Məhkəmə qərarları › İş №2-1(116)-1337/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1337/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1337/2023 29.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Yevlax şəhər, Nizami küçəsi, 41 ünvanında yerləşən iddiaçının mülkiyyətinə verilmiş, ümumi sahəsi 42.90 kv.m olan 7 saylı mənzilin sökülməsinə görə Yevlax şəhərində ümumi sahəsi 20% artıq olan yeni mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhər, Nizami küçəsi, 41 ünvanında yerləşən iddiaçının mülkiyyətinə verilmiş, ümumi sahəsi 42.90 kv.m olan 7 saylı mənzilin sökülməsinə görə Yevlax şəhərində ümumi sahəsi 20% artıq olan yeni mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Cavabdeh başçısının 22 sentyabr 1993-cü il tarixli, 919-cu nömrəli sərəncamı ilə Yevlax şəhəri, Nizami küçəsi, 41 nömrəli binanın, 7 nömrəli mənzili İddiaçı şəxsi mülkiyyətinə verilmişdir. Lakin, həmin mənzilin də yerləşdiyi bina 2008-ci ildə Cavabdeh tərəfindən sökülmüş, həmin binanın yerində 4 mərtəbəli yaşayış evi (bina) tikilmişdir. İddiaya əsasən bina söküldükdən sonra iddiaçıya nə ev verilmiş, nə də sökülmüş mənzilin əvəzi ödənilmişdir. Buna görə də Cavabdehnə müraciət etmiş,tələbi icra olunmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda iddiaya münasibətini aşağıdakı formada bildirmişdir: “Cavabdeh Başçısının 919 nömrəli 22 sentyabr 1993-cü il tarixli Sərəncamı ilə ünvan 2 ünvanı Nizami prospekti 51) binanın 7 nömrəli mənzili İddiaçı mülkiyyətinə verilmişdir. Uzun müddət İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamışlar. Yevlax şəhəri, Nizami prospekti 51 və 53 nömrəli yaşayış binaları qəzalı vəziyyətdə olduğuna görə sökülmüş və onların yerində 20 mənzilli yeni yaşayış binası tikilmişdir. Yeni bina tikilən müddətdə sakinlər kirayədə yaşamışlar. Sakinlərin kirayədə yaşamaları üçün vəsait ayrılmamışdır. İddiaçı şəhid ailəsi olduğu nəzərə alınaraq kirayədə yaşamaması üçün Cavabdeh müvafiq şöbələri tərəfindən danışıqlar aparılmış və razılığa gəlinmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşası başa çatmış şəhid və Qarabağ müharibəsi əlilləri ailələri üçün nəzərdə tutulmuş yaşayış binasında növbədənkənar qaydada ona mənzil verilsin. Beləliklə, iddiaçıya artıq hazır olan 4 mərtəbəli 36 mənzilli yaşayış binasında mənzil təklif edilmişdir. Bildiririk ki, həmin binanın inşası 2009-cu ilin noyabr ayında başa çatmış və elə həmin ildən İddiaçı orada yaşamağa başlamışdır . Xüsusi olaraq diqqətinizə çatdırırıq ki, İddiaçı mənzillə təmin olunanda "Şəhid və Qarabağ müharibəsi əlilləri ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün mənzil növbəliliyi" siyahısında qeydiyyatda olmamışdır. Onun mənzil növbəsinə götürülməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tələblərinə cavab verməsə də Cavabdeh onun şəhid ailəsi statusunu və maddi imkansızlığını nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və İddiaçı növbədənkənar mənzillə təmin olunmasına köməklik göstərmişdir”. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdeh inzibati orqanın 18 noyabr 2022-ci il tarixli imtina məktubu;

2. Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 000253 nömrəli vəsiqəsinin surəti;

3. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2023-cü il tarixli 09/10 nömrəli məktubuna əlavə edilmiş Cavabdeh Başçısının 22 sentyabr 1993-cü il tarixli 950 nömrəli Sərəncamından Çıxarış;

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 03 aprel 2023-cü il tarixli 3-21-3-35/2- 1208/2023 nömrəli məktubu;

5. Cavabdeh Başçısının 28 oktyabr 2010-cu il tarixli 126 saylı sərəncamından Çıxarışın təsdiqlənmiş surəti;

6. Azərbaycan Respublikası Cavabdeh Başçısının Aparatının 22 avqust 2023-cü il tarixli 5-9/2-1294/2023 nömrəli və 06 noyabr 2023-cü il tarixli 5-9/2- 1770/2023 nömrəli məktubları;

7. Azərbaycan Respublikası Yevlax Bələdiyyəsinin 29 sentyabr 2010-cu il tarixli 66 nömrəli qərarının təsdiqlənmiş surəti;

8. Azəbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 may 2010-cu il tarixli sərəncamı;

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbi qedərək hesab edir ki,iddia təmin olunmalı deyilir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1100-cü madəsində deyilir ki,dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “İnzibati icraat” haqqında Qanunun : 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanunu : Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Hazırkı iddia tələbinə əsasən müəyyən edilir ki,iddiaçının hüquqi marağı onun mülkiyyətində olmuş ünvan 4 ünvanında yerləşən sahəsi 42.90 kv.m mənzilin cavabdeh tərəfindən sökülməsinə görə Yevlax şəhərində ümumi sahəsi həmin mənzilin sahəsində 20 faiz artıq yeni mənzilin verilməsindən ibarətdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki,yuxarıda qeyd olunan mənzil həqiqətən iddiaçının mülkiyyətində olmuşdur.Yevlax rayon Fövqəladə Hallar Komissiyasının 26 avqust 2009-cu il tarixli qərarı ilə sözügedən mənzilin də daxil olduğu yaşayış binalarının sökülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edilmişdir.İddiaçının maddi vəziyyəti və sosial statusu nəzərə alınmaqla ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşası başa çatmış şəhid və Qarabağ müharibəsi əlilləri ailələri üçün nəzərdə tutulmuş yaşayış binasında-Yevlax şəhəri C.Mustafayev küçəsi,106/34 ünvanında iki otaqdan ibarət,yaşayış sahəsi 82,4 kv.m olan mənzil verilmişdir. İddiaçı həmin mənzilə dair Cavabdeh Başçısının 28 oktyabr 2010-cu il tarixli 126 saylı sərəncamına əsasən xx.xx.2010-cu il tarixli 87 nömrəli Order verilmişdir. İddiaçı və ailə üzvləri həmin mənzildə yaşamağa başlamışdır . Göründüyü kimi iddiaçı şəhid ailəsi olaraq mənzil növbəsinə götürülmədiyi halda ona Cavabdeh tərəfindən mənzil verilmişdir.Qeyd olunan mənzilin yerləşdiyi yaşayış binası şəhid və Qarabağ müharibəsi əlillərinin ailələri üçün nəzərdə tutulmuş yaşayış binası olmasına baxmayaraq iddiaçıya mənzil verilməsi həmin əsasla deyil,sökülmüş mənzilinə əsasən verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “Yevlax şəhər, Nizami küçəsi, 41 ünvanında yerləşən iddiaçının mülkiyyətinə verilmiş, ümumi sahəsi 42.90 kv.m olan 7 saylı mənzilin sökülməsinə görə Yevlax şəhərində ümumi sahəsi 20% artıq olan yeni mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar