Məhkəmə qərarları › İş №2-1(116)-134/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-134/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-134/2021 16.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayon Sumağallı kəndi ərazisində mülkiyyətində olan 0,35 ha və 0,19 ha torpaq sahələrinə dair "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib edilməsi və həmin sahələrin sərhədlərinin yerində ona göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsinin 21.08.2006-cı il tarixli 08 nömrəli qərarına əsasən, İddiaçı bələdiyyənin ümumi torpaq sahəsindən 0,35 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi 28.08.2006-cı il tarixli 236 nömrəli rəy verərək İddiaçı Sumağallı Bələdiyyəsinin 0,35 ha torpaq sahəsinin tikinti məqsədilə satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən həmin 0,35 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Sumağallı Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsi ilə İddiaçı arasında həmin 0,35 ha torpaq sahəsinin satılması barədə 28.08.2006-cı il tarixli "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmişdir. Bundan başqa, İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsinin 04.09.2006-cı il tarixli 09 nömrəli qərarına əsasən, İddiaçı bələdiyyənin kəndaltı torpaq sahəsindən 0,19 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi 05.09.2006-cı il tarixli 302/4 nömrəli rəy verərək İddiaçı Sumağallı Bələdiyyəsinin 0,19 ha kəndaltı torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən həmin 0,19 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Sumağallı Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsi ilə İddiaçı arasında həmin 0,19 ha torpaq sahəsinin satılması barədə 07.09.2006-cı il tarixli "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmişdir. Qeyd olunan 0,35 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 04.10.2006cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Qeyd olunan 0,19 ha torpaq sahəsinə isə İddiaçı mülkiyyət hüququ 24.01.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 21.09.2011-ci il tarixli 162 nömrəli sərəncamına əsasən, İddiaçı Sumağallı kəndi ərazisində həmin 0,35 ha və 0,19 ha torpaq sahələrində ümumi sahəsi 1480 kv.m olan istirahət mərkəzinin tikilməsinə icazə verilmiş, aparılacaq tikintiyə sərəncam imzalandığı tarixdən 1 ildən gec olmayaraq başlanması və üzrlü səbəb olmadan 3 ildən gec olmayaraq başa çatdırılması nəzərdə tutulmuşdur. İddiaçı sözügedən 0,35 ha və 0,19 ha torpaq sahələrinə texniki pasportun verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin sonuncu 12.02.2020-ci il tarixli məktublar bundan imtina edərək bildirmişdir ki, sözügedən torpaq sahələri yaşayış məntəqəsindən kənarda yerləşməklə kənd təsərrüfatı təyinatlı örüş ərazisinə düşür. Həmçinin, torpaq sahəsinin bir hissəsi avtomobil yolunun, bir hissəsi isə yüksək gərginlikli (10000 kV) elektrik xəttinin qorunma zolağına düşür. Elektron baza məlumatlarına əsasən, faktiki torpaq sahəsinin yerləşdiyi ərazi JN- 331 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında başqa vətəndaşa məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə də müraciət etmiş, lakin həmin Xidmət 14.04.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahələri İsmayıllı Rayon Sumağallı Bələdiyyəsi tərəfindən 05.05.2004-cü ildə X7 adlı şəxsə satılmış və JN-331 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür, həmçinin, iddiaçının faktiki istifadəsində olan torpaq sahələrinin bir hissəsi 10 kV-luq yüksək gərginlikli hava elektrik ötürücü xəttinin və respublika əhəmiyyətli Qəbələ-İsmayıllı-Bakı avtomobil yolunun mühafizə zonasında yerləşir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayon Sumağallı kəndi ərazisində mülkiyyətində olan 0,19 ha və 0,35 ha torpaq sahələrinə dair texniki pasportun verilməsi və torpaq sərhədlərinin yerində plan ölçüləri göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır və onun mülkiyyət hüququnu pozur. Cavabdeh iddiaya qarşı 13.07.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Bundan sonra Şəki İnzibati Məhkəməsinin 01.09.2020-ci il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs X7 iddiaya yazılı münasibət (etiraz) bildirməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsinin 21.08.2006-cı il tarixli 08 nömrəli qərarından görünür ki, İddiaçı bələdiyyənin ümumi torpaq sahəsindən 0,35 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 28.08.2006-cı il tarixli 236 nömrəli rəyindən görünür ki, həmin şöbə İddiaçı Sumağallı Bələdiyyəsinin 0,35 ha torpaq sahəsinin tikinti məqsədilə satılmasına etiraz etmədiyini bildirmişdir. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən tərtib edilmiş və satılan 0,35 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarışdan görünür ki, həmin sənəd Sumağallı Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. - İşdə olan, 28.08.2006-cı il tarixli "Torpaqların alqı-satqısına dair akt"dan görünür ki, həmin sənəd 0,35 ha torpaq sahəsinin İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsi tərəfindən İddiaçı satılması ilə bağlı tərtib edilmişdir. - İşdə olan, İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsinin 04.09.2006-cı il tarixli 09 nömrəli qərarından görünür ki, İddiaçı bələdiyyənin kəndaltı torpaq sahəsindən 0,19 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 05.09.2006-cı il tarixli 302/4 nömrəli rəyindən görünür ki, həmin şöbə İddiaçı Sumağallı Bələdiyyəsinin 0,19 ha kəndaltı torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına etiraz etmədiyini bildirmişdir. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən tərtib edilmiş və satılan 0,19 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarışdan görünür ki, həmin sənəd Sumağallı Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. - İşdə olan, 07.09.2006-cı il tarixli "Torpaqların alqı-satqısına dair akt"dan görünür ki, həmin sənəd 0,19 ha torpaq sahəsinin İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsi tərəfindən İddiaçı satılması ilə bağlı tərtib edilmişdir. - İşdə olan, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,35 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 04.10.2006-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,19 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 24.01.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 21.09.2011-ci il tarixli 162 nömrəli sərəncamından görünür ki, İddiaçı Sumağallı kəndi ərazisində həmin 0,35 ha və 0,19 ha torpaq sahələrində ümumi sahəsi 1480 kv.m olan istirahət mərkəzinin tikilməsinə icazə verilmiş, aparılacaq tikintiyə sərəncam imzalandığı tarixdən 1 ildən gec olmayaraq başlanması və üzrlü səbəb olmadan 3 ildən gec olmayaraq başa çatdırılması nəzərdə tutulmuşdur. - İşdə olan, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 12.02.2020-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsi yaşayış məntəqəsindən kənarda yerləşməklə kənd təsərrüfatı təyinatlı örüş ərazisinə düşür. Həmçinin, torpaq sahələrinin bir hissəsi avtomobil yolunun, bir hissəsi isə yüksək gərginlikli (10000 kv) elektrik xəttinin qorunma zolağına düşür. Elektron baza məlumatlarına əsasən, faktiki torpaq sahəsinin yerləşdiyi ərazi JN- 331 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında başqa vətəndaşa (X4) məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş "İsmayıllı rayonu Sumağallı kəndində yerləşən **********42 və **********33 nömrəli dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0,35 ha və 0,19 ha torpaq sahələrinin JN-331 nömrəli dövlət aktında göstərilən 0,35 ha torpaq sahəsi ilə müqayisəli planı"ndan görünür ki, İddiaçı Sumağallı Bələdiyyəsi tərəfindən satılmış 0,35 ha və 0,19 ha torpaq sahələri örüş ərazisinə düşür, həmçinin, torpaq sahələrinin bir hissəsi avtomobil yolunun, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına, eləcə də JN-331 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür. "İsmayıllı rayon Sumağallı kəndində yerləşən, İddiaçı mülkiyyətində olan torpaq sahələrinin müqayisəli ortofoto görüntüsü" də işə əlavə edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsində iddiaçının tələbi aşağıdakı kimi göstərilmişdir.

1. Torpaq sahələrinə dair texniki pasportun verilməsi,

2. Torpaq sərhədlərinin yerində plan ölçüləri göstərilməsi. Tələbin 1-ci hissəsi kifayət qədər aydın ifadə edilsə də, 2-ci hissəsi tam aydın deyil və torpaq sərhədlərinin yerində plan ölçüləri göstərilməsi dedikdə, iddiaçının nəyi nəzərdə tutması məlum olmur. Ona görə də məhkəmənin 30.07.2020-ci il tarixli məktubu ilə iddiaçıya iddia tələbinin "Torpaq sərhədlərinin yerində plan ölçüləri göstərilməsi" hissəsini dəqiqləşdirməsi təklif edilmişdir. İddiaçı həmin təklifə cavab olaraq məhkəməyə yazdığı 07.08.2020-ci il tarixli ərizədə bildirmişdir ki, onun tələbi torpaq sahələrinin yerində plan ölçülərinin göstərilməsindən və sənəd üzərində ona təqdim edilməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçının iddia tələbi 0,35 ha və 0,19 ha torpaq sahələrinə "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib edilməsi, eləcə də həmin sahələrin sərhədlərinin yerində ona göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Həmin iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Sadalanan normalardan göründüyü kimi, hüquqların dövlət qeydiyyatının aparılması üçün digər sənədlərlə yanaşı torpaq sahəsinin planı və ölçüsü də qeydiyyat orqanına təqdim edilməlidir. Hazırkı işdə 0,35 ha və 0,19 ha torpaq sahələri ilə bağlı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat, "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmədən aparılmışdır. Lakin bununla belə, məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli üçün məhz həmin normaya istinad edilməlidir. Məhkəmə ilk növbədə iddiaçıya satılmış 0,35 ha və 0,19 ha torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməli olması qənaətinə gəldi. İşdən göründüyü kimi, torpaq sahələri iddiaçıya satılan zaman Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən həm 0,35 ha, həm də 0,19 ha torpaq sahələrinin əks olunduğu yerquruluşu layihəsindən ayrı-ayrı iki çıxarış tərtib edilmiş və bu sənədlər Sumağallı Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Məhkəmənin 20.10.2020-ci il tarixli qərardadına əsasən, aşağıdakı suallarla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən mütəxəssis rəyi alınması qərara alınmışdır: 1) İşin 67-ci vərəqində olan "İsmayıllı rayon Sumağallı kəndi Sumağallı təsərrüfatının yerquruluşu layihəsindən çıxarış"da göstərilmiş 0,35 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilsin. 2) İşin 62-ci vərəqində olan "İsmayıllı rayon Sumağallı kəndi Sumağallı təsərrüfatının yerquruluşu layihəsindən çıxarış"da göstərilmiş 0,19 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilsin. 3) Elektron xəritə bazasında həmin 0,35 ha və 0,19 ha torpaq sahələrinin mülkiyyətçisi kimdir, təyinatı (kateqoriyası) və məqsədli istifadə növü necə göstərilmişdir? 4) "İsmayıllı rayon Sumağallı kəndi Sumağallı təsərrüfatının yerquruluşu layihəsindən çıxarış"da göstərilmiş 0,35 ha torpaq sahəsi dövlət meşə fondu, örüş, avtomobil yolunun və elektrik xəttinin mühafizə zolaqları, JN-331 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi, yaxud da digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşürmü? Düşürsə, düşən hissənin sahəsi və koordinatları göstərilsin. 5) "İsmayıllı rayon Sumağallı kəndi Sumağallı təsərrüfatının yerquruluşu layihəsindən çıxarış"da göstərilmiş 0,19 ha torpaq sahəsi dövlət meşə fondu, örüş, avtomobil yolunun və elektrik xəttinin mühafizə zolaqları, JN-331 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi, yaxud da digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşürmü? Düşürsə, düşən hissənin sahəsi və koordinatları göstərilsin. Həmin qərardada əsasən, Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 30.12.2020-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, "İsmayıllı rayonu Sumağallı təsərrüfatının yerquruluşu layihəsindən çıxarış"larda göstərilmiş 0,35 ha və 0,19 ha torpaq sahələrinə dair plan-ölçü sənədi tərtib olunmadığı üçün döngə nöqtələrinin koordinatlarını təyin etmək, eləcə də onların dövlət meşə fondu, örüş, avtomobil yolunun və elektrik xəttinin mühafizə zolaqları, JN-331 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi, yaxud da digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyil. Bundan başqa, 0,35 ha və 0,19 ha torpaq sahələri Mərkəzin elektron məlumat bazasında öz əksini tapan İsmayıllı rayonu Sumağallı kəndinin kompleks yerquruluşu layihəsinə əsasən, Sumağallı kənd ərazi dairəsinin sərhədləri daxilində Sumağallı Bələdiyyəsinin mülkiyyətinə aiddir, təyinatı (kateqoriyası) kənd təsərrüfatı torpaqları olmaqla məqsədli istifadə növü örüşdür. Mütəxəssis rəyində olan anlaşılmazlıqların aydınlaşdırılması üçün məhkəmənin 28.01.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təkrarən sorğu verilmiş və alınan 07.05.2021-ci il tarixli təkrar mütəxəssis rəyindən müəyyən edilmişdir ki, iddiaçıya satılmış 0,35 ha və 0,19 ha torpaq sahələri yerquruluşu planlarına görə Sumağallı Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş sahəsindən ayrılmışdır. İddiaçı faktiki naturada iddia etdiyi torpaq sahəsinin üzərinə 0,25 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinə dair JN-331 nömrəli dövlət aktı tərtib edilmişdir. Sumağallı Bələdiyyəsi tərəfindən 0,25 ha torpaq sahəsi X4 İddiaçı iddia etdiyi ərazidən 320 metr şərq istiqamətində ayrılmışdır. İddiaçı mülkiyyətinə verilmiş 0,35 ha və 0,19 ha torpaq sahələrində uyğunsuzluq və mübahisə olduğu üçün plan-ölçü sənədləri tərtib edilməmişdir. Beləliklə, sadalanan mütəxəssis rəyləri ilə müəyyən edildi ki, İddiaçı Sumağallı Bələdiyyəsi tərəfindən satılmış 0,35 ha və 0,19 ha torpaq sahələri tərtib edilən yerquruluşu planlarına görə kənd təsərrüfatı təyinatlı örüş sahəsinə düşür. Onun faktiki istifadə etdiyi torpaq sahəsi isə həmin yerdən kənarda yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin "Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi" adlanan 12-ci maddəsinin 1-3-cü hissələrində deyilir: Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. (1ci hissə) Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. (2-ci hissə) Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. (3-cü hissə) Həmin normalardan görünür ki, qanunvericilik kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) aid olan torpaqların dəqiq siyahısını müəyyən etmişdir. Bunlar əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlardır. Həm əkin torpaqları, həm də örüşlər kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsində deyilir ki, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü hissəsinin əvvəlki redaksiyasında (25.05.2007-ci il, torpaq sahəsi iddiaçıya satıldığı zaman) deyilirdi ki, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin malqarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsində deyilir ki, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Sadalanan normalardan göründüyü kimi, qanunvericilik bələdiyyənin mülkiyyətində olan örüşlərin satılmasını qadağan etmişdir. İddiaçı İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsi tərəfindən 21.08.2006-cı il tarixli 8 nömrəli qərarla, 04.09.2006-cı il tarixli 9 nömrəli qərarla satılmış 0,35 ha və 0,19 ha torpaq sahələri də örüş olduğuna görə satıla bilməzdi. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddianın təmin edilməsi üçün əsas yoxdur.

Nəticəvi hissə:

Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayon Sumağallı kəndi ərazisində mülkiyyətində olan 0,35 ha və 0,19 ha torpaq sahələrinə dair "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib edilməsi və həmin sahələrin sərhədlərinin yerində ona göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar