Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1354/2022 28.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N və N saylı hərbi hissələrin Qubadlı və Zəngilan istiqamətlərində Vətən Müharibəsində iştirak etməsinə dair əmrdən çıxarışın arxiv arayışının verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N və N saylı hərbi hissələrin Qubadlı və Zəngilan istiqamətlərində Vətən Müharibəsində iştirak etməsinə dair əmrdən çıxarışın arxiv arayışının verilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı birinci Qarabağ Müharibəsi və Vətən Müharibəsi döyüşçüsüdür, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1993-xx.xx.1994-cü il tarixində Atəşkəs elan edilənədək kəşfiyyatçı kimi döyüş tapşırıqlarını yerinə yetirmişdir. İddiaçı 27 sentyabr 2020-ci il tarixində erməni işğalçılarının Azərbaycan ərazisinə hücumu zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əks hücumunda, Vətən müharibəsində təşkilatın nəzdində birinci Qarabağ müharibəsi iştirakçılarından əlil və veteranlardan ibarət 64 nələr qazilər bölüyü xx.xx.2020-ci il tarixdə Daşburun bölgəsində yerləşən N saylı hərbi hissədə N saylı əmrə əsasən rəsmi qeydiyyatdan keçərək adlı siyahılarına alınaraq xx.xx.2020-ci il tarixində saat 12:00-da Qubadlı Zəngilan istiqamətində döyüşən ordunun tərkibində döyüş tapşırıqlarının yerinə yetirmək üçün peşəkar döyüşçü və ərazi bələdçisi kimi xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissənin tərkibində N nəfər şəxsi heyətə 4 nəfər əlavə edərək 68 nəfər şəxsi heyətlə, bölük komandiri Tahir Məmmədovun rəhbərliyi ilə Qubadlı rayon istiqamətində Qafan Gorus dəniz səviyyəsində 3000 metr, hündürlük də X4, Qarağac və digər kəndlərində dağ silsiləsində ön cəbhədə döyüşlərə başlamışdır. xx.xx.2020-ci il tarixə qədər şəxsi heyətdən 30 nəfər müxtəlif xəstəliklərlə əzilmə və yaralanma ilə təxriyyə edilmişdir. 38 nəfər heyət ilə tam şəkildə ən ağır döyüş əməliyyatları və tapşırıqlarını layiqincə yerinə yetirmişdir. xx.xx.2020-ci il tarixində atəşkəs elan ediləndən sonra, ertəsi günü xx.xx.2020-ci il tarixində 38 nəfər şəxsi heyətlə birgə silah-sursatı təhlil verərək tərxis olunmuşdur. Halhazırda 68 nəfər şəxsi heyətdən 66 nəfəri tam şəkildə rəsmi əmrlə qeydiyyatdan keçmiş, 2 nəfər kəşfiyyatçı X2 və X1 yuxarıda göstərilən tarixlərdə əmrə salınmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli 11/3669 nömrəli “iddia ərizəsinin mümkünsüz sayılmasına dair” münasibət məktubunda qeyd etmişdir ki, əmrdən çıxarışı alması üçün əmr lazımdır, lakin iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görmək olar ki, iddiaçı özü etiraf edir ki, barəsində heç əmr olmayıb. Belə olan halda çıxarışın verilməsindən söz gedə bilməz. AR “İnzibati icraat haqqında” Qanununun (sənədlərin surətini rəsmi təsdiq etmək hüququ) 9-cu maddəsinə əsasən: “İnzibati orqan, özü və ya ona tabe olan orqan tərəfindən qəbul edilmiş inzibati aktların və ya digər sənədlərin surətini təsdiq edə bilər.” İddiaçı işində isə heç sənədin özü mövcud deyil ki, ondan arxiv arayışı verilsin. AR İPM-nin 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsalandırdığı hallarda iddia mümkün sayılır. Cavabdeh etiraz məktubunda iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra- “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, ərizə İPM-in 27 və 46-cı maddələrinin tələblərinə cavab vermir. Belə ki, Məcəllənin 27-ci maddəsində əsasən iddiaçı, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 46.1-ci maddəsinə görə iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Lakin iddiaçının ərizəsində qeyd olunan tələblərə riayət olunmamış, iddia ərizəsinin giriş hissəsində cavabdeh göstərilməmiş, xahiş etdi hissəsində əmrdən çıxarışın, arxiv arayışının verilməsi öhdəliyinin kimin üzərinə qoyulmasını tələb etdiyi öz əksini tapmamışdır. Həmçinin öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. Lakin, müraciət iddia qaldırılan tarixə qədər edilməli, imtina cavabı iddia ərizənin təqdim edildiyi xx.xx.2022-ci il tarixdən əvvələ aid olmalıdır. İddia ərizəsinə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya verilmiş imtina məktubu əlavə edilmədiyindən iddia qaldırılanadək cavabdehə iddiaçı tərəfindən inzibati qaydada müraciət edilib-edilmədiyi, cavabdehin iddiaçının müraciətinə münasibəti iş materialları ilə müəyyən olunmur. Yardım məktubunda iddiaçıya göstərilən çatışmazlığın aradan qaldırılaraq iddia qaldırılanadək cavabdehə müraciət etməsini təsdiq edən sənədi və ya cavabdehin imtinasını məhkəməyə təqdim etməsi təklif olunmuşdur. Yardım məktubu alındıqdan sonra iddiaçı dəqiqləşdirilmiş iddia ərizəni məhkəməyə təqdim etmiş və ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyini qeyd etmişdir. İddiaçı ərizəsinə ona məxsus hərbi biletinin və digər sənədlərin surətini əlavə etsə də, cavabdehə müraciət etdiyi təsdiq edən müvafiq sənədi və ya cavabdehin imtina məktubunu məhkəməyə təqdim etməmişdir. İddiaçıya təkrar məhkəmənin yardım məktubu ünvanlanmışdır. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, “öhdəliyin icrası haqqında” iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iddianın “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğu görünsə də, iddiaçı tərəfindən cavabdehə müraciət edilmədiyindən iş materiallarına müvafiq imtina məktubu əlavə olunmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddia öhdəliyin icrası haqqında iddia növünə aid olmasına baxmayaraq müvafiq imtina məktubu iş materiallarına əlavə edilmədiyi müəyyən olunmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N və N saylı hərbi hissələrin Qubadlı və Zəngilan istiqamətlərində Vətən Müharibəsində iştirak etməsinə dair əmrdən çıxarışın arxiv arayışının verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1354/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1354/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver