Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1324/2025 06.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş lakin müraciəti təmin edilməmişdir. İddiaçı bildirir ki, ИT-İ ******* nömrəli əmək kitabçasında və “Şəki Şəhər Kommunal Təsərrüfatı” İB tərəfindən təqdim olunmuş arayışda göstərilmişdir ki, o, xx.xx.2006 – xx.xx.2008-ci il tarixləri arasında həmin müəssisədə qaynaqçı, xx.xx.2008 – xx.xx.2016-cı il tarixləri arasında elektrik montyoru, xx.xx.2016 – xx.xx.2019-cu il tarixləri arasında isə yenidən qaynaqçı vəzifəsində çalışmışdır. Cavabdeh orqanın təqdim olunmuş arayışda iddiaçının çalışdığı sahə və vəzifənin güzəştli əmək pensiyası hüququ verən iş olması barədə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş Siyahıya istinad edilmədiyini bildirmiş, bu səbəbdən vətəndaşın güzəştli iş stajının olub-olmamasını müəyyən etmək mümkün olmadığı əsas gətirilərək, ona yaşa görə əmək pensiyasının güzəştli şərtlərlə təyinatı mümkün hesab edilməmişdir. İddiaçı hesab edir ki, iddia ərizəsinə əlavə olunmuş Şəki Şəhər Kommunal Təsərrüfatı Birliyinin rəsmi arayışında onun 16 il 5 ay 10 gün müddətində işıqlanma şöbəsində qaynaqçı vəzifəsində çalışdığı açıq şəkildə göstərilmişdir. Qeyd olunan arayışda sözügedən vəzifənin güzəştli əmək pensiyası hüququ verən iş olduğu ayrıca vurğulanmışdır. Bu halda, cavabdeh inzibati orqanın qeyd olunan arayışı əsas götürməməsi qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, iddiaçının qanunla müəyyən edilmiş pensiya hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə - 60 yaşına xx.xx.2024-cü ildə çatmışdır. Bunun üçün onun minimum 25 il ümumi, 12 il 06 ay güzəştli iş stajı olmalıdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən ИT-İ ******* nömrəli əmək kitabçasında və “Şəki Şəhər Kommunal Təsərrüfatı” İB tərəfindən təqdim olunmuş arayışda göstərilmişdir ki, o, xx.xx.2006 – xx.xx.2008-ci il tarixləri arasında həmin müəssisədə qaynaqçı, xx.xx.2008 – xx.xx.2016-cı il tarixləri arasında elektrik montyoru, xx.xx.2016 – xx.xx.2019-cu il tarixləri arasında isə yenidən qaynaqçı vəzifəsində çalışmışdır. “Şəki Şəhər Kommunal Təsərrüfatı” İB-nin arayışında zəruri rekvizitlər göstərilməmiş, iddiaçının 16 il 5 ay 10 gün güzəştli iş stajının olması qeyd edilsə də, işlədiyi sahə və vəzifənin güzəştli əmək pensiyası hüququ verən Siyahıda nəzərdə tutulmuş hər hansı sahə və vəzifəyə istinad edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surəti, şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair “Şəki Şəhər Kommunal Təsərrüfatı” İB-nin arayışı, ИT-İ ******* nömrəli əmək kitabçasının surəti, cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, H3 ******* nömrəli hərbi biletin surəti, Г598961 №-li diplomun surəti, ИT-İ ******* nömrəli əmək kitabçasının surəti, “Şəki Şəhər Kommunal Təsərrüfatı” İB-nin xx.xx.2025-ci il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyası: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1964-cü ildə doğulub). Belə ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı. İş materiallarından görünür ki, iddiaçı barəsində tərtib edilmiş güzəştli iş stajı ilə bağlı arayışda onun ümumi xüsusi iş stajlı 16 il, 5 ay, 10 gün qeyd edilmişdir. İddiaçı, xx.xx.2006 – xx.xx.2008-ci il tarixləri arasında həmin müəssisədə qaynaqçı, xx.xx.2008 – xx.xx.2016-cı il tarixləri arasında elektrik montyoru, xx.xx.2016 – xx.xx.2019-cu il tarixləri arasında isə yenidən qaynaqçı vəzifəsində çalışdığını bildirir. Bununla belə əmək kitabçasına iddiaçının xx.xx.2006-cı il tarixdə işə qəbul olunduğu vəzifə “Şəki işıqlandırma idarəsinə həmin tarixdən sınaq müddəti ilə ixtisasına uyğun işə qəbul edilsin” şəklində qeyd edilmişdir. Г598961 №-li diploma əsasən iddiaçının ixtisası “inşaatçı-xarrat” müəyyən edilmişdir. “Şəki Şəhər Kommunal Təsərrüfatı” İB-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, xx.xx.2008-ci il tarixli 12 saylı əmrə əsasən, xx.xx.2008-ci il tarixdən Şəki İşıqlanma İdarəsinə qaynaqçı peşəsinə qəbul olunmuşdur. xx.xx.2008-ci il tarixli 13 saylı əmrə əsasən isə İİİ dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixli 15 saylı əmrə əsasən, xx.xx.2016-cı il tarixdən yenidən qaynaqçı vəzifəsinə keçirilmiş və xx.xx.2019-cu il tarixli 16 saylı əmrlə həmin vəzifədən azad edilmişdir. Şəki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 35 saylı Sərəncamına əsasən, Şəki İşıqlanma İdarəsi xx.xx.2019-cu il tarixdən etibarən Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyinə (ŞKTİB) birləşdirilmişdir. xx.xx.2019-cu il tarixli 19 saylı əmrin 1-ci bəndinə əsasən, vətəndaş xx.xx.2019-cu il tarixdən etibarən Şəki KTİB-ə qaynaqçı peşəsinə qəbul olunmuşdur və hal-hazırda da həmin peşədə çalışır. Qaynaqçı vəzifəsi üzrə ümumi sosial sığorta (əmək) stajı 9 il 5 ay təşkil edir. Göründüyü kimi iddiaçının vəzifəsi qaynaqçı vəzifəsində xüsusi iş stajı tələb olunan 12 il 6 aydan az olduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.