Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1351/2022 18.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı "xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1956-cı ildə anadan olmuş və hazırda Mingəçevir şəhərində yaşayır. O, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (2 il 12 gün) keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən, o, aşağıdakı iş yerlərində və müddətlərdə işləmişdir: - xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (5 ay 17 gün) X2 İdarəsində sel əleyhinə dambaların tikintisi üzrə mövsümi işçi, - xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (17 gün) Mingəçevir çınqıl-beton zavodunda 4-cü dərəcəli çilingər, - xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək (4 ay 11 gün) RSFSR Saratov vilayəti Balaşixovo rayonu Taras Şevçenko adına kolxozda təmir emalatxanasında çilingər, - xx.xx.1979-cu ildən xx.xx.1999-cu ilədək (19 il 7 ay 24 gün) Mingəçevir çınqıl-beton zavodunda çilingər, usta, qrup rəisi, - xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək (3 il 10 ay 26 gün) Mingəçevir şəhəri "Cahangir" firmasında sahə rəisi. İddiaçı xx.xx.2021-ci ildə pensiya yaşına (65 yaş) çatmış, yaşa görə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialına müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, xx.xx.2011-ci ildə qüvvədə olmuş pensiya qanunlarının tələblərinə uyğun olaraq, ona həmin tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci ildə onun əlilliyinin müddəti bitdiyi üçün pensiyanın ödənişi dayandırılmışdır. Bundan başqa, iddiaçının xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək olan hərbi xidmət dövrü, eyni zamanda, əmək kitabçasında olan digər dövrlər nəzərə alınmaqla onun sığorta stajı 20 il 11 ay 14 gün təşkil edir və bu müddət qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 11 ay 14 gün sığorta stajına uyğun olaraq 15934,88 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Bundan əlavə, iddiaçının əmək kitabçasında qeyd olunan 1992-1997-ci il illərə aid əmək haqqlarının hesablanması cədvəlləri saxlanılmadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı "ümumi iş stajının yenidən hesablanması və yaşa görə sosial pensiyanın əmək pensiyası ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtina məktubu əsassızdır. Onun adına verilmiş ******* nömrəli əmək kitabçasında faktiki əmək stajı 26 il olduğu halda, cavabdeh onun yalnız 20 il 11 ay 14 gün əmək stajının olduğunu bildirmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6307/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra İddiaçı iddianı dəyişdirmiş və məhkəməyə yeni iddia ərizəsi verərək iddia tələbini "xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********7 nömrəli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək X2 İdarəsində sel əleyhinə dambaların tikintisi üzrə mövsümi işçi, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Mingəçevir çınqıl-beton zavodunda 4-cü dərəcəli çilingər, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək RSFSR Saratov vilayəti Balaşixovo rayonu Taras Şevçenko adına kolxozda təmir emalatxanasında çilingər, xx.xx.1979-cu ildən xx.xx.1999-cu ilədək Mingəçevir çınqıl-beton zavodunda çilingər, usta, qrup rəisi, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək Mingəçevir şəhəri "Cahangir" firmasında sahə rəisi işləmişdir. - İşdə olan, "xxxx" ATSC-nin xx.xx.2022-ci il tarixli 19 nömrəli arayışından görünür ki, Mingəçevir-Qum-Çınqıl zavodunun şəxsi heyətlə bağlı sənədlərinin saxlanma şəraiti düzgün təşkil olunmadığından bütün sənədlər yararsız hala düşdüyü üçün Mingəçevir Şəhər Arxiv İdarəsinə verilməsi mümkün olmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla, xx.xx.2021-ci ildə pensiya yaşına (65 il) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini iddia etmədiyinə görə məhkəmə ilk növbədə onun sosial sığorta stajının müddətini hesablamağı zəruri bildi. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3cü maddəsinə görə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Ona görə də İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olduğu 2 il 12 gün müddət onun sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh iddiaçının əmək kitabçasında göstərilmiş müddətlərin 1992-1997ci illərə aid hissəsinin onun sığorta stajına daxil edilməməsini həmin dövrə aid əmək haqqı cədvəllərinin saxlanılmaması ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən "xxxx" X6 Cəmiyyətinə sorğu edilərək, İddiaçı barəsində Mingəçevir Qum-Çınqıl Zavodunun xx.xx.1989-cu il tarixli 26/k nömrəli, xx.xx.1992ci il tarixli 213/k nömrəli, xx.xx.1993-cü il tarixli 81/k nömrəli, xx.xx.1997-ci il tarixli 18/KA nömrəli əmrlərinin surətləri, eləcə də Mingəçevir Qum-Çınqıl Zavodunun 1992-1997-ci illərə aid əmək haqqlarının hesablanması cədvəllərinin İddiaçı aid hissələrindən çıxarışlar tələb edilmişdir. "xxxx" X6 Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 019 nömrəli cavab məktubunda göstərilmişdir ki, Mingəçevir Qum-Çınqıl zavodunun şəxsi heyətlə bağlı sənədlərinin saxlanma şəraiti düzgün təşkil olunmadığına görə bütün sənədlər yararsız hala düşdüyü üçün Mingəçevir Şəhər Arxiv İdarəsinə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 332a-Asan nömrəli arxiv arayışında da deyilir ki, Mingəçevir Qum-Çınqıl zavodunun arxiv sənədləri filiala təhvil verilməmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında göstərilmiş Mingəçevir Qum- Çınqıl zavodunun arxiv sənədlərini ümumiyyətlə əldə etmək mümkün olmamışdır. Lakin bununla yanaşı, İddiaçı iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmaması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən də məhkəmə əmək kitabçasında olan məlumatları mötəbər hesab edir. Belə olan halda, iddiaçının Mingəçevir Qum-Çınqıl zavodunda işlədiyi müddətin 1992-1997-ci illərə aid hissəsinin onun sığorta stajına daxil edilməli olmaması barədə cavabdehin dəlilləri əsassızdır. Eyni hüquqi mövqe analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-532/2020 nömrəli xx.xx.2020-ci il tarixli, 2-1(102)-792/2020 nömrəli xx.xx.2020-ci il tarixli, 2-1(102)-810/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarlarında da ifadə edilmişdir. Beləliklə, İddiaçı əmək kitabçasında göstərilmiş xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (5 ay 17 gün) X2 İdarəsində, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (17 gün) Mingəçevir çınqıl-beton zavodunda, xx.xx.1979-cu ildən xx.xx.1999cu ilədək (19 il 7 ay 24 gün) Mingəçevir çınqıl-beton zavodunda, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək (3 il 10 ay 26 gün) Mingəçevir şəhəri "Cahangir" firmasında işlədiyi müddətlərin, həmçinin həqiqi hərbi xidmətdə olduğu 2 il 12 gün müddətin onun sosial sığorta stajına daxil edilməsinə mane olan hal yoxdur. Bu müddətlərin cəmi 26 il 1 ay 6 gün təşkil edir. Bundan başqa, iddiaçının əmək kitabçasında onun xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək (4 ay 11 gün) RSFSR Saratov vilayəti Balaşixovo rayonu Taras Şevçenko adına kolxozda təmir emalatxanasında çilingər işlədiyi də göstərilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə görə, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRl-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bununla yanaşı, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələbinə uyğun olaraq, kolxoz üzvünün iş stajının hesablanması üçün həmin təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumu, kolxoz üzvünün həmin minimumu yerinə yetirib-yetirməməsi və yerinə yetirməyibsə, onun işlədiyi faktik müddət barədə məlumatlar mövcud olmalıdır. İddiaçı əmək kitabçasında və işdəki digər sənədlərdə isə bu məlumatlar mövcud deyil. Ona görə də iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək kolxozda faktiki olaraq işlədiyini müəyyən etmək mümkün deyil. Lakin həmin 4 ay 11 gün müddət iddiaçının sığorta stajına daxil edilmədən də, iddiaçının yuxarıda göstərilən 26 il 1 ay 6 gün sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etdiyinə görə qeyd olunan hal iddianın həllinə təsir göstərmir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməli və İddiaçı xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1351/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1351/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver