Məhkəmə qərarları › İş №2-1(116)-1348/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1348/2023

29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1348/2023 29.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdehnə qarşı “Mingəçevir şəhər, Nizami ünvan 1 ünvanında hər biri 0,1494 hektar olan (çıxarış seriya RX №1226915 və çıxarış seriya RX №1226916) torpaq sahələrində ticarət obyektlərinin tikintisi üçün icazə verilməsi barədə qərar qəbul etmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər, Nizami ünvan 1 ünvanında hər biri 0,1494 hektar olan (çıxarış seriya RX №1226915 və çıxarış seriya RX №1226916) torpaq sahələrində ticarət obyektlərinin tikintisi üçün icazə verilməsi barədə qərar qəbul etmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə "xxxx" MMC-nin direktoru Ə.K.Əliyev tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh başçısı İlham İsmayılova məktub ünvanlanaraq ünvan 394 ha olmaqla (çıxarış seriya RX № ******* və çıxarış seriya RX № 1226916) torpaq sahəsində tərtib edilmiş layihə-smeta sənədləri əsasında müasir arxitektur görünüşlü ticarət obyektlərinin tikintisinə icazə verilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli, 659 №-li cavab məktubunda obyekt tikintisinə icazə verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin "Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" xx.xx.2018ci il tarixli 274 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəy alınması məqsədilə sifarişçi tərəfindən tikiləcək obyektin şəhərsalma əsaslandırılması layihəsi işlədildikdən sonra müraciətə baxıla biləcəyi göstərilmişdir. "xxxx" MMC-nin direktoru tərəfindən yenidən 22 oktyabr 2020-ci il tarixdə Cavabdeh başçısı İlham İsmayılova ünvanlanmış məktubla ondan Mingəçevir şəhəri, Nizami ünvan 4ri 0,1494 hektar torpaq sahəsində yerləşən arxitektur cəhətdən müasir üslubda ticarət obyektlərinin tikintisi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikiləcək obyektlərin şəhərsalma əsaslandırılması layihəsinin işlədilməsi və rəyin alınmasında "xxxx" MMC-yə köməklik göstərməyi xahiş olunmuşdur. Cavabdeh tərəfindən "xxxx" MMC-nin direktoruna göndərilmiş xx.xx.2020-ci il tarixli, 1775 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 451 nömrəli Qərarı ilə təsdiq edilmiş Mingəçevir şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafı inkişafına dair "Mingəçevir şəhərinin Baş Planı"nda qeyd olunan ərazi rekreasiya zonası kimi göstərilmişdir. Bu səbəbdən Mingəçevir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 39/3 nömrəli qərarı ilə Nizami Gəncəvi küçəsində "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsində hər hansı əsaslı tikinti işlərinin aparılması məqsədəuyğun hesab edilmir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etirazında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində göstərir ki, torpaq sahəsi Mingəçevir Bələdiyyəsinin 33/4-23-1 saylı 19 mart 2007-ci il tarixli qərarı ilə ticarət obyektinin tikintisi məqsədi ilə verilmişdir. Lakin iddiaçı ərazidə tikinti aparmaq üçün icazə verilməsi barədə yalnız 2020-cİ ildə Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət etmişdir. Yəni Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 8-ci abzasında göstərilən müddətə riayət etməmişdir. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 8-ci abzasında göstərilir ki, kənd təsərrüfatı təyinatı üçün ayrılmış torpaqlardan iki il dalbadal, qeyri kənd təsərrüfatı təyinatı üçün ayrılmış torpaqlardan bir il təyinatı üzrə istifadə edilməkdə bu hal həmin torpaq sahəsi üzərində hüquqların itirilməsi üçün əsasdır. İkincisi, qeyd etmək lazımdır ki, Cavabdeh tərəfindən iddiaçıya 659 nömrəli xx.xx.2020-ci il tarixli məktubla cavab verilmişdir ki, obyekt tikintisinə icazə verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin "Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2018ci il tarixli 274 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən tikinti layihənin şəhərsalma sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəy alınması məqsədi ilə sifarişçi tərəfindən tikiləcək obyektin şəhərsalma əsaslandırılması layihəsi işləndikdən sonra müraciətə baxıla bilər. İddiaçı tikiləcək obyektin layihəsini Şəhərsalma və Arxitektira Komitəsinə təqdim etmədən, heç bir rəy almadan təkrarən 2022-ci ildə Şəhər İcra Hakimiyyətinə müraciət edərək Ticarət Mərkəzinin tikintisinə icazə verilməsini xahiş etmişdir. İddiaçıya göndərilmiş 379 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş Mingəçevir şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair “Mingəçevir şəhərinin Baş planında qeyd olunan ərazi rekreasiya (yaşıllıq) zonası kimi göstərilmişdir və bu səbəbdən də həmin ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılması məqsədə uyğun hesab edilmir. Eyni məzmunlu cavab iddiaçının 2023-cü ildə etdiyi müraciətlə əlaqədar onun ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda da öz əksini tapmışdır. Qeyd olunanlara əsasən bildiririk ki, iddiaçının icarəsində olan torpaq sahəsində hər hansı Ticarət Mərkəzlərinin tikintisi Mingəçevir şəhərinin Baş planına ziddir və bu səbəbdən də həmin sahədə hər hansı tikinti aparılması məqsədəuyğun deyildir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. - 03.05.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Mingəçevir şəhəri, N.ünvan 5 ünvanında yerləşən 0.1494 ha torpaq sahəsi 50 il müddətinə İddiaçı MMC-nin mülkiyyətinə verilmişdir. - 03.05.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Mingəçevir şəhəri, N.Gəncəvi küçəsi, 21D ünvanında yerləşən 0.1494 ha torpaq sahəsi 50 il müddətinə İddiaçı MMC-nin mülkiyyətinə verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Azərbaycan Respublikası Şəhərsalma və tikinti məcəlləsinin: 47.1. Bu Məcəllənin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri, habelə reklam qurğuları istisna olmaqla sifarişçi tikinti obyekti üzrə layihəçini və podratçını müəyyənləşdirir. 47.2. Bu Məcəllənin 47.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müvafiq kadr potensialının olduğu və maddi-texniki bazasının imkan verdiyi hallarda sifarişçi layihəçinin və (və ya) podratçının funksiyalarını tam və ya qismən öz üzərinə götürə bilər. 47.3. Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikintilər üzrə sifarişçinin funksiyaları müvafiq icra hakimiyyəti orqanının tapşırığı ilə dövlət orqanlarına və ya müəssisələrinə həvalə edilir. 47.4. Sifarişçi: 47.4.1. müvafiq tikinti sahəsinin, habelə tikintinin mənfi təsir göstərə biləcəyi qonşu sahələrin, tikililərin şəhərsalma və tikintiyə dair normativ sənədlərlə nəzərdə tutulmuş qaydada tədqiqini təmin edir; 47.4.2. tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir; 47.4.3. bu Məcəllənin 47.3-cü maddəsində nəzərdə tutulmuş tikintilərin texniki-iqtisadi əsaslandırma (və smeta) sənədlərinin hazırlanmasını və müvafiq icra hakimiyyəti orqanı ilə və (və ya) əlaqədar qurumlarla razılaşdırılmasını təmin edir; 47.4.4. bu Məcəllənin 47.3-cü maddəsində nəzərdə tutulmuş tikintilərin isə həm də texniki-iqtisadi əsaslandırma və smeta sənədlərinin ekspertizadan keçirilməsini təmin edir; 47.4.5. müvafiq icra hakimiyyəti orqanından və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır; 47.4.6. tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın 3.1-ci məndində qeyd edilmişdir ki, sifarişçi obyektin tikintisinə icazəni almaq məqsədilə Məcəllənin 75-ci maddəsinə uyğun olaraq “bir pəncərə” prinsipi əsasında icazə verən orqana elektron və ya yazılı qaydada müraciət edir. Müraciətdə həyata keçirilməsi nəzərdə tutulan tikinti fəaliyyətinin (tikinti obyektinin inşası, yenidən qurulması, bərpası, əsaslı təmiri və ya sökülməsi) növü və ya növləri dəqiq göstərilməlidir. Müraciət tikintiyə icazə verən orqana daxil edildiyi gün tikintiyə icazə verilməsi icraatı başlanılmış hesab olunur. 3.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: 3.2.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 3.2.2. tikinti layihəsi kağız (yazılı qaydada müraciət etdikdə) və elektron formada (hər biri 1 nüsxədə); 3.2.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədin surəti; 3.2.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 3.3. Tikintiyə icazə verən orqan 2 (iki) iş günü müddətində təqdim olunmuş sənədlərin tamlığını yoxlayır və sənədlər tam təqdim olunmadıqda, onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, həmçinin sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələrini ərizəçiyə izah edir. Bütün natamamlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir. Sifarişçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 (on) gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə sifarişçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 3.4. Tikintiyə icazə icraatı çərçivəsində sənədlərin tamlığı təmin edilərək təqdim olunduğu gündən etibarən, tikintiyə icazə verən orqan Məcəllənin 75.5.1-ci maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini təmin edir. Bu zaman Komitə Məcəllənin 75.7-ci maddəsinə uyğun olaraq 5 (beş) iş günü müddətində rəy bildirməlidir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, Komitə icazə verən orqanın sorğusu əsasında rəy bildirir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğuna dair rəydə layihənin şəhərsalma sənədlərinə uyğun olub-olmaması göstərilməlidir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, Komitə bu müddət ərzində rəy bildirmədikdə, yerli icra hakimiyyəti iradların olmaması prezumpsiyasından çıxış edir və tikinti layihəsi şəhərsalma sənədlərinə uyğunluğu baxımından razılaşdırılmış hesab olunur. 3.5. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə rəy bildirildiyi gün icazə verən orqan aşağıdakıları həyata keçirir: 3.5.1. Məcəllənin 75.5.2-ci və 75.7-ci maddələrinə uyğun olaraq rəy bildirməsi məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Səhiyyə Nazirliyinə (sanitariya-gigiyena tələblərinə uyğunluq baxımından) və Fövqəladə Hallar Nazirliyinə (yanğın təhlükəsizliyi tələblərinə uyğunluq baxımından) sorğu göndərir; 3.5.2. tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin təchizat müəssisələrindən əldə edilməsi üçün “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərinə, yaxud kiçik və orta biznes evlərinə (bundan sonra – KOB evləri) müraciət edir. 3.6. Bu Qaydanın 3.5.1-ci yarımbəndində göstərilən sorğuya 5 (beş) gün müddətində rəy bildirilməlidir. Bu müddət ərzində rəy bildirilmədikdə, tikintiyə icazə verən orqan iradların olmaması prezumpsiyasından çıxış edir və tikinti layihəsi rəyini bildirməyən qurumla razılaşdırılmış hesab olunur. 3.7. “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzləri, yaxud KOB evləri bu Qaydanın 3.5.2-ci yarımbəndinə uyğun olaraq, onlara müraciətin daxil olduğu gündən təchizat müəssisələrindən 10 (on) gün müddətində mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtləri əldə edərək tikintiyə icazə verən orqana təqdim olunmasını təmin etməlidir. Tikintiyə icazə verən orqan “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzləri, yaxud KOB evləri ilə əhatə olunmayan ərazilərdə bu mərkəzlərin xidmətləri təşkil edilənədək, Məcəllənin 84.1-ci maddəsində qeyd olunan texniki şərtlərin birbaşa təchizat müəssisələrindən 10 (on) gün müddətində alınmasını təmin edir. 3.8. Bu Qaydanın 3.4-cü və 3.6-cı bəndlərinə uyğun olaraq əldə edilmiş rəylər (o cümlədən iradların olmaması prezumpsiyası və tikintinin razılaşdırılmış hesab edilməsi) və 3.7-ci bəndinə uyğun olaraq əldə edilmiş texniki şərtlər əsasında icazə verən orqan, sənədlərin tamlığını yoxlama müddəti daxil olmaqla, 15 (on beş) iş günü müddətində tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 3.9. Tikintiyə icazə verildiyi halda icazə verən orqan 1 (bir) iş günündən gec olmayaraq kağız və ya elektron formada icazənin surətini, habelə tikinti layihəsinin bir nüsxəsini sifarişçiyə təqdim edir və belə icazə tikintiyə başlanılması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısı və tətbiqi halları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əlavə şərtlər nəzərdə tutulduqda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra icazə verən orqan sifarişçiyə 2 (iki) iş günündən gec olmayaraq xüsusi nişan təqdim edir. Bu halda xüsusi nişan tikinti işlərinə başlanılmasına əsas hesab edilir. Tikintiyə icazə verən orqanın tikinti layihəsinin ərizəçiyə verdiyi nüsxəsini həmin orqanın vəzifəli şəxsi imzalayır və möhürlə təsdiqləyir. 3.10. Komitə tikintiyə icazədə nəzərdə tutulmuş məlumatları 3 (üç) iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində yerləşdirir. Tikintiyə icazəni yerli icra hakimiyyəti verdikdə, tikintiyə icazədə nəzərdə tutulmuş məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) iş günü müddətində Komitəyə təqdim edilir. 3.11. Yeni tikinti obyektinin inşası üçün onun tikinti sahəsində mövcud digər tikinti obyektinin sökülməsi nəzərdə tutulduğu hallarda, sökülmə yalnız tikinti obyektinin inşası ilə bağlı tikintiyə icazə alındıqdan sonra həyata keçirilə bilər. Belə icazə alınanadək mövcud tikinti obyektinin sökülməsinə yalnız sökülmə ilə bağlı ayrıca tikintiyə icazə alındıqda yol verilir. 3.12. Tikintiyə icazədə birdən artıq ayrıca tikinti obyektinin inşası (o cümlədən mövcud tikinti obyektinin sökülərək yeni binanın inşası) nəzərdə tutularsa, tikintiyə icazədə tikinti layihəsində göstərilən hər bir tikinti obyekti və həmin obyektlər üzrə tikinti fəaliyyətinin həyata keçirilməli olduğu müddət və mərhələlər ayrıca qeyd olunmalıdır. İddiaçı yuxarıda qeyd olunan Qaydaların tələbinə əsasən ilkin olaraq kağız və ya elektron formada tikinti layihəsini, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyini,habelə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini müvafiq qaydada təqdim etməli olduğu halda qeyd olunan sənədlərin ilkin inzibati icraat zamanı cavabdehə təqdim etməsi iş materialları və məhkəmə araşdırması zamanı müəyyən olunmamamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia təmin oluna bilməz. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı MMC-nin Cavabdehnə qarşı “Mingəçevir şəhər, Nizami ünvan 1 ünvanında hər biri 0,1494 hektar olan (çıxarış seriya RX №1226915 və çıxarış seriya RX №1226916) torpaq sahələrində ticarət obyektlərinin tikintisi üçün icazə verilməsi barədə qərar qəbul etmə öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar