Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1351/2023 19.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya verilən prezident təqaüdündən tutulan 3890 manat pul məbləği qaytarılması və bundan sonra təqaüdündən tutulmaların aparılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X3 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “prezident təqaüdündən tutulan bütün vəsaitin ona qaytarılmasına və bundan sonra təqaüdündən heç bir məbləğin tutulmamasına, ona iki il ərzində (237+2377=474 manat) ödənilməmiş “radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət”in və ödədiyi dövlət rüsumunun ona ödənilməsinə, elecə də əlilliyinin səbəbinin sistemdə 18 saylı TSEK-in arayışında (SER TSE-01 nömrə 332169, xx.xx.2014cü il tarixli) göstərildiyi kimi (“Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar”) yazılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirərək, “prezident təqaüdündən tutulan bütün vəsaitin ona qaytarılması və bundan sonra təqaüdündən heç bir məbləğin tutulmamasına, 2 il ərzində (237+237=474 manat) ödənilməmiş “radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müavinət üçün müavinət”in və ödədiyi dövlət rüsumunun ona ödənilməsinə, eləcə də əlilliyinin səbəbinin sistemdə 18 saylı TSEK-in arayışında (SER TSE-01 №332169, xx.xx.2014-cü il tarixli) göstərildiyi kimi (“Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar”) yazılmasına dair öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1351/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, ona prezident təqaüdündən tutulan bütün vəsaitin qaytarılması və bundan sonra təqaüdündən tutulmaların aparılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı yenidən idida tələbini dəqiqləşdirərək, “ona verilən prezident təqaüdündən tutulan 3890 manat pul məbləğinin qaytarılması və bundan sonra təqaüdündən tutulmaların aparılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuş, həqiqi hərbi xidməti zamanı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmişdir. 2008-ci ilin sentyabr ayından hərbi xidmət əlillərinə prezident təqaüdü təsis olunmuş və həmin tarixdən təqaüdü almağa başlamışdır. Lakin 2014-cü ilin mart ayından nazirliyin göstərişi ilə həmin təqaüd kəsilmişdir. O, yenidən hərbi həkim komissiyasından və TSEKdən müayinədən keçmiş və 2014-cü ilin mart ayından prezident təqaüdü bərpa olunmuşdur. Lakin, 2008-ci ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək hər ay 30 manat, 2022-ci ilin fevral ayından etibarən isə hər ay 70 manat tutulmaqdadır. Səbəbi də budur ki, o, 2008-ci ildə komissiyadan keçməli idi. Hərbi həkim komissiyasının qərarında da 1991-ci ildə verilmiş ekspert rəyi əsas götürülüb. Yəni, o, 2014-cü ildən deyil, 1992-ci ildən hərbi xidmət əlilidir. İstər hərbi həkim komissiyasının qərarında (№ 653 xx.xx.2013-cü il tatixli), istərsə də 18 saylı TSEK-in arayışında (SER TSE-01 № 332169 , xx.xx.2014-cü il tarixli) səbəb “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” göstərilib. Lakin, sistemə vurularkən yalnışlığa yol verilib, “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik” yazılıb. Eləcə də “e-sosial.az” saytındakı şəxsi kabinetində də, əlilliyin səbəbi “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik” yazılıb. Lakin “Müavinət və təqaüdlər” bölməsində “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar ( Çernobıl AES-də hərbi xidmətlə əlaqədar)” yazılıb. Sistemdə olan bu uyğunsuzluq nəticəsində ona “radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət” də 2021-ci və 2022-ci illərdə ödənilməyib. Lakin, 2020-ci ildə və əvvəlki illərdə bu müavinəti almışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər agentliyinə müraciət etmişdir. Aidiyyəti üzrə Sosial ödənişlər departamenti tərəfindən ünvanlanmış 17 mart 2023-cü il tarixli 3-17-1/2-M-58512/2023 nömrəli cavab məktubunda İddiaçı əlillik məlumatlarının dəqiqləşdirilməsi məqsədilə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müvafiq sorğu göndərilməsi barəsində məlumat göstərilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında" 14 sentyabr 2015- ci il tarixli 595 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi- Sosial Ekspertiza və X4 (TSERAS) yaradılmışdır. Əlilliyə görə sosial müavinət və ya əmək pensiyası əlillik müddətinə görə təyin edilərək ödənilir. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlilliyi və ya sağlamlıq imkanlarının məhdudluğu barədə Tibbi-Sosial Ekspert Komissiyasının müayinələrinə dair məlumatlar elektron formada “Elektron hökümət” portalı vasitəsilə TSERAS-dan mərkəzləşdirilmiş qaydada əldə olunur. Azərbaycan Respublikası Nazirlər Kab netinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnaməyə uyğun olaraq əlillik vəziyyətinin qiymətləndirilməsi vətəndaşların iştirakı olmadan dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən aparılır. “Sosial müavinətlər haqqında” və “Əmək pensiyaları haqqında” Qanunlarında əlillik müəyyən edilməyən şəxslərə əlilliyə görə sosial müavinət və ya əmək pensiyası təyin olunması nəzərdə tutulmamışdır. Nazirliyin "Əlillik’’ altsisteminin məlumat bazasında iddiaçıya 3 yanvar 1992-ci il - 3 yanvar 1993-cü il aralığında və 18 yanvar 1994-cü il tarixindən müddətsiz olaraq Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlillik, həmçinin 3 mart 2014-cü il tarixindən isə müddətsiz olaraq hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlillik qeyd edildiyi məlum olmuşdur. İddiaçı xx.xx.2014-cü il tarixdən “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əmək pensiyası təyin edilmiş və hal-hazırda da ödənilir. İddiaçıya xx.xx.2008-ci il tarixdən İİ qrup müharibə əlillərinə görə Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar təqaüd ödənilir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Əlillik alt Sistemində xx.xx.1992-xx.xx.1993-cü il və xx.xx.1994cü il tarixdən muddətsiz Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2014-cü il tarixdən müddətsiz olaraq Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlillik Çernobıl AES-də hərbi xidmət vəzifələrin yerinə yetirməklə əlaqədar təqaüd üçün əsas olmadığından artıq ödəmə yaranmışdır. İddiaçının təqaüdündən xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 30.00 manat (2019 cu ilin iyuİ və sentyabr ayı istisna olmaqla) olmaqla 2700.00 manat və xx.xx.2022-ci il tarixdən hal-hazıradək hər ay 70.00 manat olmaqla 1190.00 manat, cəmi 3890.00 manat vəsait tutularaq bərpa edilmişdir. xx.xx.2023-cü il tarixinə qalıq borc məbləği 220.00 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Tibbi-Sosial Eksert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdə müayinə edilərək həmin tarixdən də “toksiki ensefalopatiya toksiki polineyropatiya Aşağı süst paraparezlə” diaqnozu, Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. - Qəbələ 18 saylı Tibbi Sosial Ekspert Komissiyası 332169 nömrəli arayışdan görünür ki, 1966- cı il təvəllüdlü İddiaçı əlilliyin səbəbi: Xəstəlik Çernobl AES-də qəza ilə əlaqədar Hərbi Xidmət vəzifəsini yerinə yetirərkən, müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. - Tibbi Sosial Ekspertiza və X1 çıxarışdan görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Toksiki ensefalopatiya, toksiki polineyropatiya. Aşağı süst paraparezlə. Meyar: 2.2.İkinci dərəcə əlillik => Digər: Toksiki ensefalopatiya, toksiki. Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik. Təkrar Müddətsiz əlillik təyin olunmuşdur. - Tibbi Sosial Ekspertiza və X1 çıxarışdan görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Toksiki ensefalopatiya, toksiki polineyropatiya. Aşağı süst paraparezlə. Meyar: 2.2.İkinci dərəcə əlillik => Digər: Toksiki ensefalopatiya, toksiki. Səbəbi: Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar. 1 il müddətinə əlillik təyin olunmuşdur. - Tibbi Sosial Ekspertiza və X1 çıxarışdan görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Toksiki ensefalopatiya, toksiki polineyropatiya. Aşağı süst paraparezlə. Meyar: 2.2.İkinci dərəcə əlillik => Digər: Toksiki ensefalopatiya, toksiki. Səbəbi: Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar. Təkrar müddətsiz əlillik təyin olunmuşdur. - Pensiya alt sistemindən çıxarışdan görünür ki, iddaçıya xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək 1 il müddətində , xx.xx.1994-cü il və xx.xx.2014-cü il tarixdən müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 653 nömrəli qərarından görünür ki, Qəbələ RHK tərəfindən 1985-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı 1986-cı ildə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və xx.xx.1991-ci ildə Xəstələrin səbəbini və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert şurası tərəfindən təyin edilmiş xəstəlik-diaqnoz: “Kəskin ifadə olunmuş toksiki ensefalopatiya.Asteno-nevrotik vəziyyət” “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar Hərbi Xidmət Vəzifələrinin (Xidməti Vəzifələrin) İcrası zamanı alınmışdır”. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materiallarından görünür ki, cavabdeh orqan müvafiq pul məbləğinin geri tutulmasının mümkünlüyünü “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlamadan iddiaçıya xx.xx.2008-ci il tarixdən - xx.xx.2014-cü il tarixədək Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ödənilmiş təqaüddən 3890 manat vəsaitin tutulmasını həyata keçirmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İşin materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.1994-cü il tarixdə ikinci dərəcə müddətsiz əlillik təyin edilmiş, əlilliyin səbəbi - Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 653 nömrəli qərarı ilə müəyyən olunur ki, iddiaçıya qoyulmuş diaqnoz Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır. Buna görə iddiaçıya İİ qrup müharibə əlillərinə görə Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar təqaüd ödənilmişdir. Bununla belə, iddiaçıya müvafiq ödənişlərin edildiyi zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya müvafiq vəsaitin təyin edilməsi və ödənilməsi onun təqsiri üzündən baş verməmişdir. Buna görə də iddiaçı, inzibat icraat hüququnun müddəaları baxımından əmlak vəziyyətinin qorunmasına layiqdir. Belə ki, iddiaçı onlara ödənilmiş pul vəsaitini qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qala bilər ki, belə yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhvlərinin neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Cavabdeh orqan tərəfindən ödənilmiş vəsait geri tələb edilərkən iddiaçının həmin vəsaitlərin ödənilməsini nəzərdə tutan inzibati akta etimad hüququnun mövcudluğu nəzərə alınmamışdır. Nəzərə alınmalıdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması iddiaçının iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı verilən Prezident təqaüdündən tutulan 3890 manat pul məbləği qaytarılması və bundan sonra ona ödənilən Prezident təqaüddən həmin məbləğlə bağlı tutulmaların aparılmaması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1351/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1351/2023
19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver