Məhkəmə qərarları › İş №2-1(116)-1326/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1326/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1326/2025 18.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İsmayıllı rayon Qalagah bələdiyyəsinə qarşı “bələdiyyə ərazisindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin uzun müddətli icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçılar İddiaçı, X3 və X2 cavabdeh İsmayıllı rayonu Qalagah bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “onlara İsmayıllı rayonu Qalagah bələdiyyəsi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2- 1(116)-3493/2024 nömrə ilə qeydə alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1326/2025 nömrəli qərardadları ilə iddiaçı X2 və X1 cavabdeh İsmayıllı rayonu Qalagah bələdiyyəsinə qarşı “İsmayıllı rayonu Qalagah bələdiyyəsi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbləri ayrıca icraata ayrılmışdır. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - O, əslən Gürcüstan Respublikasından olmaqla, 1992-ci ildə Qamsaxurdiya hakimiyyəti illərində Azərbaycan Respublikasına köçməyə məcbur olmuş, 1995-ci ildən İsmayıllı rayonunun Qalagah kəndində yaşayır. Hazırda ailəsi 5 nəfərdən ibarətdir. O və digər bütün ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmişlər. Oğlunun biri hərbçi olmaqla 44 günlük İİ Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibədəki fəal iştirakına görə orden və medallarla təltif olunmuşdur. Artıq ailəsi ilə birlikdə 29 ildir ki, fasiləsiz olaraq İsmayıllı rayonunun Qalagah kəndində yaşayır. O, kənd yerində yaşamaqla həyətyanı təsərrüfatında mal-qara, toyuq-cücə saxlayır. Lakin bir kənd sakini kimi torpağı yoxdur — islahat aparılarkən vətəndaşlığı olmadığından ona və ailəsinə əkin torpağı verilməmişdir. Bələdiyyələr yarandığı vaxtdan indiyədək torpaq icarəyə verilməsi üçün hər il ardıcıl olaraq bələdiyyəyə müraciət etsə də, bələdiyyə bu müraciətlərin təmin olunmasından imtina etmişdir. Bələdiyyə mülkiyyətində olan torpaqlar isə tək-tək kənar imkanlı şəxslərə böyük ölçüdə və uzunmüddətli icarəyə verilmişdir. O isə böyük bir ailə ilə bələdiyyə ərazisində yaşayan bir şəxs kimi torpaqsız qalmışdır. Bu səbəbdən mal-qara, qoyun-quzu və toyuqcücə saxlamaqda çətinlik çəkir, otu, yemi baha qiymətə almağa məcbur olur. Bələdiyyə onu başından eləmək üçün bir neçə il əvvəl ona yalnız birillik müddətə cəmi bir hektar torpağın icarəyə verilə biləcəyini bildirmiş, bu onu qane etməsə də, bu günədək həmin torpaq da ona verilməmişdir. O, bununla əlaqədar bir neçə dəfə rayon İcra Hakimiyyəti başçısına, Kənd Təsərrüfatı Nazirliyinə, Milli Məclisə, X4, Regional Ədliyyə İdarəsinə və digər təşkilatlara müraciət etmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Göyçay Regional Ədliyyə İdarəsi ona yalnız “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanundan misallar gətirir, lakin torpaq verilməsi üçün köməklik edilməsinə əhəmiyyət verən yoxdur. Bələdiyyə sədri onun ərizələri ilə əlaqədar yuxarı orqanların sorğularına saxta cavablar verərək guya torpaqla təmin olunduğunu, gah 9 saylı Qəbələ Ərazi Reyestr Xidmətinə müraciət olunduğunu və sənədlərin hərraca hazırlandığı barədə əsassız cavablar verir. Bununla da həm onu, həm də dövlət orqanlarını aldadır. Lakin onun sonuncu dəfə bələdiyyəyə etdiyi rəsmi müraciətinə bələdiyyə tamamilə başqa bir cavab verərək, guya Qalagah bələdiyyəsinin elektron xəritəsi verildikdən sonra mümkün olacağını bildirir. Halbuki bələdiyyə sədrinin bəhanə etdiyi elektron xəritə bir neçə il əvvəl təqdim edilib. Bununla da bələdiyyə sədri de-fakto olaraq ona və digər müstəqil ailə olan övladlarına torpaq verməkdən qəsdən yayınır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Maddə 11.13. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. İş materiallarından göründüyü kimi, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməklə, bələdiyyə tərəfindən ona torpaq sahəsinin icarəyə verilməsi formasında hüquqi marağını ifadə etmişdir. Lakin, iddia ərizəsinə əlavə edilmiş, İsmayıllı rayonu Qalagah bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 10 nömrəli arayışından görünür ki, iddiaçı, xx.xx.2023-cü il tarixdə hərracın qalib olduğu üçün ona 20 il müdətinə 0,85 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı, məhkəmə iclasında verdiyi izahatında sözügedən torpaq sahəsinin onun icarəsinə verilməsini təsdiq etmiş, lakin digər ailə üzvlərinin icarəsinə torpaq sahəsi verilmədiyinə görə hazırkı tələblə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi yalnız onun öz hüquqi maraqları çərçivəsində qiymətləndirilə bilər. Hüquqi münasibətlərin subyektivliyi prinsipi əsasında hər bir şəxs yalnız özünün hüquq və qanuni maraqlarının pozulması halında məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Digər ailə üzvlərinin torpaqla təmin olunmaması halları onların şəxsi hüquq və maraqlarına aid olduğu üçün həmin şəxslər bələdiyyə orqanına qarşı müstəqil şəkildə tələblər irəli sürmək hüququna malikdirlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1326/2025 nömrəli qərardadları ilə iddiaçının övladlarının cavabdeh İsmayıllı rayonu Qalagah bələdiyyəsinə qarşı “İsmayıllı rayonu Qalagah bələdiyyəsi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi” barədə iddiaları ayrıca icraata ayrıldığından həmin şəxslərin iddialarına fərdi qaydada baxılaraq hüquqi qiymət veriləcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsi təmin edilir. Lakin bu hüquq mütləq deyil və yalnız hüquqi müdafiə marağı olduğu halda həyata keçirilə bilər. Hüquqi müdafiə marağı olmadan prosessual hüquqların həyata keçirilməsinə qanunla yol verilmir. Hüquqi müdafiə marağı - şəxsin qanunla qorunan hüquqlarına və maraqlarına təhlükənin mövcud olduğu hallarda, həmin hüquqların qorunması və ya bərpası üçün məhkəmə müdafiəsinə ehtiyacın yaranmasıdır. Hüquqi müdafiə marağının yaranması üçün şəxsin hüquq və ya maraqlarına bilavasitə toxunan bir hüquqi vəziyyət mövcud olmalıdır. Göründüyü kimi hüquqi müdafiə marağı şəxsin subyektiv hüququna müdaxilə baş verdiyi zaman yarana bilər. Hüquqi müdafiə marağı olmadan prosessual hüquqların həyata keçirilməsinə qanunla yol verilmir. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının icarəsinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrıldığından məhkəmə hesab edir ki, irəli sürülmüş tələbə münasibətdə iddiaçının hüquqi müdafiə marağı mövcud deyil. Məhkəmə tərəfindən hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh İsmayıllı rayon Qalagah bələdiyyəsinə qarşı “bələdiyyə ərazisindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin uzun müddətli icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar