Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1325/2022 07.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, 26.01.1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçərkən yaralanmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 18.03.2016-cı il tarixli 255 nömrəli qərarı ilə ona "Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" rəyi verilmiş və İİ qrup əlillik təyin edilmişdir. Onun əlillik müddəti 2021-ci ildə başa çatmış, bu səbəbdən də "Kürdəmir Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs tərəfindən 04.08.2021-ci ildə ona tibbi sosial ekspert komissiyasına göndəriş verilmişdir. Lakin 14.08.2021-ci ildə TSERAS üzərindən göndəriş qiymətləndirilmiş və "diaqnoz əlillik dərəcəsi təyin etmir" səbəbindən əlillik dərəcəsi verilməsindən imtina qərarı verilmişdir. Şəki İnzibati Məhkəməsinin 17.05.2022-ci il tarixli məktubu ilə İddiaçı bildirilmişdir ki, işdə olan sənədlər onun iddia müddətini buraxdığını təsdiq edir, bu isə iddianın mümkün sayılmasını istisna edir. Eyni zamanda, iddiaçıya izah edilmişdir ki, əgər iddia müddətini buraxmadığını hesab edirsə, bunu əsaslandırılmış şəkildə və yazılı formada məhkəməyə bildirə, iddia müddəti özünün təqsiri olmadan buraxılmışdırsa isə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, müddətin bərpası üçün Şəki İnzibati Məhkəməsinə yazılı ərizə verə bilər. Bundan sonra İddiaçı məhkəməyə ərizə göndərərək, iddia müddətinin buraxılmasını üzrlü hesab edərək bərpa olunmasını xahiş etmişdir. Aşağıdakı hallara görə məhkəmə bu qənaətə gəldi ki, iddia müddətinin bərpası barədə iddiaçının ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçı hazırkı iddiası məcburetmə haqqında iddia növünə aid olduğuna görə, həmin iddianın mümkünlük şərtlərindən biri iddianın əlillik təyin edilməsindən imtina barədə cavabdehin qərarının və ya bu barədə yazılı məlumatın iddiaçıya verildiyi vaxtdan 30 gün müddətində qaldırılmasından ibarətdir. İddiaçının məhkəməyə təqdim etdiyi "Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" adlanan sənədin çap tarixinin 17.02.2022-ci il olduğu göstərilmişdir. Deməli, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə yazılı məlumat iddiaçıya ən geci 17.02.2022-ci ildə verilmişdir. O, iddianı həmin gündən etibarən 30 gün müddətində qaldıra biləcəyi halda, iddia ərizəsini bundan gec, yəni 04.05.2022-ci ildə poçt müəssisəsinə təqdim etmiş, bununla da iddia müddətini buraxmışdır. Məhkəmə qeyd edir ki, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə mane olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Müddətin bərpa edilə bilməsi üçün onun təqsir olmadan buraxılmış olması lazımdır. Təqsir qəsd və ehtiyatsızlığı əhatə edir. Təqsir o zaman mövcud olmur ki, müddətə riayət olunmasını təmin etmək üçün tərəf zəruri və gözlənilən ehtiyat tədbirlər görməsinə baxmayaraq, müddət yenə də buraxılmış olsun. Bununla belə, tərəfin müddətə riayət edilməsini unutması və onun hüquqi biliklərinin olmaması təqsirin olmamasını söyləmək üçün kifayət deyil. Əgər tərəf təqdimetmə anında qısa müddətə (o, uzun müddət yaşadığı və ya olduğu yerdə olmadıqda, rəsmi poçt sənədlərini qəbul etmək üçün müvəkkil təyin etməlidir) səfərdə olmuş və hüquqi sənədlərin təqdim ediləcəyini heç güman belə etməmişdirsə, bu halda da müddətin buraxılmasına görə tərəfin təqsiri olmayacaqdır. Eyni qayda, tərəfin xəstələndiyi və öz hüquqi məsələləri ilə məşğul ola bilmədiyi, yaxud bu işi başqasına həvalə etməyə imkanı olmadığı hallara da şamil olunur. Tərəf təkcə öz təqsirinə görə deyil, hətta Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsindəki ümumi qaydalara əsasən, üçüncü şəxslərin təqsirinə görə müddətin buraxılması üçün də məsuliyyət daşıyır. Prosessual müddətin bərpası barədə ərizədə proses iştirakçısı müddəti nə üçün buraxdığı əsaslandırmalıdır. Başqa sözlə, tərəf müddət buraxılmasının nəyə görə ondan asılı olmadığını əsaslandırılmış şəkildə izah etməlidir. İddiaçı iddia müddətini buraxmasının səbəbi kimi hal-hazırda xəstə olmasını və səhhətində olan ciddi, kəskin xarakterli problemlə əlaqədar müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət edə bilməməsini göstərmişdir. Lakin məhkəmə bununla razılaşmır və qeyd edir ki, əvvəla, iddiaçı məhkəməyə 17.02.2022-ci ildən sonrakı 30 gün ərzində iddia ərizəsi göndərməsinə imkan verməyən dərəcədə xəstə olması barədə heç bir sübut təqdim etməmişdir. İkincisi isə, iddiaçı öz iddia ərizəsinə Şəki İnzibati Məhkəməsinə təqdim etmək üçün Zərdab RİH başçısının Alıcanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.02.2022-ci il tarixli və DSMF 12 saylı regional ərazi filialının Zərdab qəbul şöbəsi tərəfindən verilmiş 02.03.2022-ci il tarixli arayışlarını əlavə etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin arayışları iki müxtəlif orqandan ala bilmişdirsə, deməli, o, məhkəməyə iddia ərizəsi yazmaq iqtidarında da olmuşdur. Bundan başqa, iddiaçı xəstə olsaydı belə, heç yerə getmədən "Elektron Məhkəmə" informasiya sistemində qeydiyyatdan keçməklə "Elektron kabinet" yarada və iddia ərizəsini Şəki İnzibati Məhkəməsinə elektron formada göndərə bilərdi, lakin o, bunu da etməmişdir. İddiaçı iddia müddətinin bərpası barədə ərizəsində həm də Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə sərtləşdirilmiş karantin rejiminin 01.07.2022-ci ilə qədər uzadıldığını göstərsə də, bunun iddia müddətinin buraxılmasına aidiyyətinin nədən ibarət olmasını izah etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı sərtləşdirilmiş karantin rejiminin onun iddia ərizəsi verməsinə mane olduğunu bildirmək istəmişdirsə, bu səbəb də əsaslı deyil. Çünki 2022-ci ilin fevral-mart aylarında karantin rejiminin iddiaçının iddia ərizəsi verməsinə mane ola biləcək hər hansı şərti mövcud olmamışdır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı hazırkı iddianı vermək üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsi ilə müəyyən olunmuş 30 günlük iddia müddətini öz təqsirindən buraxmışdır və həmin müddətin bərpa edilməsi üçün əsas yoxdur. Ona görə də iddia müddətinin bərpası barədə iddiaçının ərizəsi təmin edilməməlidir. İddia müddəti buraxıldığına və onun bərpası üçün əsas müəyyən edilmədiyinə görə iddia da mümkün sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1325/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1325/2022
07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver