni ötən müddətdə həmin obyektdə tibbi fəaliyyətlə məşğul olmamışdır. Bu barədə, yəni fəaliyyətinin həmin müddətə dayandırılması cavabdeh orqannın elktron informasiya sistemindən çıxarış ilə təsdiq olunur. 26 yanvar 2022-ci il tarixdə sonra da həmin idarədə işlədiyini öyrəndiyi cavabdehin əməkdaşı həmin obyektə gələrkən fəaliyyyət göstərmədiyi halda, obyektin qapısından içəri baxaraq çıxıb getmişdir. Həmin vaxt o, obyektdə tək olmuşdur və internet səhifəsində Azərbaycanda və dünyada baş verən hadisələrlə maraqlanmışdır. Bundan bir müddət sonra eşitmişdir ki, həmin əməkdaş onun həmin obyektdə olduğuna görə barəsində hansısa akt və ya protokol tərtib edərək aidiyyati üzrə baxılması üçün idarəyə təqdim etmişdir. Cavabdehin 10 mart 2022-ci il tarixli qərarı ilə o, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozduğuna görə Vergilər Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. Cavabdeh orqan qərarını bununla əsalandırmışdır ki, o, 26 yanvar 2022-ci il tarixdə sahibkarlıq fəaliyyəti göstərdiyi Ağdaş şəhəri, H.Əliyev prospekti, 135 ünvanında yerləşən obyektdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2019-cu il tarixli 338 saylı qərarının 8.3.16-cı bəndinin və əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına dair vergi qanunvericiliyinin tələblərini pozmuşdur. O, cavabdeh orqanın həmin qərarından narazıdır və hesab edir ki, qanunsuz olduğundan həmin qərar ləğv edilməlidir. Belə ki, barəsində torpalmış materialın baxılması ilə əlaqədar ona işə baxılma yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada və müddətdə rəsmi rəsmi qaydada məlumat verilməmişdir və işin baxılmasında iştirakı təmin olunmamışdır. Həmin obyekt onun xüsusi mülkiyyətidir və həmin obyekt üzərində hüquqlarını istəyinə uyğun həyata keçirmək onun toxunulmaz və müdafiə olunan hüququdur, ona görə də iddiaçını bu hüququndan heç kim məhrum edə bilməz. O, istədiyi vaxt həmin obyektdə gələ və gedə bilər. Orada qanunlara zidd olmayan özünə aid hər hansı şəxsi işləri ilə məşğul ola bilər. Cavabdeh orqanın əməkdaşı və ya əməkdaşları həmin obyektə gəlməmişlər, müşahidəçilərin iştirakı ilə obyektə baxış keçirməmişlər və onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını aşkar etməmişlər. Fəaliyyətini əks etdirən, yəni sübut edən foto və ya video çəkilişdən istifadə olunmamış, baxış zamanı protokol tərtib olunmamışdır. Fəaliyyət göstəib- göstərməməsilə bağlı protokolda müşahidəçi və onun barəsində qeydlər aparılmamış, izahatı alınmamış, ümumiyyətlə iştirakı ilə hər hansı formada akt və ya protokol tərtib olunmamış və imza etmək təklif olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il etirazını aşağıdakı kimi əsaslandırmışdır: - 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********2451 nömrəli qərarına və xx.xx.2022-ci il tarixli, KY221709422 yoxlama kodlu Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışına əsasən fərdi sahibkar İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 2 ünvanında yerləşən diş texniki kabinetində xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı vergi ödəyicisi X3 tərəfindən pasiyentin dişi çəkilmiş və bunun müqabilində 12,0 (on iki) manat ödənilmiş pula görə NKA çekinin verilmədiyi aşkar edilmişdir. Araşdırma zamanı obyektdə ciddi hesabat blankından və ya nəzarət kassa aparatından istifadə edilmədiyi və bununla da əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu müəyyən edilmişdir. Göstərilən qanun pozuntusunun nəticələri qanunamüvafiq qaydada xx.xx.2022-ci il tarixli DVX seriyalı 012456 nömrəli aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicisi aktı imzalamaqdan və bir nüsxəsinin almaqdan imtina etdiyi üçün aktda qeydlər aparılmış və bu barədə xx.xx.2022ci il tarixli akt tərtib edilmişdir (akt etiraza əlavə olunur). Vergi ödəyicisi G.Gənizadəyə tərəfindən imzalamaqdan imtina edilmiş akt və eyni zamanda barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədilə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********540100 nömrəli vergi orqanına dəvət olunmasına haqqında bildiriş göndərilməsinə baxmayaraq (poçt qəbzi etiraza əlavə olunur), materiallara baxılmasında iştirak etməmiş və vergi orqanı tərəfindən onun iştirakı olmadan barəsində xx.xx.2022-ci il tarixli **********063200 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının apaılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000,0 (min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi orqanı tərəfindən məsuliyyət qərarı və tələbnamə xx.xx.2022-ci il tarixli **********063200 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir (poçt qəbzi etiraza əlavə olunur). İddiaçı ərizəsində vergi orqanının əməkdaşlarının həmin obyektdə gəlmədiyini, baxışın keçirilmədiyini, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkar edilmədiyini və onun iştirakı ilə heç bir protokol və ya akt tərtib olunmadığını göstərmişdir. Vergi orqanının əməkdaşları tərəfindən vergi ödəyicisinə operativ vergi nəzarətinin keçirilməsi barədə qərarla və çıxarışla tanış olması və həmçinin aktı imzalaması təklif olunsa da o əməkdaşları obyektən qovaraq heç bir qərarla tanış olmayacağını və heç bir sənədə imza atmayacağını kobud şəkildə bildirmişdir. Vergi ödəyicisi tərəfindən fəaliyyətini dayandırılmasına baxmayaraq keçirilmiş müşahidələr zamanı onun tərəfindən dəfələrlə pasiyentlərə xidmət göstərildiyi müəyyən edilmişdir. Göstərilənlərdən də aydın olur ki, 9 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı tərəfindən qanunamüvafiq qaydada tərtib etdiyi akt əsasında xx.xx.2022-ci il tarixli **********3760 nömrəli qərar qəbul olunmuşdur. İddiaçı vergi orqanının nüfuzuna xələl gətirə bilən şər və böhtanlardan istifadə etməklə məsuliyyətdən yaxa qurtarmağa, ona tətbiq edilmiş maliyyə sanksiyası üzrə vəsaiti Dövlət Büdcəsinə ödəməkdən yayınmağa çalışır Yuxarıda qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış maliyyə sanksiyasının ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid X5 izahat verərək göstərdi ki, o, cavabdeh orqanın əməkdaşıdır və baş mühasib vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə biz Ağdaşa tədbirə gedirdik, dişim ağrıyırdı müalicə olunası kimi deyildi o, dişi çürüdüyü üçün Gündüz həkimə müraciət etmiş, Gündüz həkim onun dişini müalicə etməmiş və dişini rentgenə salınması üçün göndərmişdir. Rentgen elətdirdikdən sonra o, təkrar həkimin yanına qayıtmış və həkim tərəfindən dişi çıxarılmışdır. O, həkimdən borcunun nə qədər olduğunu soruşmuş və həkim tərəfindən 10 manat ödənilməli olduğu bildirilmişdir. O, həkimə 20 manat ödəniş etmiş, həkim isə xırdasının olmadığını bildirərək ona 8 manat qaytarmışdır. Ödəniş edilən məbləğlə bağlı həkimdən qəbz verilməsini tələb etmiş, lakin ona qəbz verilməmişdir. Obyektdə ümumiyyətlə kassa aparatı yox idi. Bu zaman obyektdə növbədə gözləyən Röyal adlı şəxs də var idi. Həkimlə aralarında mübahisə yarandıqdan sonra həkim onu və digər əməkdaşı obyektdən çıxarmışdır. Baş vermiş mübahisənin şahidi Röyal adlı şəxs olmuşdur. Daha sonra şahid Akif Sədirov ona verilmiş sualları cavablandırarkən izahatında göstərdi ki, Röyal adlı şəxsi xx.xx.2022-ci il tarixədək tanıyırdı. Belə ki, Röyal əvvəllər şadlıq evlərinin birində ofisiant işləyirdi və xx.xx.2022-ci il tarixdə mübahisə baş verərəkən həmin obyektdə olmuşdur. Röyalın növbəsini gözlədiyi yerdən həkimin otağının və baş vermiş hadisənin görülməməsi mümkün deyildir. Bununla belə tərtib edilmiş aktda nəyə görə Röyalın adının qeyd edilməməsinin səbəbini bilmir. O, həkimə dişinin çəkilməsi üçün mrüaciət edərkən obyektdə başqa müştəri yox idi. Məhkəmə iclasında şahid X4 izahat verərək göstərdi ki, Akif bəyi tanıyır və məhkəmə iclasından əvvəl Akif bəy ona baş vermiş və şahidi olduğu hadisə ilə bağlı məhkəmə iclasında şahid qismində izahat verməyi təklif etmiş və o da razılaşmışdır. İddiaçını əvvəllər tanımamış həkim olduğu üçün qəbuluna getmiş və xx.xx.2022-ci il tarixdə növbədə gözləyərkən ilk dəfə görmüşdür. Belə ki, o, dişinə plomb vurdurmaq üçün xx.xx.2022-ci il tarixdə həmin obyektdə növbəsini gözləyərkən içəridə Akif bəylə həkim arasında münaqişə olduğunu görmüşdür. Belə ki, Akif bəy həkimdən çek tələb edirdi. Daha sonra şahid ona verilmiş sualları cavablandırarkən izahatında göstərdi ki, növbədə gözlədiyi obyektin içərisinin necə olmasını ümumiyyətlə xatırlamır, hadisə zamanı orada olsa da, cavabdeh orqanın tərtib etdiyi heç bir sənədə imza çəkməmişdir. Ümumiyyətlə həkimi görməmişdir. Əslində o, çöldə qapının yanında gözləmiş və içərini görməmişdir. Həkimin üzünü görməyib və həkimin əynində xalat olub-olmadığını bilmir. Güman edir ki, Akif bəyin münaqişəsi həkimlə ola bilərdi. Həkimi tanımır və məhkəmə iclasınadək ümumiyyətlə həkimin üzünü görməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli **********063200 nömrəli məsuliyyət qərarının və tələbnaməsinin göndərilməsi haqqında məktubundan görünür ki, 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən barənizdə tərtib olunmuş xx.xx.2022-ci il tarixli DVX seriyalı 012456 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında çıxarılmış xx.xx.2022-ci il tarixli **********3760 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" Qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə iddiaçıya göndərilmiş, lakin “bü ünvanda yaşamır” qeydi icra edilməklə sözügedən sənədlər iddiaçıya çatdırılmamışdır. - Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********3760 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə görə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə iddiaçı 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. - cavabdehin iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli **********035100 nömrəli fəaliyyətin dayandırılması haqqında məktubundan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış, rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə və yenidən rəsmi müraciəti əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2072-ci il tarixədək dayandırılmışdır. Vergi ödəyicisinin fəaliyyət vəziyyəti xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv olmuşdur. - xx.xx.2022-ci il tarixli Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16 bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı barəsində Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi qanunvericiliyinə əməl olunması tövsiyyə olunmuşdur. - Operativ vergi nəzarətinin həyəta keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********2451 nömrəli qərarından görünür ki, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il daxil olmaqla) operativ vergi nəzarətinin 1-ci dərəcəli müfəttiş X6 3-cü dərəcəli müfəttiş X5 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. - KY221709422 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlanılan sahibkarlıq subyektinin adı İddiaçı (VÖEN **********), yoxlamanın müddəti xx.xx.2022 – xx.xx.2022, yoxlamanın növü – operativ vergi nəzarəti, yoxlamanın tipi – plandankənar (növbədənkənar) və digər məlumatlar qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisələndirilən qərar 10 mart 2022-ci il tarixdə qəbul olunmuşdur. Cavabdeh orqan sözügedən qərarın xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya poçt vasitəsilə göndərildiyini bildirsə də, iş materialları ilə müəyyən olunur ki, həmin qərar iddiaçıya çatdırılmamışdır. Odur ki, iddiaçı tərəfindən hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir. Həmçinin, iddia mahiyyət etibarilə əsaslıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarətkassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. İş materialları ilə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən iddiaçı barəsində 1000 manat maliyyə sanksiyasının hesablanması barədə qəbul edilən qərarın əsasını əhali ilə pul hesablaşmalarının aparılması zamanı pasiyentin dişini çəkmiş həkim tərəfindən dişi çəkilmiş şəxsə çek verilməməsi (ödənilmiş 12 manat pul məbləğinin müqabilində) təşkil edir ki, bu halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin maddi hüquq normalarının tələbinə görə müvafiq vəzifəsinin qüvvəyə minməsi üçün nağd pul hesablaşmasının aparılması baş verməlidir. Hazırkı işdə vergi orqanı tərtib etdiyi aktda xx.xx.2022-ci il tarixdə saat 15:00-da operativ vergi nəzarəti zamanı iddiaçının pasiyentin dişini çəkməsini və 12 manat ödəniş edilməsinə baxmayaraq, ödənilmiş məbləğ müqabilində NKA çekinin müştəriyə təqdim edilməməsini və ödənilmiş məbləğin NKA-ya mədaxil edilməməsini göstərsə də, həmin akt yalnız onun tərtibində iştirak edən vergi müfəttişləri tərəfindən təsdiq olunmuşdur. Halbuki, vergi qanunvericiliyinin tələbinə görə bu cür yoxlama həyata keçirilərkən vergi müfəttişlərindən başqa müşahidəçinin də iştirakı təmin olunmalı idi ki, bu qaydaya da riayət olunmamışdır. Belə ki, “pasiyent” qismində çıxış edən şəxs - cavabdeh orqanın əməkdaşı, yəni operativ vergi nəzarətinin həyəta keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********2451 nömrəli qərarın həyata keçirilməsi həvalə edilmiş X5 olmuşdur. Məhkəmə iclasına Akif Sədirov şahid kimi dəvət edilərək izahatı alınmış, lakin sonuncunun verdiyi izahatla işin halları arasında zidiyyətlər aşkar edildiyindən, həmçinin şahid Akid Sədirovun hazırkı iş üzrə cavabdehlə eyni hüquqi maraqları olduğundan, məhkəmə Akif Sədirovun izahatını işin həqiqi hallarını müəyyən etməyə imkan verən mötəbər sübut olaraq qəbul etməmişdir. Bundan başqa cavabdeh orqan iddiaçı tərəfindən yol verilmiş pozuntularla bağlı izahatının alınması üçün məhkəmə iclasına şahid olaraq X2 təqdim etmişdir. X12 məhkəmə iclasında zidiyyətli ifadələr verərək əvvəlcə növbədə gözlədiyini, həkimlə Akif Sədirov arasında mübahisənin şahidi olduğunu və mübahisənin çeklə bağlı olduğunu bildirsə də, sonradan həkimi (iddiaçını) ümumiyyətlə görmədiyini, mübahisənin iddiaçı ilə Akif Sədirov arasında baş verməsini güman etməsini bildirmiş, mübahisənin baş verdiyi ərazini isə ümumiyyətlə heç bir sözlə təsvir və ifadə edə bilməmişdir. Həmçinin qeyd etmişdir ki, Akif bəy ona baş vermiş və şahidi olduğu hadisə ilə bağlı məhkəmə iclasında şahid qismində izahat verməyi təklif etdiyinə görə məhkəmə iclasına gəlmişdir. Lakin, şahid Akif Sədirov izahatında bildirmişdir ki, Röyal adlı şəxsin növbəsini gözlədiyi yerdən həkimin otağının və baş vermiş hadisənin görülməməsi mümkün deyildir və həmin vaxt Röyal adlı şəxs orada olduğuna görə məhkəməyə şahid qismində gəlməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi xx.xx.2022-ci il tarixdə cavabdeh orqan tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında, o cümlədən iddiaçı tərəfindən obyektin daxilində aktın tərtib edilməsinə imkan verilməməsi ilə bağlı aktlar tərtib edilmiş, lakin tərtib edilmiş aktlar yalnız Akif Sədirov və Babək Mahmudov tərəfindən imzalanmış, tərtib edilmiş heç bir aktda Röyal Sadıqovun adı qeyd edilməmiş və sonuncu tərəfindən imzalanmamışdır. Müvafiq aktın tərtib edildiyi tarixdən (xx.xx.2022) 10 ay keçdikdən sonra aktın tərtib edilməsi zamanı Röyal Sadıqovun orada olduğunu xatırlayan Akif Sədirov, akt tərtib edilərkən Röyal Sadıqovu hal şahidi kimi qeyd etməməsini əsaslandıra bilməmişdir. Odur ki, məhkəmə Röyal Sadıqovun izahatını da işin həqiqi hallarını müəyyən etməyə imkan verən mötəbər sübut olaraq qəbul etməmişdir. Nəticədə vergi orqanının aktında qeyd olunan halların sübuta yetirilməməsi aktın mötəbərliliyini şübhə altına almağa əsas verir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçıya maliyyə sanksiyası tətbiq etdiyi zamanı obyektiv həqiqəti əks etdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1079/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı mövcuddur). İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsinə dair cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********3760 saylı, 10 mart 2022-ci il tarixli qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar