Məhkəmə qərarları › İş №2-1(116)-133/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-133/2022

22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-133/2022 22.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax Tərəvəz-Südçülük Kollektiv təsərrüfatının X11 Komissiyasının xx.xx.2000-ci il tarixli qərarına əsasən Yevlax rayonu Havarlı kəndi ərazisində yerləşən “Boz Dağın” ətəyində 3 saylı 1961-ci ildə tikilmiş, qazma qoyun damının (qeyri-yaşayış sahəsi) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon keçmiş “Yevlax “Tərəvəz- Südçülük” kollektiv təsərrüfatının X11 Komissiyasının 13 iyun 2000-ci il tarixli qərarına əsasən Yevlax rayonu, Havarlı kənd ərazisində yerləşən “Boz dağın” ətəyində 3 saylı, 1961-ci ildə tikilmiş qazma qoyun damının (qeyri-yaşayış sahəsi) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-133/2022 nömrli qərardadı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, sözügedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Yevlax “Tərəvəz- Südçülük” kollektiv təsərrüfatının X11 Komissiyasının 13 iyun 2000-ci il tarixli qərarı ilə ona əmlakdan pay haqqı olaraq verilmiş, “Boz Dağın” ətəyindəki 3 saylı, 1961-ci ildə tikilmiş qazma qoyun damı üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan əmlakla bağlı mübahisə olduğunu və məsələ ilə bağlı məhkəmənin icraatında iş olduğunu bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu, müvafiq qeyri yaşayış sahəsinin ona Yevlax “Tərəvəz- Südçülük” kollektiv təsərrüfatının X11 Komissiyasının qərarı ilə əmlakdan pay haqqı olaraq verilməsi ilə, cavabdeh orqan iddia tələbinə etirazını sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı mübahisənin olması ilə əsaslandırmışdır. İddiaçı, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək ilkin imtina məktubunun dəlillərini müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi, məhkəmə iclasında izahat verərək bildirdi ki, sözügedən qeyri-yaşayış sahəsi X11 komissiyasının qərarı ilə iddiaçıya verilsə də, həmin qərar rayon arqrar islahat komissiyasının qərarı ilə təsdiq edilməmişdir. Həmçinin iddiaçının, ona satılan əmlakı almasını təsdiq edən edən sübutlar yoxdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Yevlax “Tərəvəz- Südçülük” kollektiv təsərrüfatının X11 Komissiyasının 13 iyun 2000-ci il tarixli qərarından görünür ki, Havarlı kənd sakini İddiaçı ərizəsi nəzərə alınmış, “Boz Dağın” ətəyindəki 3 saylı, 1961-ci ildə tikilmiş qazma qoyun damı texniki baxış aktına əsasən 240000 manata qiymətləndirilərək ona satılması qərara alınmışdır. - xx.xx.2000-ci il tarixli 16 №-li qaimədən və eyni tarixli 16 №-li “əmlakdan pay haqqının verilməsi barədə” Aktdan görünür ki, Yevlax “Tərəvəz- Südçülük” kollektiv təsərrüfatının X11 Komissiyası tərəfindən 240000 manat məbləğində qiymətləndirilmiş qoyun küzü (yatağı) iddiaçıya təhvil verilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktuba əlavə etdiyi mütəxəssis rəyindən görünür ki, iddia tələbində qeyd edilmiş qeyri yaşayış sahəsi naturada müəyyən edilmişdir, tələbdə qeyd edilən tikili ayrıca tikili kimi mövcuddur, tələbdə qeyd edilən, iddiaçının naturada göstərdiyi tikilinin yerləşdiyi torpaq sahəsi örüş uqodiyalı, kənd təsərrüfatı təyinatlı, dövlət mülkiyyətinə aid 8 №-li qış otlaq sahəsi olmaqla, sahəsi 369 kv.m faktiki istifadəçisi X5r. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada Müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar. ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. Əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası hazırlayır və Azərbaycan Respublikası Prezidenti təsdiq edir. Beləliklə, Yevlax “Tərəvəz- Südçülük” kollektiv təsərrüfatının X11 Komissiyası tərəfindən “Boz Dağın” ətəyindəki 3 saylı, 1961-ci ildə tikilmiş, qiymətləndirmə dəyəri 240 min manat olan qazma qoyun damının iddiaçıya əmlak payı kimi verilməsi qərara alınmışdır. Bununla da istinad olunan qanunvericiliyin müddəalarına görə iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququ yaranmışdır. İddiaçı həmin əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ötrü müvafiq ərazi idarəsinə müraciət etsə də, həmin əmlak üzərində hüquqların dövlət qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdeh həmin əmlak üzərində mübahisənin mövcudluğuna istinad etmişdir. Məhkəmə tərəfindən əmlakın naturada ayrıca tikili kimi mövcud olub-olmaması və yerləşdiyi torpaq sahəsinin xüsusiyyətləri öyrənilmiş, müəyyən edilmişdir ki, müvafiq qeyriyaşayış sahəsi ayrıca tikili kimi mövcuddur və tikilinin sahəsi 369 kv.m-dir. Həmin tikilinin faktiki olaraq X2 istifadəsində olması qeyd edilsə də, qeyd edilən şəxsə aid hər hansı hüquq müəyyənedici sənəd mövcud olmadığından Əli Məmmədovun üçüncü şəxs qismində inzibati Məhkəmə icraatına cəlb edilməsinə lüzum görülməmişdir. Məhkəmə, sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı mübahisənin mövcudluğuna dair cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, mübahisənin olması iddiaçının qanunla müəyyən edilmiş qaydada əmlak payı kimi ona verilmiş əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına maneə təşkil edə bilməz. Belə ki, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda istinad olunmuş müddəalarına görə həmin əmlak payı iddiaçının mülkiyyətinə verilmişdir. Üçüncü şəxsin etirazının dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, istinad olunan qanunun 9-cu maddəsində əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak paylarının müəyyənləşdirilməsi, pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payının naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilməsi qeyd olunmuşdur. Göründüyü kimi əmlak paylarının verilməsi ilə bağlı X11 komissiyasının qərarının rayon aqrar islahat komissiyasının qərarı ilə təsdiq edilməsi ilə bağlı qanunvericilikdə hər hansı şərt nəzərdə tutulmamışdır (həmin Qanunun 25-ci maddəsində fiziki və hüquqi şəxslərin X11 komissiyalarının çıxardığı qərarla razılaşmadığı halda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilməsi imkanı nəzərdə tutulmuşdur). Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə “Yevlax Tərəvəz-Südçülük Kollektiv təsərrüfatının X11 Komissiyasının xx.xx.2000-ci il tarixli qərarına əsasən Yevlax rayonu Havarlı kəndi ərazisində yerləşən “Boz Dağın” ətəyində 3 saylı 1961-ci ildə tikilmiş, qazma qoyun damının (qeyri-yaşayış sahəsi) üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarış verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar