Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-135/2022 02.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Qalacıq kənd sakini X1 mülkiyyətində olan, İsmayıllı rayon Qalacıq kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair cavabdeh tərəfindən verilmiş “Torpağın planı və ölçüsü” sənədində qeyd edilən həyətyanı torpaq sahəsinin JN-174F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə iddiaçı və ailə üzvlərinin birgə mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və X1 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayonu Qalacıq kənd sakini X1 mülkiyyətində olan, İsmayıllı rayon Qalacıq kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair cavabdeh tərəfindən verilmiş “Torpağın planı və ölçüsü” sənədində qeyd edilən həyətyanı torpaq sahəsinin JN-174F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə iddiaçı və ailə üzvlərinin birgə mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və X1 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, respublikada aparılan torpaq islahatları zamanı iddiaçı və ailə üzvülərinin qanuni istifadəsində olan torpaq sahəsi ölçülərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçı və ailə üzvülərinin adına JN-174F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə yazılmışdır. Həmin şəhadətnamədə mülkiyyətlərinə verilən torpaq sahəsinin planı və ölçülərinə dair cizgi dəqiq qeyd edilmişdir. Lakin cavabdeh təşkilatın əməkdaşı tərəfindən yerində ölçü işləri aparılarkən iddiaçının əmisi X2 özünə məxsus həyətyanı torpaq sahəsinin planı və ölçülərinin qeyd etdirilərkən iddiaçıya və ailəsinə məxsus həyətyanı torpaq sahəsinin bir hissəsini də öz həyətyanı torpağı kimi qeyd etdirmişdir. Belə ki, iddiaçının və ailəsinin birgə mülkiyyətində olan İsmayıllı rayon Qalacıq kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə X1 mülkiyyətində olan həyətyanı torpaq sahəsi arasında sərhəd çəpəri olmamışdır. F.Abdullayev torpağa dair mülkiyyət hüququnu rəsmiləşdirərkən iddiaçı və ailəmsinin mülkiyyətində olan həyətyanı torpaq sahəsinin bir hissəsini də öz həyətyanı torpaq sahəsinin sərhədlərinə daxil etdirməyə müvəffəq olmuşdur. Yəni, Azərbaycan Respublikası ƏMDK DƏDRX 9 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən yerində ölçü işləri aparılarkən aralarında sərhəd xətti olmadığından F.Abdullayev iddiaçı və ailəsinin həyətyanı torpaq sahəsinin bir hissəsini özünün həyətyanı torpağı kimi göstərmişdir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********08 nömrəli imtina məktubunda müraciətin icrasının ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığını qeyd etmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir. Belə ki, Məhkəmənin sorğusuna əsasən xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, X1 adına qeydiyyata alınmış xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir. Bu səbəblə həmin çıxarışın ləğv edilməsi və onun əsasında verilmiş “Torpaq sahəsinin plan-ölçü” sənədində düzəliş edilməsi üçün ilk növbədə çıxarışın verilməsinə əsas olmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” mülki mühakimə icraatı qaydasında mübahisələndirilməlidir. Hüquqi yardım məktubunda qeyd olunanlarla bağlı münasibət bildirməsi üçün iddiaçıya vaxt verilmişdir. Məktub xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən alınmasına baxmayaraq orada qeyd olunanlara münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, mülki mühakimə icraatı qaydasında yaranan hüquq münasibətinə əsaslanır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədirlər, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məhkəmənin ilkin araşdırması nəticəsində iddia ərizəsinə əlavə edilmiş və DƏDRX 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, X1 adına qeydiyyata alınmış xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir. İşin göstərilən halların təhlili nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, daşınmaz əmlak üzərində müvafiq qeydiyyat mülki-hüquqi akt əsasında aparılmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndind göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının tövsiyəsinə uyğun olaraq məhkəmə iddiaçıya izah edir ki, çıxarışın ləğv edilməsi və onun əsasında verilmiş “Torpaq sahəsinin plan-ölçü” sənədində düzəliş edilməsi üçün ilk növbədə çıxarışın verilməsinə əsas olmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin mülki mühakimə icraatı qaydasında mübahisələndirilməsi üçün aidiyyəti üzrə müvafiq şəhər (rayon) məhkəmələrinə müraciət edə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Qalacıq kənd sakini X1 mülkiyyətində olan, İsmayıllı rayon Qalacıq kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair cavabdeh tərəfindən verilmiş “Torpağın planı və ölçüsü” sənədində qeyd edilən həyətyanı torpaq sahəsinin, JN-174F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə iddiaçı və ailə üzvlərinin birgə mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və X1 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-135/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-135/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver