Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1339/2023 05.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon Xaçmaz kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayon Xaçmaz kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinə mərhum atası X2 mülkiyyət hüququnu qeydiyyata alaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1339/2023 nömrəli qərardadı ilə Oğuz rayonu Xaçmaz bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, "Oğuz rayon Xaçmaz kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı Oğuz rayon Xaçmaz kəndində anadan olmuşdur. Ailə vəziyyətilə əlaqədar hazırda Rusiya Federasiyasında yaşayır. Oğuz rayon Xaçmaz kəndində, mərhum atası X1 miras qalmış fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün cavabdeh orqana ərizə ilə müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi, 13.01.201 5-eı ıl tarixli 439 nömrəli Fərman və onun Rusiya vətəndaşı olması göstərilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, İddiaçı xarici ölkə vətəndaşıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilər. 48.3-cü maddəyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxsər, xarici hüquqi şəxsər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə görə də müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçının müraciəti ilə bağlı Ərazi İdarəsinin mütəxəssisləri tərifindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunmuşdur. Bu zaman məlum olmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi DWJ baza məlumatlarında 1203BB (bələdiyyə mülkiyyəti) kimi Öz əksini tapmışdır. Həmçinin həmin torpaq sahəsi üzərində tikili (yararsız naves) vardır. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Oğuz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 907 nömrəli xx.xx.2016-cı il tarixli arayışından görünür ki, iddiaçının atası X4 xx.xx.1993-cü il tarixdə vəfat etmiş və vəfat etdikdən sonra aşağıda adları qeyd olunan vərəsələri qalmışdır: - İddiaçı -1967. - Oğuz rayon Xaçmaz kəndi üzrə 1969-1971-ci illərə aid təsərrüfatbaşına kitablardan çıxarışlardan (116 nömrəli şəxsi hesab vərəqəsindən) görünür ki, ailə başçısı - X4, ailə üzvləri- X8 və İddiaçı adları qeyd edilmişdir. - cavabdehin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarına əlavə olunmuş mütəxəssis rəylərində qeyd edilmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,2395 hektar torpaq sahəsi Oğuz rayonu Xaçmaz kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində təyinatı yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı olmaqla Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən 0,2395 ha torpaq sahəsi iddiaçının özünü istifadəsindədir və digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində olan 0,2395 ha torpaq sahəsində fərdi yaşayış evi mövcüd deyil. Fərdi yaşayış evi mövcud olmadığına görə dekabr 1987-ci il tarixli 634 nömrəli texniki pasportun həmin fərdi yaşayış evinə aid olmasını təyin etmək mümkün deyil. - Oğuz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2016-cı il tarixli N-299/12 nömrəli arayışından görünür ki, X4 ilə X5 arasında xx.xx.1966-cı il tarixdə nikah bağlanmış, 24 №li akt qeydi tərtib olunmuşdur. - Oğuz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2016-cı il tarixli N-309/12 nömrəli arayışından görünür ki, X8 xx.xx.1988-ci il tarixdə vəfat etmiş, ölüm haqqında xx.xx.1988ci il tarixli 35 №-li akt qeydi tərtib olunmuşdur. - Oğuz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2016-cı il tarixli N-297/12 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Xaçmaz kəndində anadan olmuş, bu barədə xx.xx.1967-ci il tarixdə Oğuz rayon Xaçmaz icra nümayəndəliyində 144 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası - X4, anası - X7r. - İV-ЖГ 265742 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. - 1987-ci ilin dekabr ayında tərtib olunmuş 634 inventar texniki pasportdan görünür ki, həmin sənəd Oğuz şəhəri Xaçmaz kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmişdir. Sənədə əsasən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 1000 kv.metr, tikildiyi il 1980-ci il, hüquq subyekti olaraq isə X4 qeyd edilmişdir. - Oğuz rayon İHB-nin Xaçmaz İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Oğuz rayon Xaçmaz kəndində mərhum X3 məxsus fərdi yaşayış evi olmuş, həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi halhazırda onun övladı İddiaçı qapalı həyət kimi istifadəsindədir. Qeyd edilən torpaq sahəsində 1930-cu illərin əvvəllərində yaşayış evi olmuş hal-hazırda həmin ev yaşayış olmadığı üçün tamamilə dağılmışdır. Mərhuma Xaçmaz kəndi ərazisində bundan başqa həyətyanı torpaq sahəsi verilməmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. İş materialları ilə müəyyən edilir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Oğuz rayon Xaçmaz kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayış əldə edilməsinə nail olmaqdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Oğuz rayon Xaçmaz kəndində mərhum X3 məxsus fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi olmuş, sonradan baxımsızlıqdan və yaşayış olmadığı üçün fərdi yaşayış ev tamamilə dağılmışdır. İddia olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair 1987-ci ilin dekabr ayında 634 inventar texniki pasport tərtib edilmiş, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 1000 kv.metr, tikildiyi il 1980-ci il, hüquq subyekti olaraq isə X4 qeyd edilmişdir. Eyni zamanda Oğuz rayon Xaçmaz kəndi üzrə 1969-1971-ci illərə aid təsərrüfatbaşına kitablardan çıxarışlarda X4 ailə başçısı olaraq qeyd edilmiş, torpaq sahəsinin ölçüsü 0.10 ha göstərilmişdir. Oğuz rayon İHB-nin Xaçmaz İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli aktda da mərhum X3 Xaçmaz kəndi ərazisində bundan başqa həyətyanı torpaq sahəsinin verilmədiyi qeyd edilmişdir. Sözgüedən 0.10 ha torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun mərhum Abdurahman Məmmədova məxsusluğunun müəyyən edilməsinin hüquqi əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbayan Respublikası Prezidentinin xx.xx.2015 ci il tarixli 439 saylı Fərmanı təşkil edir. Belə ki, istinad olunan Fərmanla təsdiq edilmiş “Siyahının” 1.11-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqların əldə ediməsini təsdiq edən sənəd olaraq nəzərdə tutulmuşdur. Eyni zamanda istinad olunan “Siyahı”da Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3) hüquqların əldə ediməsini təsdiq edən sənəd olaraq nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsində bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunması təsbit edilmişdir. Göründüyü kimi iddia olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun mərhum Abdurahman Məmmədova məxsus olması barədə kifayət qədər əsaslı sübutlar olmasına baxmayaraq, cavabdeh orqan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtna etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz rayon Xaçmaz kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə elektron arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.