Məhkəmə qərarları › İş №2-1(116)-135/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-135/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-135/2023 25.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “AA222359 nömrəli plan-ölçü sənədinin koordinatları faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla 2200 kv.m torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun X4 X5, X7, X8 və İddiaçı ilə birlikdə məxsus olması barədə arayışın (elektron çıxarışın) və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “1987-ci ildə verilmiş texniki pasportda göstərilmiş 0.22 ha torpaq sahəsinin rəsmiləşdirilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-135/2023 nömrəli qərardadı ilə Qax rayon Zəyəm bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “AA222359 nömrəli plan-ölçü sənədinin koordinatları faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla 2200 kv.m torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun X4 X5, X7, X8 və İddiaçı ilə birlikdə məxsus olması barədə arayışın (elektron çıxarışın) və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə xx.xx.2003-cü il tarixdə vəfat etmiş iddiaçının atası X3 xx.xx.2009-cu il adına AN 222359 nömrəli X11 kitabında uçota alınmış torpaq sahəsi planı 0,9 ha göstərilmişdir. Mərhum atasından qalmış mirası anası qəbul etdiyi zaman məlum olmuşdur ki, 1987-ci il tarixdə verilmiş texniki pasportda 0,22 ha olduğu halda çıxarışda 0,9 ha kimi göstərilmişdir. Qax rayonu Lələli kəndi “Lələli kolxozunun Torpaq kadastr kitabı”-nın 52 nömrəli xx.xx.2022-ci il Arxiv çıxarışından görünür ki, mərhum atası X3 adına 0,22 ha torpaq sahəsi qeydə alınmışdır. Həmin torpaq sahəsi çıxarışla verilmiş 0,9 ha həyətyanı torpaq sahəsinə bitişikdir. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan məhkəmə tərəfindən sorğu edilən sənədlərin surətlərini təqdim etsə də, iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Qax rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 160 nömrəli məktubdan görünür ki, xx.xx.1989-cu il tarixli AZ-İ 430409 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı X3 qanun üzrə vərəsələrindən biridir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 52 nömrəli məktubundan görünür ki, Qax rayon Lələli kəndi “Lələli kolxozunun” Torpaq kadastrı kitabı”dan arxiv çıxarışında mərhum X3 adının qarşısında 0,22 ha torpaq sahəsi qeyd edilmişdir. - A222359 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 saylı qərarına istinad olunmaqla Qax rayonu Lələli kəndində yerləşən 934.83 kv.m torpaq sahəsi ilə bağlı X3 adına tərtib edilmişdir. - 35 inventar nömrəli, noyabr 1987-ci ildə tərtib edilmiş texniki pasportdan görünür ki, X3 adına verilmiş Qax rayonu Lələli kəndində yerləşən torpaq sahəsi sənəd üzrə 2200 kv.m, faktiki istifadə istifasdə etdiyi torpaq sahəsi isə 2772,5 kv.m qeyd edilmişdir. - Qax rayonu Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, Qax rayonu Lələli kəndi üzrə 1996-2000-ci il tarixlərə aid təsərrüfatbaşına kitabdan 501 №-li şəxsi hesabdan çıxarışda təsərrüfat üzvləri olaraq X9, X5, X7, X8 və İddiaçı, təsərrüfatın sahibliyində olan torpq sahəsi 0,22 ha qeyd edilmişdir. - AZ-İ 029884 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2003cü il tarixdə vəfat etmişdir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 67/H məktubuna əlavə olunmuş Qax rayon Lələli kolxozunun “torpaq kadastr” kitabından arxiv çıxarışından görünür ki, X3 adının qarşısında 0,22 ha torpaq sahəsi qeyd edilmişdir. - cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********01 nömrəli məktubuna əlavə olunmuş mütrəxəssis rəyindən görünür ki, 35 inventar nömrəli 1987-ci il tarixdə tərtib edilmiş texniki pasportda qeyd edilmiş 2200 kv.m torpaq sahəsinin koordinatları olmadığı üçün həmin torpaq sahəsinin coğrafi yerləşməsini tələb olunan dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 2200 kv.metr olub, yaşayış məntəqəsi torpaqları daxilində, bələdiyyə mülkiyyətinə aid olub, fərdi yaşayış evlərinin tikintisi məqsədilə ayrılmışdır. İddiaçının faktiki istifadəsində olan 2200 kv.m torpaq sahəsi ilə A222359 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 934,83 kv.m torpaq sahəsinin 746 kv.m hissəsi üst-üstə düşür. Yerdə qalan 188 kv.m hissəsi isə digər subyektlərin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, X3 adına tərtib edilmiş 35 inventar nömrəli, noyabr 1987-ci ildə tərtib edilmiş texniki pasportda Qax rayonu Lələli kəndində yerləşən torpaq sahəsinin sənəd üzrə 2200 kv.m olması qeyd edilmişdir. Sözügedən torpaq sahəsinin 2200 kv.m olması işdə olan Qax rayonu Lələli kəndi üzrə 1996-2000-ci il tarixlərə aid təsərrüfatbaşına kitabdan 501 №-li şəxsi hesabdan çıxarış və Qax rayon Lələli kolxozunun “torpaq kadastr” kitabından arxiv çıxarışı məlumatları ilə sübuta yetirilir. Buna baxmayaraq, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsinin 934.83 kv.m torpaq sahəsi ilə bağlı X3 adına A222359 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Həmin plan ölçü sənədinin 746 kv.m hissəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə, 188 kv.m hissəsinin isə digər subyektlərin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə məhkəmə qeyd edir ki, belə üst-üstə düşmənin mövcudluğu plan-ölçü sənədinin koordinatlarında olan qeyri-dəqiqliklə bağlıdır ki, bunun da Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanın tələbləri baxımından müəyyənləşdirilərək aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. Belə ki, mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsinin qapalı həyət daxilində döngə nöqtələri götürülmüşdür və həmin plan-ölçü sənədi də məhz müəyyən edilmiş döngə nöqtələri daxilində yerləşən torpaq sahəsinə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları:

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur... 6.6. Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) və qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış (2.5) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər olaraq qeyd edilmişdir. İddia olunan torpaq sahəsinə dair təsərrüfatbaşına kitabdan çıxarış və kolxozun kadastr kitabından çıxarış məlumatlarında 0.22 ha qeydi mövcud olduğundan, eyni zamanda həmin torpaq sahəsi üzrə X5, X7, X8 və İddiaçı təsərrüfat üzvləri sayıldığından, məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsi mərhum Əmir Nəcəfovun digər ailə üzvləri ilə birgə ümumibirgə mülkiyyətində olmuşdur (cavabdeh orqan tərəfindən təqdim edilmiş torpaq payı almaq hüququ olan subyektlər siyahısında da həmin şəxslərin adları qeyd edilmişdir). Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan həmin hüquqmüəyyənedici sənədlər əsasında iddiaçının müraciətini təmin etməli olduğu halda əsassız olaraq imtina cavabı vermişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə AA222359 nömrəli plan-ölçü sənədinin koordinatları faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla, 2200 kv.m torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun mərhum X4, X5, X7, X8 və İddiaçı ilə birlikdə məxsus olması barədə arayışın (elektron çıxarışın) və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar