Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1333/2024 04.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2015-ci il tarixdən mənzil kirayə pulunun birdəfəlik hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2015-ci il tarixdən mənzil kirayə pulunun birdəfəlik hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası FHN-də hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirinin xx.xx.2015-ci il tarixli müvafiq əmrinə əsasən, hərbi xidmət keçmə haqqına əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. 1-ci Qarabağ müharibəsi veteranı və 2-ci qrup əlildir. Cavabdeh başçısının sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən istefaya buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmüşdür. Ona 2023-cü ilin yanvar ayından hər ay 150 (bir yüz əlli) manat mənzil kirayə pulu ödənilir. Lakin, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xx.xx.2015-ci il tarixdə istefaya buraxılmışdır. Azərbaycan Respublikası FHN-nin verdiyi arayışdan da göründüyü kimi, onun huququ xx.xx.2015-ci il tarixdən yaranmasına baxmayaraq, mənzil kirayə pulu 2023-cü ilin yanvar ayından etibarən verilir. Cavabdeh, xx.xx.2024-cü il tarixli iddia tələbinə münasibətini aşağıdakı kimi bildirmişdir: - İddiaçı ehtiyyatda olan hərbi qulluqçu kimi Qəbələ RİH başçısının 2022-cı il 23 dekabr tarixli sərəncamı ilə mənzil növbəsinə götürülmüş və ona həmin tarixdən aylıq olaraq 150 (yüz əlli) manat mənzil kirayə haqqı ödənilir. Vətəndaş ehtiyata buraxılması və mənzil növbəsinə götürülmək məqsədilə 2022-cı ilin dekabr ayından əvvəlki tarixlərdə rayon icra hakimiyyətinə müraciət etməmişdir. Ehtiyata buraxılmış mənzil və ya torpaq sahəsi ilə təmin olunmadığı üçün RİH tərəfindən mənzil növbəsinə götürülmüş hərbi qulluqçulara mənzil kirayə haqqı ödənilməsi məqsədilə hər il növbəyə götülürmüş hərbi qulluqçuların sayı dəqiqləşdırilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilir və nazirliyin müəyyən etdiyi illik limit çərçivəsində onlara kirayə haqqı ödənilir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsinin xx.xx.2015-ci il tarixli 60 nömrəli arayışı, Qəbələ rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 233 nömrəli sərəncamı. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü və dördüncü abzaslarında deyilir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: 146 (-). Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbihəkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə- ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarı:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: ... Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. ... İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2015-xx.xx.2022-ci illər üzrə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul məbləğinin ödənilməsinə nail olmaqdır. İddiaçıya xx.xx.2015-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək mənzil kirayə pulunun ödənilməsi üçün onun əvvəlki illərə münasibətdə cavabdeh orqana mənzil uçotuna götürülmə barədə müraciətinin olması və mənzil uçotuna götürülməsi sübuta yetirilməlidir. İstinad olunan normaların məzmunundan göründüyü kimi müvəqqəti yaşayış sahəsinin kirayəsi haqqının ödənilməsi ilə bağlı başlıca tələb həmin vəsaiti almaq hüququ olan subyektin yerli icra hakimiyyəti orqanında mənzil uçotuna götürülməsidir. Hazırkı iş üzrə iddiaçı xx.xx.2022-ci il tarixdə mənzil növbəsinə götürülmə barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 233 №-li sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. 2023-cü ildən başlayaraq müvafiq ödənişlər iddiaçıya ödənilməkdədir. Odur ki, tələb olunan dövrlə bağlı iddiaçının mənzil uçotuna götürülmə barədə cavabdeh orqana müraciəti olmadığından və mənzil uçotuna götürülmədiyindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “xx.xx.2015-ci il tarixdən mənzil kirayə pulunun birdəfəlik hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.