Məhkəmə qərarları › İş №2-1(116)-1342/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1342/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1342/2023 14.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Oğuz şəhəri, Cavanşir küçəsi 74 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,01790 hektar torpaq sahəsinə vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz şəhəri, Cavanşir küçəsi 74 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0,18 hektar torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq iddiaçının adına dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1342/2023 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, "Oğuz şəhəri, Cavanşir küçəsi 74 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,01790 hektar torpaq sahəsinə vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı 18 avqust 2006-cı il 4-Ə-533 nömrəli notariat qaydada təsdiq olunmuş alqısatqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən evi almışdır. Cavabdeh orqana müraciət edərək ünvan 1 ünvanda yerləşən evinə və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə mülkiyyət hüququmu vahid daşınmaz əmlak kimi qeydiyyata alaraq çıxarış verilməsini xahiş etmiş, 31 oktyabr 2022-ci il tarixli **********12 nömrəli məktubla ona imtina verilmişdir. Həmin imtinanın əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 15-ci maddəsi göstərilmişdir. Eyni zamanda onun evinin yerləşdiyi torpaq sahəsinin 0.18 ha kimi qeydiyyata alınmasından imtina edilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.18 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Belə ki, Oğuz Rayonu Notoriat Kontorunda fərdi yaşayış evinin alqı-satqı müqaviləsi bağlarkən torpaq sahəsi alqı-satqı predmeti olmamışdır. Bildirilmişdir ki, Ərazi İdarəsinin arxiv qovluğunda iddia olunan həmin evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsinə dair hər hansı bir sənəd aşkarlanmamışdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - A 389652 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Oğuz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarına əsasən əsasən Oğuz şəhərində yerləşən 599,55 kv.m torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir. - 1976-cı ilin aprel ayında tərtib olunmuş 798 inventar texniki pasportdan görünür ki, həmin sənəd Vartaşen rayonu Şaumyan küçəsi ev 20 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmişdir. Sənədə əsasən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2295,9 kv.metr, tikildiyi il 1974-cü il, sonuncu hüquq subyekti olaraq isə X6 qeyd edilmişdir. - xx.xx.2000-ci il tarixli 798 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 165,4 kv.m yaşayış sahəsindən ibarət yaşayış evi üzərində mülkiyyət hüququ X3 adına qeydə alınmışdır. - xx.xx.2006-cı il tarixli 231715 nömrəli müqavilədən görünür ki, X1 şəhəri Cavanşir küçəsi ev 74 ünvanında yerləşən 1974-cü il tarixdə tikilmiş, divarları mişar daşı, üstü dəmirli, ümumi sahəsi 323,5 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət yaşayış evini İddiaçı satmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki,

1. 798 inventar nömrəli “Texniki pasportda göstərilən və faktiki naturada ölçülmüş (0.1790 ha) torpaq sahəsi, Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Oğuz şəhəri İnzibati ərazi dairəsi sərhəddi daxilində, təyinatı yaşayış məntəqəsi torpaqları olmaqla Bələdiyyə mülkiyyətinə (3992B-3996B) aid, X5 X8 (TEKUİS) əsasən Oğuz şəhəri İnzibatı ərazi dairəsi sərhəddi daxilində, təyinatı yaşayış məntəqəsi torpaqları olmaqla xüsusi mülkiyyətə aid ərazidə yerləşir

2. 798 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin situasiya planına əsasən faktiki naturada ölçülmüş torpaq sahəsi ilə eyni ərazidir.

3. A389652 nömrəli plan-ölçü sənədində göstərilən koordinatlar düzgün verilmədiyi üçün 798 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə eyni ərazidə yerləşməsi və xüsusiyyətləri barədə məlumat verilməsi mümkün deyildir.

Əsaslandırma hissəsi:

Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2006-cı il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). ... Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Mülki Məcəllənin 245-ci maddəsində (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”. Göründüyü kimi tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı, ünvan 3 ünvanında yerləşən 1974-cü il tarixdə tikilmiş, ümumi sahəsi 323,5 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət yaşayış evini xx.xx.2006-cı il tarixli, 231715 nömrəli müqavilə əsasında X2 almışdır. Belə ki, iddia olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisinin Məhəmməd Məmmədəliyev olması işdə olan xx.xx.2000-ci il tarixli, 798 inventar nömrəli qeydiyyat vəsiqəsi ilə sübut olunur. Həmin torpaq sahəsi 1976-cı ilin aprel ayında tərtib olunmuş 798 inventar texniki pasporta əsasən Məhəmməd Məmmədəliyevin qanuni istifadəsində olduğundan fərdi yaşayış evinin satılması ilə bərabər faktiki olaraq yerləşdiyi torpaq sahəsi də iddiaçının mülkiyətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ... Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportların (1.11) hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olduğu qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı il tarixli müqavilə ötən müddət ərzində mübahisələndirilməmiş və hazırda da qüvvədədir. Lakin, həmin müqavilə bağlanan zaman və sənədləşmə işləri aparılarkən istinad olunan Fərman qəbul edilmədiyindən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı müddəa müqavilədə qeyd edilməmişdir. Faktiki olaraq Məhəmməd Məmmədəliyev müqavilədə qeyd edilmiş fərdi yaşayış evini torpaq sahəsi ilə birgə iddiaçıya satmış, onun qanuni istifadəsində olmuş torpaq sahəsi ilə bağlı hüquqlar faktiki olaraq iddiaçıya ötürülmüşdür. Həmin vaxtdan sözügedən torpaq sahəsi iddiaçının aşkar sahibliyində və istifadəsində olmuş, həmçinin tərəflər arasında sözügedən torpaq sahəsindən istifadə ilə bağlı hər hansı mübahisə və məhkəmə çəkişməsi olmamışdır. Bununla da torpaq sahəsindən iddiaçının öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz edilmədiyi müəyyən edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Şərh olunalara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz şəhəri, Cavanşir küçəsi 74 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,1790 ha torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar