Məhkəmə qərarları › İş №2-1(116)-1324/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1324/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1324/2021 17.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçılar İddiaçı1, Mustafayeva (Hüseynova) Nailə Eyyub qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 30 iyun 2021-ci il tarixli **********38 saylı imtinasının qanunsuz hesab edilməsi və X1 adına verilmiş 22 fevral 2007-ci il tarixli, MH 002157 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçılar cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 30 iyun 2021-ci il tarixli **********38 saylı imtinasının qanunsuz hesab edilməsi və X1 adına verilmiş 22 fevral 2007-ci il tarixli, MH 002157 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 26.08.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu 2 saylı dövlət Notariat Kontorunda bağlanılmış 19 dekabr 2006-cı il tarixli 4Ə-2/537 nömrəli müqavilənin etibarsız hesab edilməsi, X3 verilmiş 22.02.2007-ci il tarixli MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (sədrlik edən C.İmanov) 05.08.2019-cu il tarixli 2(075)- 790/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, X4, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 iləX5 oğlu arasında Şəki rayonu 2 saylı dövlət Notariat Kontorunda bağlanılmış 19 dekabr 2006-cı il tarixli 4Ə-2/537 nömrəli müqavilə etibarsız hesab edilməsi, X3 verilmiş 22.02.2007-ci il tarixli MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli 2(075)-790/2019 saylı qətnaməsi qanuni qüvvəsini alıb icraya yönəlmişdir. Şəki Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli 2(075)-790/2019 saylı icra sənədinin icrası ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən cavabdeh inzibati orqan AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edilsə də, AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 05 fevral 2021-ci il tarixli **********63 saylı məktubu ilə bundan imtina etmişdir. Bundan sonra iddiaçılar X1 adına verilmiş 22 fevral 2007-ci il tarixli, MH 002157 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciət təmin edilməmişdir. Cavabdeh orqan 30.06.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Şəki Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(075)-790/2019 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Şəki rayonu İcra və Probasiya şöbəsi tərəfindən ərazi idarəsinə 06 yanvar 2021-ci il tarixli, 148/13 saylı müraciət ünvanlamışdır. ünvan 1 torpaq sahəsi 07 iyul 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli ərizə əsasında "xxxx" ASC-nin xeyrinə yüklü edildiyindən və yüklülükdən azad olunmadığından, həmçinin sözügedən əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.12.2014-cü il tarixli, 8(001)-1902/2014 saylı və 30.06.2015-ci il tarixli, 8(001)-191/2015 saylı qərardadları mövcud olduğundan X2 adına verilmiş 22 fevral 2007ci il tarixli, MH 002157 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi mümkün olmamışdır. İddiaçılara 27.08.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərdən müəyyən edilir ki, ləğvi tələb olunan X1 adına verilmiş 22 fevral 2007-ci il tarixli, MH 002157 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Şəki Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(075)-790/2019 nömrəli qətnaməsi ilə ləğv edilmişdir. Bu səbəblə iddia tələbinin təmin olunması üçün inzibati məhkəmə icraatı qaydasında iddia irəli sürməyə ehtiyac yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçıların nəzərinə çatdırılmışdır ki, iddia tələbində ləğvinə nail olmaq istədikləri X1 adına verilmiş 22 fevral 2007-ci il tarixli, MH 002157 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Şəki Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(075)-790/2019 nömrəli qətnaməsi ilə ləğv edildiyindən qətnamənin icrası ilə bağlı onların Şəki Rayon Məhkəməsinə müvafiq ərizə ilə müraciət etməyi məqsədəmüvafiqdir. Qeyd olunalarla bağlı münasibət bildirilməsi üçün iddiaçılara 10 (on) gün müddətində vaxt təyin edilmişdir. Yardım məktubu 01.09.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilməsinə baxmayaraq, tələb olunan müddət ərzində məktubda qeyd olunanlara iddiaçılar tərəfindən münasibət bildirilməmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Qeyd olunan məsələ Şəki Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(075)- 790/2019 nömrəli qətnaməsinin icrası ilə bağlıdır ki, həmin qətnamənin icra olunmaması ilə bağlı məsələlərə də Şəki Rayon Məhkəməsi məhkəmə nəzarəti qaydasında baxır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-ci bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-ci bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, Mustafayeva (Hüseynova) Nailə Eyyub qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 30 iyun 2021-ci il tarixli **********38 saylı imtinasının qanunsuz hesab edilməsi və X1 adına verilmiş 22 fevral 2007-ci il tarixli, MH 002157 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar