Məhkəmə qərarları › İş №2-1(116)-1327/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1327/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1327/2023 22.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı “X8 Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçıya məxsus xx.xx.1950-ci il tarixli 18 nömrəli doğum haqqında akt qeydində soyadının “Fərzəliyev”, doğum tarixinin “xx.xx.1950-ci il”, ana qrafasında soyadın “Fərzəliyeva”, adının “Zeynəb” və ata qrafasında soyadın “Fərzəliyev” kimi qeyd edilməklə düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X8 Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçıya məxsus doğum haqqında akt qeydində soyadının “Məcidov”, doğum tarixinin “xx.xx.1950-ci il”, ana qrafasında soyadın “Fərzəliyeva”, adının “Zeynab” və ata qrafasında soyadın “Fərzaliv” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Fərzəliyev”, “xx.xx.1950-ci il”, “Fərzəliyeva”, “Zeynəb” və “Fərzəliyev” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “X8 Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçıya məxsus xx.xx.1950-ci il tarixli 18 nömrəli doğum haqqında akt qeydində soyadının “Fərzəliyev”, doğum tarixinin “xx.xx.1950-ci il”, ana qrafasında soyadın “Fərzəliyeva”, adının “Zeynəb” və ata qrafasında soyadın “Fərzəliyev” kimi qeyd edilməklə düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, İddiaçı xx xxxx 1950-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Zarağan kəndində anadan olmuşdur. Valideynləri: atası X4 və anası X1 Sovetinə doğumu barədə müraciət etmiş və doğumu qeydə alınmışdır. Hazırda valideynləri -atası X4 və anası X5 vəfat etmişlər. İddiaçı, Qəbələ regional “ASAN xidmət” mərkəzindəki Notariat ofisinə müraciət etmiş və onun vaxtilə Zarağan kənd Sovetliyi tərəfindən xx.xx.1950-ci ildə tərtib edilmiş 18 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən soyadının “Fərzəliyev” əvəzinə “Məcidov”, doğum tarixinin “xx.xx.1950-ci il” əvəzinə “xx.xx.1950-ci il”, ata qrafasında soyadın “Fərzəliyev” əvəzinə “Fərzaliv” və ana qrafasında soyadın “Fərzəliyeva” əvəzinə “Fərzaliyeva”, adının “Zeynəb” əvəzinə “Zeynab” kimi qeyd olunduğu məlum olmuşdur. Həmçinin, şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnasində, hərbi biletində və s. digər sənədlərdə İddiaçı kimi yazılmışdır. Hal-hazırda notariat ofisində sənədləşmə işləri aparmaq istəsə də, Cavabdeh vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında və elektron mübadilə sisteminə adının, soyadının və digər qeydlərin səhvən qeyd olunduğundan bu mümkün olmamışdır. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının soyadı “Fərzəliyev”, doğulduğu tarix isə “xx.xx.1950” kimi qeyd olunmuşdur. - İ-ЖГ 355057 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının soyadı “Fərzaliyev”, doğulduğu tarix isə “xx.xx.1950” kimi qeyd olunmuşdur. - НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının soyadı “Fərzaliyev”, doğulduğu tarix isə “xx.xx.1950” kimi qeyd olunmuşdur. - AZ-İİ 272870 nömrəli xx.xx.2022-ci il tarixli “ölüm haqqında” şəhadətnamə və xx.xx.2004-cü il tarixli 17 nömrəli “ölüm haqqında” akt qeydindən görünür ki, X4 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. - AZ-İİ 315637 nömrəli xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamə və xx.xx.1983-cü il tarixli 16 nömrəli “ölüm haqqında” akt qeydindən görünür ki, X5 xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. - ИЕ 335663 nömrəli “doğum haqqında” şəhadətnamənin əslindən görünür ki, iddiaçının soyadı əvvəl “Məcidov” olmuş, üzərindən xətt çəkilərək “Fərzaliyev” soyadına dəyişdirilmiş, atasının soyadı “Fərzaliyev”, anasının soyadı “Fərzəliyeva”, adı isə “Zeynəb” kimi qeyd olunmuşdur. - avqust 1950-ci il tarixli 18 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının soyadı “Məcidov”, atasının soyadı “Fərzaliv”, anasının soyadı “Fərzaliyeva”, anasının adı “Zeynab”, iddiaçının doğulduğu tarix “xx.xx.1950” qeyd olunmuşdur. - mart 1960-cı il tarixli 42 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İddia tələbindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı xx.xx.1950-ci il tarixli 18 nömrəli doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı tələbləri aşağıdakılardan ibarətdir: - soyadının “Fərzəliyev”, - doğum tarixinin “xx.xx.1950-ci il”, - ana qrafasında soyadın “Fərzəliyeva”, - ana qrafasında adın “Zeynəb”, - ata qrafasında soyadın “Fərzəliyev” qeyd edilməsi. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının soyadı doğum akt qeydində “Məcidov” qeyd edilməsinə baxmayaraq, iddiaçıya məxsus ИЕ 335663 nömrəli “doğum haqqında” şəhadətnamədə “Məcidov” soyadına düzəliş edilərək “Fərzaliyev” qeyd edilmiş, həmin şəhadətnamənin arxa səhifəsində isə iddiaçının soyadının “Fərzəliyev” qeyd edilməsi göstərilmiş və Zarağan kənd sovetinin möhürü ilə təsdiqlənmişdir. Sözügedən doğum akt qeydində iddiaçının atasının soyadı “Fərzaliv” qeyd edilsə də, işdə olan X4 barəsində tərtib edilmiş “ölüm akt qeydi” və iddiaçının digər qardaşı barəsində tərtib edilmiş mart 1960-cı il tarixli 42 nömrəli doğum haqqında akt qeydindən görünür ki, iddiaçının atasının soyadı “Fərzəliyev” olmuşdur. Eynilə iddiaçının anasının soyadı “Fərzaliyeva”, adı “Zeynab” qeyd edilsə də, AZ-İİ 315637 nömrəli xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamə və xx.xx.1983-cü il tarixli 16 nömrəli “ölüm haqqında” akt qeydi ilə müəyyən edilir ki, sonuncunun soyadı “Fərzəliyeva”, adı isə “Zeynəb” olmuşdur. Mübahisələndirilən doğum akt qeydində iddiaçının doğum tarixi “2 iyul 1950-ci il qeyd edilsə də, müəyyən edilir ki, ИЕ 335663 nömrəli “doğum haqqında” şəhadətnamədə, НЗ ******* nömrəli hərbi biletdə, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində, İ-ЖГ 355057 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamə iddiaçının doğum tarixi xx xxxx 1950-ci il olaraq qeyd edilmişdir. Göründüyü kimi mübahisələndirilən doğum akt qeydinin tərtibi zamanı çoxsaylı texniki xətalara yol verilmiş və düzəliş edilməsi tələb edilən qeydlərin düzgün olubolmamasını müəyyən etmək üçün iddiaçı və onun valideynləri barəsində tərtib edilmiş digər akt qeydləri və digər sənədlər mövcud olmuşdur. Müvafiq düzəlişlərin edilməsi üçün kifayət qədər əsaslar olmasına və aidiyyəti şəxslər arasında mübahisə olmamasına baxmayaraq, cavabdeh orqan əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh üzərinə iddiaçıya məxsus xx.xx.1950-ci il tarixli 18 nömrəli doğum haqqında akt qeydində soyadının “Fərzəliyev”, doğum tarixinin “xx.xx.1950-ci il”, ana qrafasında soyadın “Fərzəliyeva”, ana qrafasında adın “Zeynəb” və ata qrafasında soyadın “Fərzəliyev” kimi yazılmaqla düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar