Məhkəmə qərarları › İş №2-1(116)-1340/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1340/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1340/2021 23.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "JN-198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən Mingəçevir şəhərində yerləşən 0,04 ha torpaq sahəsinin adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı adına olan JN-198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 02.05.2000-ci il tarixli 199 nömrəli sərəncamı ilə 0,04 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin İdarə 20.08.2021-ci il tarixli **********64 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, elektron siyahıda 198 nömrəli sırada heç bir qeydiyyat aparılmamış, iddiaçının adı isə 2 nəfər ailə üzvü ilə birlikdə 298 nömrəli sırada qeyd olunmuş və sözügedən "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də torpaq sahəsi 0,04 ha göstərildiyi halda, siyahıda 0,28 ha qeyd olunmuşdur. JN-198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" Mingəçevir şəhəri üzrə şəhadətnamələrin qeydiyyatı kitabında qeydə alınmamışdır. Eyni zamanda, həmin şəhadətnamənin elektron baza xəritəsində göstərilən cizgisi ilə faktiki istifadəsində olan torpaq sahəsi arasında 35 metr məsafə fərqi vadır, həmçinin torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmış digər şəxsin mülkiyyətində olan mağaza binasının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, 0,04 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Cavabdeh iddianı qəbul etməmiş və 21.09.2021-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 02.05.2000-ci il tarixli 199 nömrəli sərəncamı ilə 0,04 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 20.08.2021-ci il tarixli **********64 nömrəli imtina məktubundan görünür ki, elektron siyahıda 198 nömrəli sırada heç bir qeydiyyat aparılmamış, iddiaçının adı isə 2 nəfər ailə üzvləri ilə birlikdə 298 nömrəli sırada qeyd olunmuş və sözügedən "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də torpaq sahəsi 0,04 ha göstərildiyi halda, siyahıda 0,28 ha qeyd olunmuşdur. JN-198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" Mingəçevir şəhəri üzrə şəhadətnamələrin qeydiyyatı kitabında qeydə alınmamışdır. Eyni zamanda, həmin şəhadətnamənin elektron baza xəritəsində göstərilən cizgisi ilə faktiki istifadəsində olan torpaq sahəsi arasında 35 metr məsafə fərqi vadır, həmçinin torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmış digər şəxsin mülkiyyətində olan mağaza binasının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Sadalanan normalardan göründüyü kimi, torpaq islahatı zamanı torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilə bilməsi üçün şərtlərdən biri həmin torpaq sahəsinin islahatdan əvvəl onun qanuni istifadəsində olmasından ibarətdir. Lakin müəyyən edildi ki, iddiaçının adına olan JN-198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 0,04 ha torpaq sahəsinin torpaq islahatından əvvəl onun qanuni istifadəsində olmasını təsdiq edən heç bir sənəd yoxdur. İddiaçının nümayəndəsi məhkəmənin 28.09.2021-ci il tarixli müvafiq sorğusuna cavab olaraq məhkəməyə yazdığı 14.10.2021-ci il tarixli müraciətdə 0,04 ha torpaq sahəsinin torpaq islahatından əvvəl iddiaçının qanuni istifadəsində olduğunu təsdiq edən sənədin olmadığını və ümumiyyətlə belə bir sənədin dövlət orqanları tərəfindən ona heç vaxt təqdim edilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda, torpaq islahatı zamanı həmin 0,04 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ yarana bilməzdi. Eyni zamanda, müəyyən edildi ki, torpaq islahatı zamanı İddiaçı, X2 və X3 mülkiyyətinə 0,26 ha həyətyanı torpaq sahəsi verilmiş və bununla bağlı JN-298A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. Həmin sənədin həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilmir. Bundan başqa, məhkəmə təqdim olunmuş JN-198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də aşkar edilmiş aşağıdakı uyğunsuzluqları da qeyd edir. Əvvəla, həmin şəhadətnamədə onun 1235 nömrə ilə kitabda qeydə alındığı yazılsa da, müəyyən edildi ki, şəhadətnamələrin qeydiyyatı kitabında həmin nömrə altında İddiaçı adına qeydiyyat yoxdur. Kitabdakı 1235 nömrəli qeydiyyat Əhmədov Bəhdəmir adlı şəxsin adına 0,09 ha torpaq sahəsi ilə bağlı JN-1475A nömrəli şəhadətnamənin verilməsini əks etdirir. Bundan başqa, İddiaçı adına olan JN-198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" səhifəsində həmin torpaq sahəsinin qonşusu kimi X5 məxsus olan 235A nömrəli torpaq sahəsi və X4 məxsus olan 232A nömrəli torpaq sahəsi göstərilmişdir. Ona görə də məhkəmə tərəfindən cavabdehə sorğu edilərək JN-232A kod 90200002 nömrəli və JN-235A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərnin surətləri alınaraq tədqiq edildi. Müəyyən olundu ki, həmin şəhadətnamələrdə İddiaçı qonşu kimi göstərilməmişdir. Göründüyü kimi, iddiaçının adına olan JN-198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş məlumatlar həqiqətə uyğun deyil. Bu səbəbdən də həmin sənəddə göstərilən 0,04 ha torpaq sahəsinin yerinin, koordinatlarının müəyyən edilməsi də mümkün deyil. Beləliklə, sadalanan hallara görə məhkəmə bu qənaətə gəldi ki, cavabdeh 0,04 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "JN-198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən Mingəçevir şəhərində yerləşən 0,04 ha torpaq sahəsinin adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar