Məhkəmə qərarları › İş №2-1(116)-1335/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1335/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1335/2025 16.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 adına Yol Tikinti zavodunun Həmkarlar Komitəsinin 09 mart 1999-cu İİ tarixli 1 saylı Protokol qərarı əsas alınaraq "Gülüstan” Kollektiv bağçılıq təsərrüfatının Pasportu işlənib verilmiş 600 kv m torpaq sahəsinə X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınıb adına reyestrdən çıxarış və plan-ölçü sənədi verilməsi məqsədilə qeyd edilən torpaq sahəsinə onun adına elektron arayış verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1335/2025 nömrəli qərardadı ilə Mingəçevir Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə müraciət edərək, Yol Tikinti zavodunun HK-nin 09 mart 1999-cu il tarixli 1 saylı protokol qərarı əsasında ayrılmış 542 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinən dəqiqləşdirmə etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, “Mingəçevir XDS icraiyyə Komitəsinin 07.03 1980-cə il tarixli 102 saylı qərarı ilə Mingəçevir şəhərindən Yol tikinti təmiri zavoduna bağçılıq öçun torpaq sahələri ayrılmış, zavodun işçisi X6 da həmin sahədən 600 kv m torpaq sahəsi verilmişdir. X9 xəstəliyi ilə əlaqədar ərizəsinə əsasən bağ sahəsindən istifadə etmək imkanı olmadığı üçün ona verilmiş bağ sahəsini yaxın qohumu X2 həvalə edilməsini xahiş etmiş. Yol Tikinti zavodunun Həmkarlar Komitəsinin 09 mart 1999-cu il tarixli 1 saylı Protokol qərarı ilə zavodun işçisi X9 ərizəsinə əsasən bağ sahəsindən istifadə etmək imkanı olmadığı üçün ‘'Gülüstan” Kollektiv bağçılıq təsərrüfatı üzvülüyündən çıxarılaraq onun sahəsi qohumu X2 verilmiş və Kərimova Xədicə "Gülüstan” Kollektiv bağçılıq təsərrüfatına üzv sayılmışdır. Bundan sonra X1 adına yuxarıda qeyd edilən 600 kv.m torpaq sahəsinə Yol Tikinti zavodunun Həmkarlar Komitəsinin 09 mart 1999-cu il tarixli 1 saylı Protokol qərarı əsas alınaraq “Gülüstan” Kollektiv bağçılıq təsərrüfatının Pasportu verilmişdir. X4 iddiaçının anasıdır. O, 23 05.2020-ci ildə vəfat etmişdir iddiaçı onun vərəsəsidir. X8 adına bağ sənədi işlənmiş 600 kv.m torpaq sahəsinin planı Mingəçevir Şəhər icra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri və DƏDRX-nın 17 saylı Yevlax Ərazi idarəsinin mühəndisi tərəfindən tərtib edilərək koordinatları müəyyən edilmiş və yerində ölçülərək torpaq sahəsinin 542.0 kv.m olması müəyyən edilərək möhürlə təsdiq edilmişdir. İddiaçı həmin torpaq sahəsinə reyestrdən çıxarış və plan-ölçü sənədi alınması üçün elektron arayışın verilməsini cavabdehdən tələb etdi. Cavabdeh özünün 23.09 2024-cü il tarixli 3- 21-3-35/Z-Ə-0124-8/2024 saylı məktubu ilə tələbindən imtina etmişdir, imtinanın səbəbi kimi də onu qeyd etmişdir ki, torpaq sahəsi Şahid Həsənova ayrılmışdır, onun adına rəsmiləşdirilə bilər. Həmçinin imtinada qeyd edilmişdir kı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.” Cavabdeh tələbdən imtina etmişdir. Belə ki. göstərdiyimiz kimi Yol Tikinti zavodunun Həmkarlar Komitəsinin 09 mart 1999-cu il tarixli 1 saylı Protokol qərarı ilə zavodun işçisi X9 ərizəsinə əsasən “Gülüstan" Kollektiv bağçılıq təsərrüfatı üzvülüyündən çıxarılaraq onun sahəsi qohumu X2 verilmiş və Kərimova Xədicə "Gülüstan” Kollektiv bağçılıq təsərrüfatına üzv sayılmışdır, sözügedən 600 kv.m torpaq sahəsinə Yol Tikinti zavodunun Həmkarlar Komitəsinin 09 mart 1999-cu il tarixli 1 saylı Protokol qərarı əsas alınaraq "Gülüstan” Kollektiv bağçılıq təsərrüfatının Pasportu verilmişdir. Yuxarıda qeyd edilən Qanunun tələblərinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyün) və xitam verilməsinin dövlət qeydiyyatı uçun əsas hesab olunur. Ona görə də imtina qanunsuzdur və bu səbəbdən də məhkəməyə mütraciət etmək məcburiyyətində qalmışdır.”. Cavabdeh orqan iddiaya münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. İddiaçı ərizə təqdim edərək, iddiasının təmin olunması və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. Vİİİ-ЖГ 438702 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surəti.

3. Vİİ-ЖГ 438702 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surəti.

4. AZ-İİ 080095 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surəti.

5. Gülüstan Bağçılıq təsərrüfatının pasportundan görünür ki, X2 600 kv.m torpaq sahəsi ayrılmışdır.

6. Yol Tikinti maşınları təmiri zavodu üzrə torpaq sahəsi olan fəhlə və qulluqçuların 1991-ci il tarixli may ayının siyahısı.

7. Yol Tikinti zavodunun HK-nin 09 mart 1999-cu il tarixli 1 saylı protokolun surəti.

8. Mingəçevir şəhəri xx.xx.2024-cü il tarixli arxiv arayışının surəti.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan xidmət” Mərkəzində Xüsusi Notarial ofisin xx.xx.2024-cü il tarixli 1826 nömrəli məktubu.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Torpaq islahatı haqqında Azərbaycan Respublİkasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Əsaslandırma hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıda qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddianı əsaslı hesab edir. Hazırkı iddia ərizəsinin ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı Yol Tikinti zavodunun HK-nin 09 mart 1999-cu il tarixli 1 saylı protokol qərarı əsasında ayrılmış 542 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdehin imtinasının əsasını “istifadədə olan bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər Bağlar idarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş "Yol-tikinti maşınları təmiri” zavodu üzrə torpaq sahəsi olan fəhlə və qulluqçuların 1991-ci il may ayına olan adlı siyahısında Həsənov Şahidin adı qeyd edilməsi təşkil edir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin dəlillərini əsaslı hesab etmir. İlk növbədə qeyd edilməlidir ki, Mingəçevir şəhər Bağlar idarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş "Yol-tikinti maşınları təmiri” zavodu üzrə torpaq sahəsi olan fəhlə və qulluqçuların 1991-ci il may ayına olan adlı siyahısında Həsənov Şahidin adı qeyd olunması işin mübahisəsiz halıdır. Həmçinin iş üzrə o da müəyyən edilir ki, X9 ərizəsinə əsasən bağ sahəsindən istifadə etmək imkanı olmadığı üçün ‘'Gülüstan” Kollektiv bağçılıq təsərrüfatı üzvülüyündən çıxarılaraq onun sahəsi qohumu X2 verilməsini xahiş etmiş, Zavodun xx.xx.1999-cu il tarixli həmkarlar komitəsinin qərarı ilə X6 ayırılmış sahə X2 verilmiş və o, ‘'Gülüstan” Kollektiv bağçılıq təsərrüfatı üzvülüyünə qəbul olunaraq, bu barədə onun adına 600 kv.m torpaq sahəsinə dair təsürrafatın pasportu tərtib olunmuşdur. Hazırkı mübahisəyə münasibətdə daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən, eləcə də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. İş üzrə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci tarixli 3-21-3-35/2-1725/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016- cı il 07 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası ərazisində torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar əsasında “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2-1(116)-1335/2025 nömrəli məktubunda mütəxəssis qarşısında qoyulmuş sualları araşdırmaq məqsədilə, mübahisəli torpaq sahəsinə iddiaçının iştirakı ilə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl ölçmə işləri aparılmışdır. Mübahisəli torpaq sahəsinə dair mütəxəssis rəyi “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”nə əsasən hazırlanmışdır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi - Mingəçevir bələdiyyəsi, təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, faktiki sahəsi, döngə nöqtələrinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Sözügedən torpaq sahəsi Gülüstan kollektiv bağçılığının ərazi hüdudları daxilində yerləşir.”. Göründyü kimi mübahisəli torpaq sahəsi Gülüstan kollektiv bağçılığının ərazi hüdudları daxilində yerləşir. Nəzərə alınmalıdır ki, iddiaçının adının bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmaması özü-özlüyündə hələ onun tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərin qeyri-mötərəbliyinə dəlalət etmir. Əgər iddiaçının adı siyahıya sonradan qanunvericiliklə müəyyən edilmiş qaydada daxil edilərsə, bu halda, təqdim olunmuş sənədlər mötəbər sayıla bilər. Bunun üçün isə sonradan siyahıya daxil edilmənin müəyyən edilmiş qaydada baş verdiyi təsdiq və sübut olunmalıdır. Sonradan siyahıya adı daxil edilmiş şəxslər yalnız daxil edilmənin qanuniliyini təsdiq və sübut edən sənədləri təqdim etdikləri halda, müvafiq mötəbər hüquq müəyyənedici sənədlərin mövcudluğu halına istinad və onun yaradacağı hüquqi nəticələrə iddia edə bilərlər. Bu mənada, iddiaçının hüquq müəyyənedici sənəd kimi istinad etdiyi protokoldan çıxarışdan müəyyən olunur ki, X6 ayırılmış torpaq sahəsi ‘'Gülüstan” Kollektiv bağçılıq təsərrüfatının xx.xx.1999-cu il tarixli həmkarlar komitəsinin qərarı ilə X2 verilmiş və bu sənədin mötəbərsiz olmasına dair cavabdeh heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı səlahiyyətli orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Bununla yanaşı torpaq sahəsinin cizgisinin təqdim olunmaması əsası ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Təsadüfi deyil ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.”. Şərh olunalara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisəli bağ sahəsinin ölmüş şəxsə məxsus olması işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, həmçinin həmin bağ sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 22.2-ci maddələrinə əsasən bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum iddiaçının adına qeydiyyata alınması barədə arayışın verilməsi üçün yetərli əsas sayılmalıdır. Odur ki, iddia təmin olunmalıdır.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yol Tikinti zavodunun HK-nin 09 mart 1999-cu il tarixli 1 saylı protokol qərarı əsasında ayrılmış 542 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar