Məhkəmə qərarları › İş №2-1(116)-134/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-134/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-134/2020 25.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) qarşı “7867 manat maddi, 16500 manat əldən çıxmış fayda və 5000 manat mənəvi zərər olmaqla 29.367 manat pulun cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: xx.xx.2009-cu il tarixli MH seriyalı ******* nömrəli çıxarışa və AA seriyalı 004626 saylı plan-ölçüyə (yeni çıxarış: xx.xx.2009-cu il, seriya RX, №1408191 və A№ 317270 saylı plan-ölçü) əsasən İsmayıllı rayonu, Ərəgit kəndi ərazisindən iddiaçının mülkiyyətinə 0.0796 ha torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsinə dair çıxarışı 2009-cu ildə əldə etməsinə baxmayaraq, faktiki olaraq həmin sahə uzun illərdir ki, ailəsinin istifadəsində olmuşdur. Yaz-yay fəslində yeganə dolanacaq yeri olan bu əmlak payı Lahıc qəsəbəsi, Ərəgit kəndi ərazisində Girdiman çayının sahilində, hər il mövsümi olaraq xırda buynuzlu sürülərin (qoyunların) dərmanlı su ilə çimizdirilməsi üçün nəzərdə tutulmuş Vanna-hovuz idi. Əmlakın tikilmə tarixi isə təxminən 1970-ci illərə təsadüf edir. Hər il yaz-yay aylarından bu əmlakdan təxminən 6000 (altı min) manat həddində maddi qazanc əldə edirdi. Təxminən 2016-cı ilin əvvəllərindən iddiaçıya və digər kənd sakinlərinə şifahi olaraq bildirilmişdir ki, qəsəbə ərazisindən yol çəkiləcək və yolun təsiri altına düşən bütün əmlaklar plana düşmüşdür. Bu səbəbdən də İsmayıllı rayonunda fəaliyyət göstərən Azərbaycan Respublikası “xxxx” MMC-yə 2016-cı ilin dekabr ayında müraciət etmiş, həmin qiymətləndirmə şirkətinin əməkdaşları torpaq sahəsinə və əmlaka baxış keçirdikdən sonra, əmlakın layihə-smetasını, dəyəri, illik gəlir və s. barədə ona xx xxxxxx 2016-cı il tarixli rəy verilmişdir. 2017-ci ildə Lahıc qəsəbəsinə yolun çəkilməsi işlərinə başlanıldı və kimin torpaq sahəsi həmin olun təsiri altına düşürsə, onlardan sənədlər toplanılmışdır. İddiaçı da torpaq sahəsinin köhnə: xx xxxxx 2009-cu il tarixli, seriya MH, ******* nömrəli çıxarışa və №AA 004626 saylı plan-ölçü) və əmlakın sənədlərini aidiyyəti orqanların əməkdaşlarına təqdim etmişdir. Torpaq sahəsinin planı və ölçüsündəki koordinatlar avtomobil yolunun təhkim zolağına düşmədiyi bildirilsə də cavabdeh idarədən ona rəsmi cavab verilənədək, əmlakı artıq 2017-ci ildə dağıdılmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi koordinat məsləsini bəhanə edib kompensasiya ödəməkdən bu günədək yayınmaqdadır. Cavabdeh idarəyə dəfələrlə müraciət etmiş, xx.xx.2018-ci M-3/16-3126 nömrəli və xx.xx.2018-ci il tarixli Z-3/16-7869 nömrəli imtina məktublarında xx.xx.2009-cu il tarixli **********17 nömrəli reyestrdən çıxarışa əlavə olunmuş torpaq sahəsinin planı və ölçüsündəki koordinatlara əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı məxsus sözügedən torpaq sahəsi mövcud olan hər hansı avtomobil yolunun təhkim zolağına düşmədiyi qeyd edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı Ağamməd oğlunun cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi barədə iddia ərizəsi Şəki İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək, iddiaçının xeyrinə 2017-ci il, 2018-ci il və 2019-cu illər üçün əmlakdan əldə edəcəyim gəlirdən qanunsuz olaraq məhrum olmağımıza görə (əldən çıxmış faydaya görə) üç il üçün 5500+5500+5500 cəmi 16500 (on altı min beş yüz) manat, rəydə qeyd olduğu kimi əmlakım dəyəri 7867 (yeddi min səkkiz yüz altmış yeddi) manat və vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat cəmi 29 367 (iyirmi doqquz min üç yüz altmış yeddi) manat pulun cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı Ağamməd oğlunun iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Şamaxı rayonunun Dəmirçi kəndinin İsmayıllı rayonun Lahıc qəsəbəsi ilə birləşdirən ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmişdir. Qeyd edirik ki, İddiaçı Ağamməd oğluna məxsus torpaq sahəsinin sözügedən avtomobil yolunun təhkim zolağına düşüb-düşməməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestri xidmətinə sorğu verilmiş və müəyyən olunmuşdur ki, təqdim edilmiş xx.xx.2009-cu il tarixli **********17 nömrəli dövlət reyestrindən çıxarışa əlavə olunmuş torpaq sahəsinin planı və ölçüsündəki koordinatlara əsasən aparılmış araşdırmanın nəticəsinə görə vətəndaş İddiaçı Ağamməd oğluna məxsus sözügedən torpaq sahəsi mövcud olan hər-hansı avtomobil yolunun təhkim zolağına düşmür. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ünvanladığı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanladığı məktubu bu halı sübut edir ki, İddiaçı Ağamməd oğluna məxsus sözügedən torpaq sahəsi Agentlik tərəfindən həyata keçirilmiş layihələr çərçivəsində iddiaçıya məxsus hər hansı daşınmaz əmlak obyekti Agentlik tərəfindən kadastr planlarının alınması ilə bağlı müraciət edilmiş layihələr çərçivəsində tikinti aparılan ərazilərdə mövcud olmamış və kadastr planından çıxarış tərrtib edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.3 Çıxarılmışdır. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələbəb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vcdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi –məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Bununla da torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, sübutlar-tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmçinin, 76.2-ci maddəyə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2009-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, 0.757 ha torpaq sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan İsmayıllı rayon İHB-nın Lahıc qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 401 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı məxsus 0.0757 ha torpaq sahəsi mal-qara çimizdirilməsi məqsədi ilə vanna mövcud olmuşdur. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2016-cı il tarixli 15 nömrəli qiymətləndirmə rəyində qeyd olunmuşdur ki, - İsmayıllı rayonu, Ərəgit kəndi ərazisində yerləşən və İddiaçı məxsus mülkiyyətdə olan 0.08 ha torpaq sahəsiniin ayrılıqda dəyəri 14200 (on dörd min iki yüz) manat (AZN) həddində; - Əmlak payına verilmiş obyekt üzrə (tikili qurğuları, mühəndis-kommunikasiya xətləri və qurğular), həmçinin obyektin digər mənbələrdən daxil olan gəlirlilik dərəcəsi də nəzərə alınaraq orta dəyər göstəricisinin 7867 (yeddi min səkkiz yüz altmış yeddi) manat (AZN) həddində olması müəyyənləşdirilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 11 nömrəli məktubu və ona əlavə olunmuş ekspert rəyində qeyd olunur ki, İddiaçı məxsus İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən, planvə ölçüsü AA 004626 saylı torpaq sahəsinin plan və ölçüsündə gösrtərilmiş 0.0796 ha torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə olunmadığı müəyyən edilmişdir. İş materiallarında olan DƏDRX-nin 9 saylı X2 xx.xx.2019-cu il tarixli **********98 nömrəli və xx.xx.2019-cu il tarixli **********74 nömrəli məktublardan görünür ki, xx.xx.2009cu il tarixli MH seriyalı ******* nömrəli çıxarış və reyestr nömrəsi **********xx xxxx 004626 saylı plan ölçüsünün müvafiq qaydada təsdiqlənmiş sənədində 0.796 ha torpaq sahəsi və xx.xx.2018-ci il tarixdə verilmiş reyestr nömrəsi **********17 olan A 317270 saylı torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd isə 0.757 ha torpaq sahəsi qeyd olunmuşdur. İş materiallarında olan DƏDRX-nin 9 saylı X2 xx.xx.2020-ci il tarixli **********37 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçının köhnə A seriyalı 004626 nömrəli torpaq sahəsinin plan ölçüsündə və A seriyalı 317270 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlara görə torpaq sahəsinin koordinatları arasında 1300 m fərq var. Ərazi İdarəsinin mütəxəssisləri AZPOS istinad şəbəkəsinə qoşulmaqla müasir GPS aləti vasitəsilə torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatlara və eyni zamanda A seriyalı 317270 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara görə İddiaçı mülkiyyətində olan 0.0757 ha torpaq sahəsinin həmin ərazidən keçən hər-hansı avtomobil yolunun təhkim zolağına düşməsi faktı aşkar olunmamışdır. İddiaçının zamanda A seriyalı 317270 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən ərazinin sərhədləri daxilində hər hansı bir hovuz mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********94 nömrəli məktubuna ona əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, işin araşdırılması üçün mütəxəssislər iddiaçı və cavabdehlərin iştirakı ilə xx.xx.2020-ci il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına və torpaq sahəsinin yerləşdiyi ərazinin xəritəsinə əsasən araşdırma zamanı məlum olmuşdur ki,

1. İddiaçının köhnə AA 004626 nömrəli plan ölçüsündə və AN 317270 nömrəli təzə plan-ölçüsündə qeyd olunan koordinatlar əsasında torpaq sahəsinin cizgiləri sxem üzrə tərtib olunmuşdur.

2. Yol, AN 317270 nömrəli təzə plan-ölçü sənədində əsasən iddiaçının torpaq sahəsinə düşmür. Yol üçüncü dərəcəli yol olduğundan qorunma zolağı yoxdur.

3. İddiaçı tərəfindən göstərilən, faktiki naturada istifadəsində olan torpaq sahəsində hovuz mövcud olmadığından sualın cavablandırılması mümkün deyil. İş materillarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən xx.xx.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş vəsatətdə qeyd olunur ki, inzibati məhkəmə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcüdluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə inzibati mühakimə icraat qaydasında baxılan öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələri səlahiyyətinə aid olmalı, 2. İddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi ilə bağlı olmalı; 3. İddia qaldırmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. (İPM-2.2.3, 34.1.35.1.) İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Bu baxımdan qeyd olunanlara əsasən hesab edirik ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, oktyabr 2017-ci il tarixində Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə "8 №-li X4 İstismarı” MMC arasında müqavilə bağlanmış və müqvilə üzrə tərəflər sifarişçi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, podratçı isə “xxxx” MMC adlandırılmışdır. Müqavilənin 2.3-cü bəndinə görə “Podratçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi”-yə yerinə yetirilməli olan yolların təmiri işləmin aparılması ilə əlaqədar bütün işlərin başa çatdırılmasını öhdəsinə götürmüşdü Hazırda isə həmin ərazidə işlər podratçı tərəfindən görülmüş və başa çatdırılmışdır İddiaçının iddia tələbinə cavab verilməli olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavabdeh qismində olmamalıdır.

İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara xx.xx.2009-cu il tarixli MH seriyalı ******* nömrəli çıxarış təsdiqlənmiş surəti, xx.xx.2009-cu il tarixli AA seriyalı 004626 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surəti, RX seriyalı ******* nömrəli çıxarış təsdiqlənmiş surəti, xx.xx.2018-ci il tarixli 401 nömrəli arayış, xx.xx.2016-cı il tarixli 15 nömrəli Texniki-qiymətləndirmə rəyi, xx.xx.2018-ci il tarixli A 317270 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surəti, AZE seriyalı ******* nömrəli ş/v-nin surəti, 20179 nömrəli əlilliklə bağlı vəsiqənin surəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixli M- 3/16-3126 nömrəli və xx.xx.2018-ci il tarixli Z-3/16-7869 nömrəli imtina məktubları, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 11 nömrəli məktubu və ona əlavə olunmuş ekspert rəyi, DƏDRX-nin 9 saylı X2 xx.xx.2019-cu il tarixli **********98 nömrəli, xx.xx.2019-cu il tarixli **********74 nömrəli və xx.xx.2020-ci il tarixli **********37 nömrəli məktubları və onlara əlavə olunmuş sənədlər, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********94 nömrəli məktubuna ona əlavə olunmuş mütəxəssis rəyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən xx.xx.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş vəsatəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Bundan başqa iddia düzgün cavabdehə qarşı yönəldilmişdir. Belə ki, avtomobil yolların qurulması, təmiri və bununla əlaqərar işləri görülməsi cavabdehin səlahiyyətindədir. Cavabdehin yolun çəkilməsi ilə bağlı tabeliyində olan yol istismar idarələri ilə müqavilənin bağlanması onun məsuliyyətdən kənar olmasına dəlalət etmir. İddia əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – dediktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2017-ci ilin oktyabr ayında Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı təşkilati işlərə başlanılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, İsmayıllı rayonunun Ərəgit kəndinin ərazisində iddiaçının mülkiyyətinə 0.0796 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsi üzərində sonuncunun müülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Aparılmış araşdırma zamanı sonuncu qeydiyyat zamanı torpaq sahəsinin koordinatları ilə torpaq sahəsinin ilkin sənədləri ilə uyğunsuzluğun olmadığı müəyyən edilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək mülkiyyətində olan torpaq sahəsində hovuzun olduğunu və həmin hovuzun yolun tikintisi zamanı cavabdeh tərəfindən söküldüyünü bildirir. Lakin belə bir hovuzun mövcudluğu və həmin tikilinin iddiaçıya məxsus olmasına dair iş materiallarında sübut mövcud deyildir. Lakin məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi yeni çəkilmiş Dəmirçi-Lahıc avtomobil yolunun təsir zonasına düşmür və həmin torpaq sahəsindən yolun çəkilməsi zamanı cavabdeh tərəfindən istifadə olunmamışdır. Belə olan halda cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən tikili və ya buna bənzər qurğu ilə bağlı hər hansı işlərin görülməsi də məntiqli deyil və bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, tikilinin cavabdeh tərəfindən sökülməsi və bununla da iddiaçıya cavabdeh tərəfindən zərərin vurulması məhkəmə araşdırması zamanı təsdiqini tapmadığından iddia tələbi rədd olunmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İşin araşdırılması ilə bağlı yaranmış xərclər isə iddaçıdan tutularaq aidiyyəti üzrə köçürülməlidir.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) qarşı “7867 manat maddi, 16500 manat əldən çıxmış fayda və 5000 manat mənəvi zərər olmaqla 29.367 manat pulun cavabdehdən tutulması " tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 93 manat 56 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X1 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar