Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1344/2025 27.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı Cəfəqulu oğlunun, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cəfəqulu oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Ağdaş Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 165 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş Ağdaş şəhərində yerləşən 500 kv.m ölçüdə torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 165 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş Ağdaş şəhərində yerləşən 500.0 kv.m ölçüdə torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıöhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-1(116)-3512/2024 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh 17 saylı Yevlax ərazi idarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia ərizəsinə əsasən Ağdaş Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 165 saylı qərarı ilə ünvan 1 ünvanda yaşayan iddiaçının ərizəsi və Ağdaş şəhəri XDS İK-nın xx.xx.1989-cu il tarixli 1 saylı qərarı ilə şəhəri Üzünük küçəsi 14 saylı ünvanda həyətyanı torpaq sahəsi ayrılmış X1 torpaqda heç bir tikinti işi apara bilmədiyi torpaqdan istifadə edə bilmədiyi, həmçinin özünün razılığı ilə nəzərə alınaraq həmin 25,0 m x 20,0 =500.0 kv metr ölçüdə torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı Cəfəqulu oğluna verilməsi qərarı alınmışdır. Həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi üçün cavabdehə müraciət etsədə iddiaçıya əsassız olaraq imtina verilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, Ağdaş şəhərində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının təqdim etdiyi qərar arxiv materiallarına əsasən araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Ağdaş rayon XDS İcraiyyə Komitəsinin 18 yanvar 1989-cu il tarixli, 1 saylı qərarı arxiv məlumatlarında aşkar edilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahat verərək iddia olunan torpaq sahəsinin ona ayrıldığını,daha sonra bələdiyyənin vasitəsi ilə həmin torpağı iddiaçıya verdiyini bildirdi.Üçüncü şəxs iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. 1.Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina məktubu. 2.Ağdaş Bələdiyyəsinin sədrinin xx.xx.2007-ci il tarixli qərarı; 3.19.12.2024-cü il tarixli 3-48-DA-15F/2-159/2024 nömrəli arxiv arayışı; 4.Yevlax Ərazi İdarəsinin 3-21-3-35/2-117/2025 nömrəli xx.xx.2025-ci il tarixli etiraz məktubu və ona əlavə olunmuş sənədlər; 5.Cavabdeh orqanın xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş Mütəxəssis rəyi; Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin,iddia mahiyyət etibarı ilə əsaslı deyil. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Ağdaş Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 165 saylı qərarı ilə iddiaçıya verilmiş Ağdaş şəhərində yerləşən 500 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. İddiaçı Ağdaş Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə həmin torpaq sahəsinin ona ayrıldığını iddia edir və hesab edir ki, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh isə qeydiyyat aparmaqdan imtinasını hüquqmüəyyənedici sənədlərin tam təqdim edilməməsi ilə əsaslandırır. Məhkəmə araşdırması iki istiqamətdə aparılmışdır : Birincisi iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin mövcudluğu və mötəbərliyi,ikincisi iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin müəyyən edilməsi. Araşdırma zamanı müəyyən edilmişdir ki,iddia olunan torpaq sahəsi ilkin olaraq Ağdaş şəhəri XDS İK-nın xx.xx.1989-cu il tarixli 1 saylı qərarı ilə X2 ayrılmışdır.Həmin şəxsin və iddiaçının müraciəti əsasında Ağdaş Bələdiyyəsinin sədrinin xx.xx.2007-ci il tarixli qərarı ilə torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi qərara alınmışdır. Məhkəmə Ağdaş Bələdiyyəsinin sədrinin xx.xx.2007-ci il tarixli qərarına münasibətdə qeyd edir ki,həmin inzibati akt etibarsız inzibati akt olmaqla hər hansı hüquqi nəticə yaratmır.Belə ki,sözügedən torpaq sahəsi X2 ayrıldığından və həmin şəxsin gözlənilən mülkiyyət hüququ ilə yüklü olduğundan Ağdaş Bələdiyyəsinin mülkiyyətində olmamışdır.Digər tərəfdən də bələdiyyə sədri həmin qərarı qəbul edərkən notariat orqanlarının səlahiyyətinə aid olan faktiki alqı-satqı və ya bağışlama müqaviləsini təsdiq etmişdir.Bələdiyyə sədri müvafiq səlahiyyəti olmadan və bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsini digər şəxsin mülkiyyətinə vermək barədə inzibati akt qəbul etmişdir ki, bu inzibati akt “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə əsasən etibarsız inzibati aktdır.Nəticə etibarı ilə iddia olunan torpaq sahəsinin iddiaçıya verilməsinə dair hər hansı ilkin sənəd mövcud deyildir. Torpaq sahəsinin xüsusiyyətləri ilə bağı təqdim edilən rəyə əsasən üst-üstdə düşmə halı mövcud olmadığından iddia mümkünlük şərtlərinə cavab verir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cəfəqulu oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Ağdaş Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 165 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş Ağdaş şəhərində yerləşən 500 kv.m ölçüdə torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1344/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1344/2025
27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver